Qaranlıqda görünməyən işıq

 

Yaxud, bizi bu günə kim saldı millət...?

İnsan hər zaman öz ətrafında baş verənləri, eləcə də baş verə biləcək olayların səbəblərini və nəticələrini təhlil edərək, yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışır. Çünki insandır, onun yolunu kimsə müəyyən edə bilməz, hər bir insan həyatdakı yolunu özü seçməlidir, əgər belə bir seçimə imkan varsa...

Bir çox xalqların nağıllarında belə epizodlar var - insan üç yol ayrıcında qalır. Birinci yolla getsə, atını, ikinci yolla getsə, malını-dövlətini və nəhayət, üçüncü yolla getsə, özünü, şəxsiyyətini, mənəviyyatını (bunu özüm icad etmişəm, nağıllarda başqa şeydir) itirəcək. Yaxud, qaranlıq bir yolla gedən insan azdığının fərqinə varanda hansı səmtə getməlidir - işıq gələn tərəfə, yoxsa it hürən?

Bu günün reallıqlarına baxanda görürsən ki, insanların bir qismi üçüncü yolla getməyə üstünlük verirlər - şəxsiyyətləri, mənəviyyatları olmasa da, mal-dövləti, sərvəti olur. Bu gün maddiyat bataqlığında boğulan dünyamızda bu, heç də az şey deyil. Bu da məcbur edir ki, insanların digər böyük qismi bütün nağıllarda olduğu kimi, "sonu yaxşı olacaq" ümidi ilə sonunda işığın görünmədiyi, it hürüşməsi əvəzinə, çaqqal ulaşmasının sahibi olduğu bir yolla getsinlər.

Bu yolun sonunda nə ilə qarşılaşacaqları da, bir Allaha məlum. Çünki bu gün məmləkətimizin hər tərəfini bir qaranlıq bürüyüb, yalan, riyakarlıq, məmur özbaşınalığı, haqsızlıq ərşə dirənib. Bu qaranlıqdan çıxış yolu da görünmür, heyhat!

Bizi bu qaranlıqlara kim saldı? Neft və milyonlar səltənətinin sakinləri nə üçün bunca zülmə, zillətə düçar oldular? Bəlkə bu, əməllərimizə görə Allahın bizə bir sınağıdır? İstəyir səbrimizin həddini görsün. Görsün ki, insan nə qədər zülmə tab gətirə bilər. İstəyir görsün ki, onun yaratdığı, yer üzünün əşrəfi olan insan qaranlıqda görünməyən işığı tapa biləcəkmi? Yoxsa, o da, üçüncü yola dönəcək? Yaxud, özünü taleyin hökmünə tabe edərək, çaqqal ulaşmasına qurban verəcək?

Əslində, bu gün yaranan pisliklərin başında duran, elə həmin çaqqal ulaşması deyilmi? Reallığı dərk etmək iqtidarında olmayan, yeyib harınlayan, halalla haramın sərhəddini keçən bu ulaşmanın içində haqq yolunu necə tapasan? Qaranlıqda görünməyən işığın səmtini necə təyin edəsən? 

Maraqlıdır, dünyanın düzəni pozulubsa, haqq-ədalət tərəzisi haqsızın əlindədirsə, güclü, gücsüzün haqqını əlindən alırsa, bu nizamı kim yoluna qoyacaq? Yaxud, onu yoluna qoymaq mümkün olacaqmı? Düz yolu tapa bilməyən üç yoldan hansını tutmalıdır ki, sonu işığa çıxsın, canı ətrafındakı ulaşmalardan qurtarsın? Suallar çox, cavablar isə...

Əslində, pozulan nizam-tərəzi, əndazədən çıxan təkcə harınlıq, özbaşınalıq, sözbazlıq, riyakarlıq olsaydı, bəlkə də nə vaxtsa, qaranlığın sonunda bir işığın görünəcəyinə ümid etmək olardı. Heyhat, bu gün görünəni odur ki, belə bir situasiyada qaranlığın sonunda işığın görünməsi çox qəliz məsələdir, kişinin qadınlaşması, yaxud qadının kişiləşməsi kimi...

Son zamanlar müşahidə etdiklərim, gördüklərim, oxuduqlarım, eşitdiklərim məndə belə bir fikir formalaşdırıb ki, insanlar artıq Allahın onları yaratdığı kimi olmaqdan beziblər və özlərini dəyişmək istəyirlər. Mənə belə gəlir ki, bu, insanların cəmiyyəti dəyişə bilməmələri üzündən baş verir. Cəmiyyətə gücü çatmayan insan fərdləşir və özünü dəyişmək fikrinə gəlir. Məsələn, bu gün Bakının bir çox yerlərində taksi sürücüsü kimi fəaliyyət göstərən qadınlara rast gəlmək mümkündür. Görürsən ki, zərif cinsin nümayəndələri olan bu qadınların hərəkətləri, davranışları, danışıq tərzləri də dəyişib, kobudlaşıb, kişiləşib. 

