Ermənistan intihara can atır

Ermənistan intihara can atır
 

Azərbaycan bu məqamdan istifadə etməlidir

 Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Azərbaycan Prezidenti cənab İlham Əliyev bu günlərdə ölkə televiziyalarının jurnalistlərinin suallarını cavablandırması və bu müsahibənin dünyada və ölkədə böyük əks-sədaya səbəb olduğu hər kəsə məlumdur. O da məlumdur ki, cənab Prezidentin müsahibədə Ermənistanın baş naziri N. Paşinyan barədə söylədiyi sərt fikirlər Ermənistanda fırtına effekti yaradıb. Ermənistanın hazırladığı gizli planların cənab Prezident tərəfindən üstünün açılması N. Paşinyanın dostlarını da çox məyyus edib. Çünki cənab Prezident Rusiya, Fransa tərəfindən gizli şəkildə silahlandırılaraq, Azərbaycanla müharibəyə  hazırlaşan Ermənistanın bütün planlarını müsahibədə darmadağın edərək, baş naziri N. Paşinyanın arxasında dayanan mənfur qüvvələrə arxalanıb özünü ağlını itirmiş adam kimi çox dəcəl və ləyaqətsiz apardığını, nəticədə özünün pis vəziyyətə düşəcəyini xüsusi olaraq vurğuladı: “N. Paşinyan “Qarabağ Ermənistandır”- deyib, bütün beynəlxalq hüquq norma və prinsiplərini pozursa, biz niyə həmin beynəlxalq hüquq normalarını pozmamalıyıq,”- deyən ölkə Prezidentinin Ermənistanın ünvanına od püskürməsi heç də təsadüfi deyil!

ATƏT-in Monsk Qrupu isə ağzına su alıb dayanmasını, erməni dığasının beynəlxalq norma və prinsiplərə zidd, yanlış hərəkətlərinə qiymət vermək əvəzinə, fəaliyyətsiz olması haqlı hiddət və qəzəb yaradır! İndi nədənsə, Qarabağ və işğal altında olan torpaqların azad olunması barədə Minsk Qrupunu 27 ildir oxuduğu “sülh” nəğməsi daha eşidilmir. Erməni təcavüzünün ardı-arası isə kəsilmir. Cəbhədə bir-birinin ardınca erməni silahlı qüvvələrin törəddikləri təxribatlar nəticəsində şəhidlər veririk. Hadisələrin bu cür davam etməsi xalqı çox narahat edir və hər kəsdə müharibə əhval-ruhiyyəsini yüksəkdir.

Ermənistanın həddini aşıb, ərazilərimizə ardıcıl basqın etməsinin bir neçə səbəbi olduğunu hər kəs bilir. Bu səbəblərdən biri də son zamanlar Azərbaycanla Türkiyə arasında dostluq münasibətlərinin getdikcə dərinləşməsidir. Bu da tək Ermənistanın yox, eyni zamanda, türk düşmənçiliyini genişləndirməklə dünyada tanınan Rusiyaya, Fransaya, Yunanıstana da pis təsir edir. Hazırda Suriya, Liviya və Şərqi Aralıq dənizi uğrunda müharibədə və mübarizədə Türkiyəyə uduzan Rusiya, Fransa və Yunanıstan Türkiyənin yenilməz qüvvəsini parçalamaq məqəsədilə Azərbaycanı Türkiyə ilə birləşdirən neft-qaz kəmərləri və dəmir yolu keçən Tovuz ərazisinə nəzarəti ələ keçirmək üçün Ermənistan hərbi quldur birləşmələrinin gücündən istifadə edirlər. Rusiya 2 aya yaxındır ki, İl-76 ağır yük təyyarəsilə Ermənistana silah-sursat daşıyır və Ermənistanı Azərbaycanın yeni ərazilərini işğal etməyə hazırlayır. Yəni Ermənistan Azərbaycan ərazilərinin 20 faizini 27 ildir işğal etməsinə baxmayaraq, torpaqları azad etmək yerinə yeni ərazilərimizi işğal etməyə cəhd etməsini, bilavasitə Rusiyanın və yuxarıda qeyd etdiyim digər ermənipərəst dövlətlərin təhriki ilə girişdiyi Türkiyəyə də, Azərbaycana da yaxşı bəllidir.

Ermənilərin 12-16 iyulda Tovuz istiqamətində sərhəddimizdə törətdiyi təxribatdan sonra Azərbaycan ordusu ilə qardaş Türkiyə ordusunun ölkəmizdə birgə təlimlər keçməsi, Türkiyə rəhbərliyinin Ermənistanın Azərbaycana qarşı təcavüzkar hərəkətlərinə kəskin reaksiya verməsi türkün düşmənlərinin fəallaşmasına səbəb olduğu aydın şəkildə müşahidə olunur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistan rəhbərliyini ciddi xəbərdar etməsi təsadüfi deyil. Ermənistan və onun müttəfiqləri Ermənistanı hazırlaşdırdıqları müharibənin hansı nəticələr verəcəyini və bu nəticənin onlar üçün üzücü olacağını ətraflı xatırladıb.

Ermənistan və onu Azərbaycanla müharibəyə təşviq edib, alova atan müttəfiqləri yaxşı bilirlər ki, nə Azərbaycan, nə də onun qüdrətli Ordusu 90-cı illərin Dövləti və Ordusu deyil! İndi Azərbaycan Ordusu Qafqazın ən güclü və qüdrətli Ordusudur! Üstəgəl, qardaş Türkiyədən, Pakistandan, İsraildən və digər dövlətlərdən alınmış ən müasir döyüş texnikasına malik olan Azərbaycan Ordusu Ermənistan terroristlərini qısa müddətdə torpaqlarımızdan qovmağa qadir Ordudur!..

0.016396999359131