AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bəzi institutlarında kadr və struktur dəyişikliyi aparılıb.

 APA-nın xəbərinə görə, Akademiyanın Rəyasət Heyətinin iclasında Zoologiya İnstitutunun strukturunda qismən dəyişiklik olunması haqda qərar qəbul edilib.
 
Rəyasət Heyətinin digər qərarına əsasən, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva Memarlıq və İncəsənət İnstitutunun direktor müavini vəzifəsindən azad olunub. Müvafiq qərarla sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini və sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Kərimli Memarlıq və İncəsənət İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.
 
İclasda filologiya üzrə elmlər doktoru Lalə Əhmədovanın AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işlər üzrə direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Samirə Qaramollayevanın AMEA-nın Hüquq və İnsan Haqları  İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini və fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənovanın AMEA-nın Fəlsəfə İnstitutunun elmi katibi vəzifələrinə təyin edilmələri barədə qərar verilib.
 
İclasda AMEA-nın İctimai Elmlər Bölməsi Bürosunun yeni tərkibi və Qafqazşünaslıq İnstitutunun yeni elmi şurasının tərkibi təsdiqlənib.

AMEA Rəyasət Heyətinin bugünkü iclasında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” nın akademiyada icrası ilə bağlı məsələyə baxılıb.

 APA-nın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda AMEA-ya tapşırılmış işlərin icrasının təmin edilməsi üçün Tədbirlər Planı hazırlanıb.
 
Məsələ müzakirə olunduqdan sonra Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. 
 
AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə Dövlət Proqramının icrası ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan işlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə tapşırıqlar verilib.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni, 7-ci nəşri hazırlanacaq. APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

 AMEA-nın vitse – prezidenti, akademik İsa Həbibbəyli yeni orfoqrafiya lüğətinin nəşri ilə bağlı AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi altında komissiyasının yaradılması və komissiyanın tərkibinə Təhsil, Mədəniyyət və Turizm nazirlikləri,Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, Mətbuat Şurası, Terminologiya Komissiyasının nümayəndələrinin daxil edilməsini təklif edib.

 İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutuna 1 ay müddətində aidiyyəti qurumlarla birgə orfoqrafiya lüğətinin qayda-prinsiplərini hazırlayıb Təşkilat Komitəsinin müzakirəsinə təqdim etmək və 2018-ci ilin may ayına kimi yeni lüğətin hazırlanmasını təmin etmək tapşırılıb.

 Qeyd edək ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən də orfoqrafiya lüğəti hazırlanaraq çapa verilib.

 

0.055132865905762