Baş Konsulluqdan erməni lobbisinin təzyiqlərinə məruz qalan həmyerlimizlə bağlı AÇIQLAMA

 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Los-Anceles Şerif Departamentinin əməkdaşı Fəxri Mirzəquliyevin iddialarına münasibət bildirib.

Konsulluqdan bildirilib ki, Los-Anceles Şerif Departamentinin əməkdaşı Fəxri Mirzəquliyevin öz “Facebook” hesabında yerləşdirdiyi postla tanış olublar:

“İlk növbədə, erməni lobbisi tərəfindən F.Mirzəquliyevə edilən təzyiqləri şiddətlə qınadığımızı bildiririk. Bununla bağlı, artıq Baş Konsulluq Şerif Departamentinə müraciət edərək, F.Mirzəquliyevə qarşı erməni lobbisinin apardığı məkrli və irqçi kampaniyanın rədd edilməsini və onun hüquqlarının tam şəkildə müdafiə olunmasını tələb edib.

Bundan başqa, vətəndaşımıza qarşı bu irqi ayrı-seçkiliyin qınanılması və lazımi tədbirlərin görülməsi üçün müvafiq insan haqları təşkilatlarına da tərəfimizdən müraciət hazırlanmaqdadır”.

“Eyni zamanda, bildiririk ki, F.Mirzəquliyev məsələ ilə bağlı Baş Konsulluqla nə yazılı, nə də şifahi şəkildə əlaqə saxlayıb. Baş Konsulluq məsələ ilə bağlı yalnız onun “Facebook” postundan və üçüncü mənbələrdən xəbər tutub.

Bildiririk ki, Baş Konsulluq daim Azərbaycan icmasının yanındadır və həmişə olduğu kimi, indi də hər bir məsələdə öz səlahiyyətləri çərçivəsində yardım göstərməyə hazırdır. 

Lazım olan dəstəyin aydınlaşdırılması və vətəndaşımıza qarşı törədilən bu haqsızlığın qarşısının alınması üçün F.Mirzəquliyevin Baş Konsulluqla mümkün qədər qısa zamanda əlaqə saxlamasını xahiş edirik (+13104449101, +13104474616). 

Ümumiyyətlə, vətəndaşlarımızın hər hansı problem ilə üzləşdiyi halda Baş Konsulluqla birbaşa əlaqə saxlamaları vacibdir. 

Qarabağda müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad edərkən, arxa cəbhənin əsgərləri olaraq, yarım milyonluq erməni icmasının yaşadığı Los-Anceles kimi mürəkkəb bir yerdə, hər gün radikal erməni lobbisinin birbaşa hədə, təhdid və təzyiqləri ilə üzləşən Baş Konsulluq, dörd diplomatdan ibarət kiçik bir heyətlə gecə-gündüz çalışaraq, Qarabağ həqiqətlərini ABŞ ictimaiyyətinə çatdırmaqdadır. 

Bu səpkidə indi bu ümummilli məsələdə bir-birimizə dəstək olmanın və birliyin həmişəkindən daha vacib olduğunu qeyd edərək, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər barədə yerli ictimaiyyəti məlumatlandıran hər bir icma üzvümüzə də təşəkkür edirik. 

Biz yalnız birlikdə güclüyük!”, - deyə məlumatda qeyd edilib.

1.6229109764099