Hərənin öz istəyi...

Hərənin öz istəyi...
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

Məmur Rusiya, xalq Türkiyə ilə birlik istəyir

 Azərbaycanın hazırkı durumu həddindən çox gərgindir. Bu gərginliyi yaradan bir neçə amil mövcuddur. Ölkəmiz Rusiya ilə Türkiyə arasında konkret seçim etməkdə  hələ də çətinlik çəkir. Seçim çətiniyini yaradan Rusiyadan çox hakimiyyətimizin özüdür, çünki hakimiyyət “sarsılmaz” dayaqlarını zamanında regionda ağalıq edən, məhz Rusiyaya bərkidib. İndi bu dayaqdan nə özü imtina edə bilir, nə də Rusiya əl çəkir. O cümlədən, Qərbə inteqrasiya etmək məsələsində də eyni problemləri yaşamaq zorundadır iqtidar.

Otuz ildən çoxdur müstəqillik qazanmış Azərbaycanı öz təsir dairəsində saxlayıb sümürən Rusiya Ermənistanın ərazilərimizi işğal etməsi taktından istifadə edərək, timsah antilopdan yapışıb parçalayan kimi, elə bərk yapşışb ki, Azərbaycanı Rusiyanın caynağından heç ABŞ, Qərb, NATO da xilas edə bilmir. Qardaş Türkiyə də Azərbaycanı Rusiyanın dişindən xilas etməkdə hələ aciz görünür. Bu acizliyin kökü ölkə hakimiyyətinin özünü qorumaq üçün Rusiyadan asılı vəziyyətdə qalmağa məcbur etməsidir ki, indi nə qədər cəhd etsə də, bu asılılıqdan qurtula bilmir. Torpaqların 20 faizi Rusiyanın köməyi və iştirakı ilə Azərbaycandan bir neçə dəfə zəif olan Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və köçkün salınıb, ölkə hakimiyyətinin mühüm postları Rusiyanın nökərlərinə verilib, milli sərvətlərimiz müxtəlif adlar altında Rusiyaya daşınır. Yəni Azərbaycanın real vəziyyəti bu qədər çox çətindir, 30 ildir davam edən bu ağır durumu dəyişmək istiqamətində hakimiyyət müəyyən vaxtlarda, xeyli çabalar göstərsə də, hələlik bu cəhdlərin heç bir müsbət nəticəsi yoxdur.

Ermənistanın Tovuz rayonu istiqamətində iyulun 12-16-da törətdiyi hərbi təcavüzə münasibət də göstərdi ki, Rusiya Ermənistana münasibətini zərrə qədər dəyişmək, Azərbaycanın haqq işini müdafiə etmək barədə düşünmür. Əksinə, lazım gəlsə, Ermənistanda yerləşdirdiyi hərbi bazasındakı 102-ci ordunun gücündən Azərbaycana qarşı istifadə etməyə hər zaman hazırdır...

Rusiya yalnız Azərbaycan torpaqlarını Ermənistan vasitəsilə işğal etməklə, hakimiyyəti ardıcıl təzyiqlərlə tam nəzarətinə götürməklə, sərvətlərimizi müxtəlif ad altında mənimsəməklə, başımızın üstünü kəsib, ağalıq etməklə kifayətlənməyib, həm də cəmiyyətimizi də parçalayıb, işğal edərək, ictimai rəydə üstünlüyünü burada da saxlamağa nail olub. Yəqin, bilirsiniz, hakimiyyətin yüksək vəzifə kürsüsündə əyləşib, Azərbaycandan daha çox Rusiyanın mənafeyini qoruyan zahidoruclardan ibarət olan çox sayda məmurlarınTürkiyə Ordusunun Azərbaycanda hərbçilərimizlə bərabər hərbi təlimlərdə iştirak etməsini Rusiya ilə münasibətləri korlayacağı barədə səsləndirdiyi fikir xalqı elə hiddətləndirib ki, bu qəzəb hələ də səngiməyib.

Diqqət edin, Rusiya Dumasının deputatı, LDP-nin sədri Jirinovski Dumanın tribunasından uca səslə və pafosla qeyd edir ki, xristian ölkəsi olan Gürcüstanda, hətta Rusiyanın for-postu və strateji tərəfdaşı olan Ermənistanda bir rus məktəbi belə olmadığı halda, Azərbaycanda 400-ə  yaxın rus məktəbi var! Və hökumətimiz də bundan məyus olmaq, utanmaq əvəzinə, bu rüsvayçı, dözülməz hala “fəxr” edir!

