Azərbaycanda bir gündə üç nəfərdə silah-sursat aşkarlandı: Avtomat, tapança, güllələr - FOTO

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən paralel.az-a verilən məlumata görə, Baş İdarəyə Sübhan adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sübhan İsayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd “Steyr” markalı tapança, bir ədəd daraq və beş ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Aslan Məhərrəmov saxlanılıb. Ondan bir ədəd revolver sistemli tapança və üç ədəd patron aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən İmişli rayonunda keçirilən əməliyyat zamanı isə rayon sakini Natiq Məmmədov tutulub. Onun İmişli rayonunda yaşadığı evə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, ona aid beş ədəd daraq, ümumilikdə 167 ədəd patron və iki ədəd qaz tapançası aşkar edilib.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Sübhan İsayev, Aslan Məhərrəmov və Natiq Məmmədov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

 

0.90450406074524