Problemlər çox olsa da...

Problemlər çox olsa da...
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

Vəziyyətdən çıxış yolu var

 Azərbaycan hakimiyyəti hazırda hər tərəfdən, hətta daxildən də çarpaz təzyiqə məruz qalır. Beynəlxalq güc mərkəzlərinin, xüsusən ATƏT-in Minsk Qrupunun Ermənistan tərəfindən işğal olunmiş Azərbaycan torpaqlarının azad olunması istiqamətində fəaliyyətsizliyi daxildə hakimiyyəti böhranla üzləşdirir. Ölkə daxilində hakimiyyətə artan etimadsızlığın gücləndiyi hər gün aydın hiss olunur. Xalq ölkə Prezidentinə göstərdiyi yüksək etimadı hakimiyyətin digər qollarına göstərmir. Sosial Tədqiqatlar Mərkəzinin son açıqlaması da qeyd etdiyim faktları təsdiq edir.

Prezident tərəfindən həyata keçirilən kadr dəyişiklikləri nəticəsində kürsülərini itirmiş və bundan sonra vəzifəsini itirmə ehtimalı yüksək olan şəxslərin ölkə daxilində sabitliyi pozmağa can atdıqları çoxdan müşahidə olunur.

Azərbaycanda hakimiyyətin güclənməsini istəməyən və hakimiyyəti dəyişib, ölkə Prezidentinin yerinə sadiq nökərini gətirməyə çalışan xarici düşmən dövlətlər, xüsusən Rusiya və İran ölkə daxilində hakimiyyətdə, müxalifətdə və gizlin yerləşdirdiyi «5-ci kalonu» hərəkətə gətirir. Bu proses ölkənin bütün sahələrində və strukturlarında özünü biruzə verir. COVİD-19 pandemiyasının ölkədə yaratdığı siyasi, iqtisadi, mənəvi-psixoloji, humanitar böhrandan sui-istifadə hallarının çoxalması, məhz bu mənfur qüvvələrin təhdidləri və sobatajı nəticəsində dərinləşir.

Hakimiyyətin xarici və daxili problemlərlə daha ciddi şəkildə üzləşməsinin əsas səbəbini Türkiyə ilə Azərbaycan arasında son zamanlar baş verən yaxınlaşmanın getdikcə daha aydın şəkildə  təzahür etməsilə bağlayanlar səhv etmir. Rusiya və Azərbaycanı daim basqı altında saxlamağa çalışan, Ermənistana dəstək verən düşmən dövlətlər Türkiyə ilə Azərbaycan arasında yaxınlaşmanı özlərinin faciələri kimi dəyərləndirir. Buna görə də həmin dövlətlər Azərbaycanın daxili sabitliyini pozmaq üçün bütün vasitələrə əl atmaqdan çəkinmirlər. Bu cür çirkin məqsədlərinə çatmaq naminə, hətta onlar hakimiyyətlə müxalifət arasında normal münasibətin formalaşmasına imkan vermək istəmirlər, iki daxili güc arasında düşmən münasibətin qorunub saxlanmasına və dərinləşməsinə maraqlıdırlar. Azərbaycanda heç zaman güclü hakimiyyətin formalaşmasını istəməyən sümürgəçi dövlətlər ölkə Prezidenti İlham Əliyevin xalq arasında və beynəlxalq aləmdə güclü nüfuza malik olmasından bərk narahatdırlar.

Hər dəfə qeyd etdiyim kimi, hakimiyyət daxilinə soxulmuş, rüşvət və korrupsiya kimi, dövləti içindən məhv edən, xalqı dövlətdən və hakimiyyətdən narazı salan iyrənc əməllərini genişləndirən məmurların dağıdıcı fəaliyyətinin mənfi təsirlərini təkrar qeyd etməyi vacib hesab edirəm. Düşmənlər, xüsusən Rusiya tərəfindən dəstək alan mənfi yüklü yüksək vəzifəli şəxslər Azərbaycan hakimiyyətinin xalqın gözündən düşməsinə daha yaxşı "xidmət" edirlər - qanunları istədikləri kimi pozurlar, rüşvətxorluğu və korrupsiyanı dərinləşdirir, ölkədə pandemiyaya qarşı mübarizəni gücləndirmək istiqamətində tətbiq olunan karantin rejimini pozaraq, toy, yas mərasimləri, şənliklər təşkil edirlər və barələrində qanun çərçivəsində ölçü götürüləndə isə həyasızcasına müqavimət göstərməyə təşəbbüs edirlər.

Qeyd etdiyim və etmədiyim mövcud mənfi hallara baxmayaraq, Azərbaycan hökuməti, ölkə Prezidenti daxili və xarici siyasətdə müəyyən etdiyi yenilənmə kursunu davam etdirməli, xüsusən bütün sahələrdə qardaş Türkiyə ilə daha da yaxın münasibət qurmaq istiqamətində fəaliyyətini gücləndirməlidir. Bi işi gecikdirmək qətiyyən olmaz və işi bir qədər də sürətləndirib, erməni işğalında olan torpaqlarımızı hərbi yolla azad etmək və bu yolla dövlətimizin müstəqilliyini möhkəmləndirmək lazımdır.

Ölkəmizdə daxili sabitliyin qorunması və möhkəmləndirilməsinin də qardaş Türkiyə ilə yaxınlaşma nəticəsində təmin ediləcəyi heç kimdə şübhə doğurmur. Çünki Türkiyə ilə yaxın olduğumuz halda, rusiyapərəst qüvvələr hakimiyyətdaxili gücünü itirəcək və ölkəmizin daxili və xarici siyasətinə təsir etmək imkanından məhrum olacaq. Yəni, bundan sonra ölkəmiz Rusiya ilə səmimi qonşuluq və dostluq münasibətini saxlamaqla seçdiyi demokratik yolla inkişaf etmək imkanı qazanacaq.

Yekun olaraq, bir daha bildirirəm ki, Azərbaycanın dönməz demokratik inkişafı qardaş Türkiyə ilə birgə addımlamaqdan keçir. Bu nəticə əldə edilənədək, ölkəmiz dünya okeanında yelkənsiz qayıq kimi, əsən rüzgarın təsirilə istiqaməti bəlli olmayan təhlükəli istiqamətlərdə üzməyə davam edəcək.

0.062705993652344