Bu fakt bir daha sübut edir ki, Rusiya Azərbaycanı müstəqil bir dövlət kimi yox, özünün ucqar əyaləti kimi, istismar edir! Beləliklə, nə dövlətimizin müstəqil inkişafına, nə də xalqımızın azad və firavan yaşamasına imkan vermir!...

Bu məqamda yenə qayıdıram qardaş Türkiyə Ordusunun Azərbaycanda keçirdiyi birgə hərbi təlimlərə və bu təlimlərin ölkəmiz üçün kəsb etdiyi çox böyük əhəmiyyətin üzərinə. Bu hərbi təlimlər ilk növbədə, özlərini regionun ağası kimi aparan Rusiya-Ermənistan hərbi ittifaqının belini sındırdı! Azərbaycanın yalqız olmadğını onlara bəyan etdi və qarşılarında dünyanın ən qüdrətli Ordusunu gördülər, bu Ordunun malik olduğu ən modern, müasir döyüş silahlarını və texnikasını seyr etdilər! Nəhayət, Türkiyə və Azərbaycan Ordularının birgə təlimlərinin hansı gücə malik olduğunu anladılar və qorxub, geri çəkildilər!.. Amma müvəqqəti...

Yəni Rusiya-Ermənistan cütlüyü Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən sonra Azərbaycan haqqında qurduqları məkrli xəyalın yaxın zamanda gerçəyə çevriləcəyinə bəslədikləri ümidin puç çıxmasına əmin oldular. Amma bu xəyalı birdəfəlik yaddan çıxarmaq fikirilə hələ razılaşa bilmirlər, yeni yol axtarırlar...

Axtardılar, axtardılar, tapdılar- kiçik həcmli hərbi gəmilərini hərbi idman oyununda iştirak etmək bəhanəsiylə Bakıya gətirdilər. Ardınca Rusiyanın müdafiə naziri, türk kökənli olsa da, rus nökəri Şoyqunun başçılıq etdiyi hərbi nümayəndə heyəti Bakıya gəldi. Prezidenti cənab İlham Əliyev rus hərbçilərindən ibarət olan nümayəndələri qəbul edib, söhbət etdi və yaxın-uzaq zamanda baş vermiş, Rusiyanın da xəbərdar olduğu, hətta silah-sursatla təmin etdiyi erməni təxribatlarının üzərində dayandı...

Baş verənlərdən belə nəticəyə gəlmək olar ki, çətinliklə də olsa, Azərbaycan Rusiyanın işğalından, istismarından, nüfuz dairəsindən qurtarmaq istiqamətində ciddi cəhdlə çalışır. Bu proses həm ölkəmizin daxilində, həm də regional və qlobal miqyasda inkişaf edir. Yaxşı haldır ki, bu proses ölkə Prezidentinin şəxsi təşəbbüsü və istəyilə inkişaf edir. İstər hakimiyyət daxilində olan Rusyameylli kadrların sıradan çıxarılması, istərsə də digər sahələrdə baş verən müsbət meyllərin güclənməsi bu istiqamətdə başlanmış işlərin ölkəmizə Rusiyanın təsirinin azalmasına xidmət edəcəyinə əminlik yaradır.

Rusiyanın ölkəmizdəki baş canişini kimi tanınan, hazırda AMEA-nın prezidenti vəzifəsi kürsüsünü zəbt edən Ramiz Mehdiyev və onun yaxın ətrafının hakimiyyətin mərkəzindən kənara atılması, nəvəsi üçün təşkil etdiyi toya görə, iştirakçıların barəsində qanunauyğun ciddi ölçü götürülməsi,  Azərbaycanda vəzifə kürsülərinə yerləşmiş Rusiya nökərlərinin kürsülərdən atılması və onların nüfuzdan salınması, məhz ölkənin Rusiyanın boyunduruğundan azad olunmasına hesablanmış addımlardır...

Gəlin, tələsməyək, gözləyək, ölkəmizdə və onun ətrafında baş verən hadisə və prosesləri səbrlə izləyək, yaxın zamanda çox maraqlı hadisələrin şahidi olacağıq...

0.024621963500977