"Ramiz Mehdiyevin fəaliyyəti antimilli xarakter daşıyır" - İlham İsmayılov

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy mərasimi təşkil etməsi hələ də gündəmdən düşmür. Hər keçən gün toydan yeni kadrlar paylaşılır, toyda iştirak edən tanınmış və vəzifəli şəxslər məlum olur. Cəmiyyətin bu mövzuya bu qədər həssas yanaşması təbii ki, səbəbsiz deyil. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmaylovla mövzu ətrafında söhbət etdik.

- İlham müəllim, artıq neçə gündür ki, Ramiz Mehdiyevin nəvəsinin tor məsələsi dündəmdən düşmür. Siz də açıqlama vermişdiniz bu məsələ ilə bağlı. Sizcə bu məsələnin bu qədər davam etməsi necə izah oluna bilər?

- Doğrudur, bir neçə gün öncə mən də bu məsələyə münasibət bildirmişəm. Bilirsiniz, dünyanın pandemiya ilə mübarizə apardığı bir dönəmdə mart ayından başlayaraq ölkəmizdə də bu istiqamətdə ciddi tədbirlər görülüb, sərt karantin tədbirləri nəticəsində yoluxmanın qarşısının alınmasına çalışılır. Bəzi məsuliyyətsiz davranan insanlar olsa da, ümumilikdə hamı çalışır ki, karantin rejiminin tələblərinə əməl etsin. Artıq beş aydır ki, bəzi iş yerləri qapalıdı, insanlarımız əziyyət çəkir, bəzi günlük çalışan insanlar iş yerlərini itiriblər. Lakin buna baxmayaraq, hamı anlayır ki, bu bəladan xilas olmağın hələ ki, ən münasib yolu karantin qaydalarına əməl etməkdir.

Toylar və yas yerləri insanların ən çox kütləvi şəkildə toplandığı yerlərdir. Neçə aydır evlənəcək cütlüklər karantin rejiminin bitməsini səbrsizliklə gözləyir. Lakin belə bir vaxtda dövlətdə yüksək vəzifə tutmuş hansısa şəxsin öz yaxın adamına toy mərasimi təşkil etməsi, ölkə qanunlarına hörmətsizlik olmaqla yanaşı, həm də xalqa yuxarıdan aşağı baxmaqdır. Cəmiyyətdə bu gün başadüşülən aqressiya, psixoloji gərginlik var. Kimsənin bu aqressiyanı daha da sürətləndirib, ölkədə narazılıq yaratmağa haqqı yoxdur. Hətta akademik Ramiz Mehdiyevin də. Məhz buna görə də bu məsələ ictimayyət nümayəndələri arasında çox ciddi şəkildə müzakirə olundu, ciddi təpki gördü. Qanun hamı üçün qanundur. Ölkə başçısı özünü xalqın xidmətçisi adlandırdığı bir yerdə, kimsənin xalqa bu cür sayğısızlığı yolverilməzdir.

Siz də bilirsiniz ki, burada məsələ sadəcə toy mərasimi deyil. Ramiz Mehdiyev uzun illər ölkədə çox yüksək və ciddi vəzifə tutub. Onun keçmiş fəaliyyətinə münasibət da var hər halda işin içərisində.

-Sözsüz ki, Ramiz Mehdiyevin uzun illər Prezident Adminstrasiyasının rəhbəri olaraq fəaliyyəti də hər bir şəxsin yadındadır. Şəxsən mənə görə onun fəaliyyəti daha çox anti-milli xarakter daşıyıb. Milli adamlar çox vaxt onun yaratmış olduğu konfliktlərin girdabında ilişib qalıb, çətinlik çəkiblər. Mən bu cür hallarla qatıldığım üç parlament seçkiləri zamanı əyani olaraq qarşılaşmışam. Hər iki parlament seçkilərində qazandığımız qələbəni Ramiz Mehdiyev həzm edə bilməyib, hər dəfə də dövlətin adından istifadə edərək, bizi geri çəkilməyə məcbur edib. Lakin məsələ yalnız biz deyilik. Seçki dairələrinin çoxunda belə hallar yaradaraq, həmişə çalışırdı ki, beynəlxalq təşkilatlar seçki ilə bağlı Azərbaycandan narazı qalsın. Faktlarla danışsaq daha yaxşı olar. 2001-ci ildə parlament seçkilərində mən də seçkilərə qatılmışdım.58 saylı Hacıqabul-Salyan seçki dairəsindən ən şanslı namizəd idim. O vaxt icra başçısı Ramiz Mehdiyevlə görüşəndə mənim haqqımda məlumat verib ki, ən real namizəddir və seçicilər də bu şəxsi müdafiə edirlər. Ramiz Mehdiyev məni və mənim kimi milli adamların parlamentə düşməməsi üçün hətta təkrar seçkidə namizədlərin qeydiyyata alınması vaxtını belə bir həftə uzatdırdı və həmin dairələrə özünün bildiyi adamları gətirdi. Yəni dediyim odur ki, Ramiz Mehdiyevin apardığı siyasət həmişə milli maraqlarımızdan uzaq olub, bu gün də davam etdirməkdədir.

Ramiz Mehdiyev bu gün də yüksək vəzifə tutur. Milli Elmlər Akademiyasının prezidentidir. Ayrıca təhlükəsizlik şurasında təmsil olunur.   

- Bəli, Ramiz Mehdiyev bu gün minlərlə ziyalının, alimin cəmləşdiyi bir quruma rəhbərlik edir. Əvvəllər də Akademiya onun kurasiyasında idi. Bir çox hallarda alimlərimiz haqsızlıqlarla da üzləşirdi.Ümid etmək istəyirəm ki, bu qurum konflikt yuvası olmayacaq və Akademiyada olan əsl milli ziyalılarımıza qarşı aqressiv mövqe tutmayacaq. Lakin bu gün Ramiz Mehdiyevin sərgilədiyi mövqeyə baxarkən görürük ki, o karantin qaydalarını pozduğuna görə xalqdan üzr istəmək, səhvini boynuna almaq əvəzinə, bu işə münasibət bildirən ziyalıları, jurnalistləri hədələyir, onları məhkəmələrlə qorxudur. Hesab edirəm ki, əslində qaydaları pozduğuna görə əsl məhkəmə həm də onun özü üçün olmalıdır. Çünki, bu şəxsin dövlətdə yüksək vəzifə tutması, elmi titullarının olması onu nə mənəvi məsuliyyətdən, nə də ki, hüquqi məsuliyyətdən yayındırmır. Hamı kimliyindən asılı olmayaraq qanun qarşısında bərabərdir və məsuliyyətdən də yaxa qurtara bilməz. Ölkə qanunları hamı üçündür və onu pozanlar da layiqli cəzalarını almalıdırlar.

  • Paralel.az
0.016194105148315