İranın ölkəmizə "məhəbbət"inin sirri açılır

İranın ölkəmizə
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 35 milyon soydaşımızın iradəsini zorlayan molla rejiminin maskası düşdü

 Azərbaycan müstəqil dövlət kimi təşəkkül tapandan bəri İranın molla rejimi çox narahatdır. Hətta Azərbaycanın inkişafından o qədər qorxur ki, əlinə fürsət düşən kimi dövlətimizin əleyhinə çalışır. Bu günlərdə İran sərhəddini havada 2 kilometr keçən Azərbaycanın 2 PUA-sı molla rejimi tərəfindən dərhal vuruldu!

Ermənistana qurudan və havadan hərbi yük və muzdlu terroristlər daşınmasına imkan verən İranın Azərbaycana qarşı düşmən münasibət bəsləməsinin əsas səbəbinin 2 əsrdir işğal etdiyi Azərbaycan əraziləri olduğunu hər kəs yaxşı bilir. 30 ildir Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyon müsəlmanı doğma yurdundan didərgin salıb, işğal olunmuş müsəlman ərazilərində məscidləri donuz fermasına çevirib, donuzları məsciddə saxlayaraq, islam dinini təhqir edir.  Ermənilərin bu insanlığa zidd hərəkətlərinə qarşı ciddi tədbirlər görməli olan İranın molla rejimi isə islam düşmənlərinə hələ də humanitar, hərbi yardım edir. Ermənistan Azərbaycana qarşı düşmənçiliyi dərinləşdirdikcə İran Ermənistanla daha sıx əlaqə yaradır, ermənilərlə farsların eyni kökdən ibarət millət olduğunu dilə gətirib dostluq münasibətini bir qədər də dərinləşdirir. İran dövlət rəhbərləri özlərini müsəlman saysalar da, ermənilərin müəsəlmançılığa sığmayan cinayətlərinə susurlar. Hətta İranın dövlət xadimləri ermənilərlə farsların eyni kökə malik olduğunu heç nədən çəkinmədən vurğulayaraq, Ermənistana yardım edir, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasına maneə törədir.

İranın, guya milliyyətcə türk olduğu iddia olunan, dini lideri Seyyid Əli Hüseyni Xamenei ermənilərin müsəlman xalqına qarşı etdikləri vəhşiliyi gözardı edərək, "Ermənistana kömək etməsəydik, Azərbaycan Qarabağda qalib gələcəkdi" ifadəsini dilinə gətirməsi Azərbaycana qarşı düşmənçilik edən İran yönətiminin əsl simasını nümayiş etdirir.

İran molla rejiminin Ermənistanın yanında yer almasının və dindaşı müsəlmanlara qarşı ermənilərin törətdiyi vandalizmə, vəhşiliyə baxmayaraq, onlarla dostluq etməsinin səbəbilə yaxından tanış olanlar, ilk növbədə, bunun Azərbaycanın güclənib İranın işğal etdiyi geniş Azərbaycan ərazilərini geri alacağından, insan azadlıq və hüququndan tam məhrum edilmiş, dili, mədəniyyəti əlindən alınmış 35 milyon Azərbaycan türkünün fars əsarətindən azad olunacağından qorxması ilə izah etmələri təsadüfi deyil.

Qırx ildən çoxdur İranı əlinə keçirmiş avtoritar molla rejimi Azərbaycanın müstəqil güclü dövlətə çevrilməsinə qarşı hər vasitə ilə mübarizə aparır. İran tərəfindən yaradılmış müxtəlif dini terrorçu qrupların vasitəsilə Azərbaycanın şəhər və kəndlərində həyata keçirilmiş terror aktlarını heç kim unutmayıb. Nardaranda, İsmayıllıda, Qubada, Gəncədə və ölkəmizin digər yerlərində təşkil olunmuş iğtişaşlar və terror aktları dediklərimə əyani sübutdur.

İran rəhbərliyi Ermənistan kimi cinayətkar rejimi müdafiə edərkən, Qərbin İrana qarşı hücum etdiyi zaman Azərbaycan İran dövlətini və xalqını cəsarətlə müdafiə etdiyini unutmamalıdırlar. Hazırda ABŞ və Qərb ölkələrinin embarqo və sanksiyaları ilə üzləşən İran dövlətinin rəhbərlərinin Sorosun məhsulu olan Ermənistanın baş naziri N. Paşinyanın qərbpərəst olduğunu unudaraq, ona can-başla xidmət etmələrinin bədəlini yaxın gələcəkdə çox ağır şəkildə ödəyəcəklərini göz altına alsalar, daha yaxşı olar.

Müzəffər Azərbaycan Ordusunun Ali Baş komandanı İlham Əliyevin bir əmrilə Ermənistanın beynəlxalq hüquqa və normalara sığmayan hərəkətlərinə son qoyaraq, 30 ildir ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarından hərbi yolla çıxarması dost ölkə olaraq, İranı sevindirmir. Əksinə, İran rəhbərliyi açıq şəkildə terrorist, faşist və cinayətkar Ermənistanın tərəfini tutur və Ermənistana yardım göstərir. N. Paşinyan-Rusiya müttəfiqimiz, İran dostumuz, Azərbaycan isə düşmənimizdir- ifadəsini təsadüfən işlətmir. Paşinyanın bu düşmən ifadəsində İran dövlətinin Azərbaycan dövlətinə qarşı tutduğu xətt, münasibət əsl həqiqəti ehtiva edir.

Güman edirəm ki, İran rəhbərliyi Ermənistana yardım etməklə, Azərbaycana qarşı tutduğu səhv siyasətdən əl çəkib, dini və milli bağları olan ölkəmizlə dostluq əlaqələrini daha da dərinləşdirmək və möhkəmləndirmək barədə düşünsə, daha çox qazanc əldə edə bilər.

0.046873092651367