"Lotu Quli"nin yaxın adamının vəsatətləri təmin edilməyib

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə M.Namazovun vəkili vəsatət qaldırıb.

O bildirib ki, müvəkkili saxlanılarkən ona 5 saylı Hüquq Məsləhətxanasının vəkillərinin siyahısı təqdim edilib: "Guya Məhəbbət Namazov vəkil Oqtay Əliyevin onu müdafiə etməsini istəyib. Lakin müvəkkilim həmin vəkili istəmədiyini bildirir. Xahiş edirəm ki, vəkil Oqtay Əliyev əlavə şahid qismində məhkəmədə ifadə versin. Bundan başqa, cinayət işini aparan müstəntiqin də məhkəmədə dindirilməsini tələb edirik".

Məhkəmə vəsatəti təmin etməyib.

Vəkil daha bir vəsatət qaldırıb. O, xəttşünaslıq ekspertizasının keçirilməsini tələb edib.

Lakin vəsatət təmin olunmayıb.

Məhkəmə M.Namazova sərbəst ifadə vermək təklif edib. O, hazır olmadığını deyib.

Məhkəmənin növbəti iclası noyabrın 8-nə təyin edilib.

İttiham aktına əsasən, M.Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Daha sonra M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb. O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, “Lotu Quli” ötən gün 8 saylı cəzaçəkmə müəssəsindən azadlığa buraxılıb.

0.33760786056519