Bir müddət onları müşahidə edəndən sonra insanda belə bir fikir formalaşır ki, bu qadın- kişilər bilərəkdən özlərini bu hala salıblar. Yaxınlaşıb söhbət edəndə isə belə çıxır ki, onlar da bütün qadınlar kimi evində oturub, ərinə, uşaqlarına qulluq etmək istərdilər. Fəqət, həyat onların üzünə gülməyib, qadın olduqları halda, kişiləşmək zorunda qalıblar. Bunun isə bir çox obyektiv və subyektiv səbəbləri var. Məsələn, obyektiv səbəb deyəndə, ilk növbədə ölkədə mövcud olan sosial vəziyyət yada düşür. Çünki, bir çox məmurlarımız öz çıxışlarında iddia edirlər ki, ölkəmizdə işsizlik 4-5 faiz civarındadır və həmin işsizlər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin diqqətindədirlər və bu nazirliyin həyata keçirdiyi layihələrlə əhatə olunublar. Ölkəmizdə hər il onminlərlə yeni iş yerləri açılır və s. və ilaxir.

Əslində isə bütün bunlar, sadəcə sözdur və reklam xarakteri daşıyır. Çünki bunu yalan, yaxud doğru olduğunu yoxlayan, buna görə haqq-hesab tələb edən bir qurum yoxdur, bu məmləkətdə. Buna görə də, kim nə istəyir danışa bilər, hansı rəqəm dilinə gəldi deyə bilər, demokratiyadır da qardaşım, daha nə istəyirsən...?

Ancaq bir şey də var, bizim möhtərəm və möhtəşəm məmurlarımızın iddia etdikləri kimi, ölkəmizdə insanların rifah səviyyəsi gündən-günə yüksəlirsə, son on ildə 2 milyona yaxın iş yeri açılıbsa, (əslində, ölkə əhalisinin iş qabiliyyətli hissəsinin sayı ancaq bu qədər olar, onların da böyük bir qismi ölkə xaricindədir, onlar da xaricə bilirsiniz də, "kefə"gediblər. Onda sual olunur, Azərbaycanda işləyənlər kimdir?) bu gün taksi sürücülüyü etmək zorunda qalan kişiləşmiş qadınlar, yaxud gecələr yol qıraqlarını məskən seçən qadınlaşmış kişilər haradan peyda olublar?

Bəlkə, onlara da "VÖEN" açdırıb, işçi kimi qeydiyyata salıblar ki, işsizlərin sayı az görün-sün? (Bunu bilirsiniz niyə qeyd etdim, bu günlərdə bir tanışım mənə dedi ki, yollarda dilənən dilənçilərin böyük əksəriyyətinin "VÖEN"ü var və dövlətə "naloq" (vergi) ödəyirlər, ona görə də polis onlara heç nə deyə bilmir. Maraqlıdır, elə deyilmi? Onlara hələ bir "Əmək kitabçası" da verib yazsınlar ki, iş yeri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, vəzifəsi dilənçi.)

Mənə belə gəlir ki, əslində hər şeyi maddiyatla bağlamaq da, problemə düzgün yanaşma deyil. Sovet dönəminin ilk illərində, eləcə də Böyük Vətən müharibəsi zamanı insanların sosial vəziyyəti bundan qat-qat ağır olub. Ancaq o dövürdə qadınlar çörək pulu üçün faytonçuluq etməyibər. Onda kişilər çörək pulu üçün qadınlaşmayıblar. Qadın olub ki, zavodda, fabrikdə gündə 10-12 saat çalışıb, halal zəhməti ilə 8-10-12 uşaq saxlayıb, həm də namusunu qoruyub.

Müharibədən əlsiz-ayaqsız qayıdan kişilər olub ki, gecə-gündüz çalışıblar, dilənçiliyi ləyqətlərinə sığışdırmayıblar. Bunları deyəndə bəzi cavanlar, eləcə də yaranmış situasiyadan istifadə edərək, xalqı və dövləti talayaraq, milyonlara sahib olanlar, bizi, yaşlı nəslin nümayəndələrini sovet nastaljisində ittiham edirlər. Müstəqillikdən, müstəmləkə boyunduruğundan qurtulmadan dəm vururlar. Belə də olmalıdır, çünki bu harınlar, o dövürdə heç bir eşşəyə də sahib ola bilməzdilər, buna qabiliyyətləri çatmazdı. Bu gün isə...

Bu harınlar anlamaq istəmirləri ki, bizim nastaljimiz benzinin qimətinin 7 qəpik, ətin qiymətinin 2 manat, kalbasanın 2 manat 20 qəpik olması və s. deyil. Bizim nastaljimiz insani münasibətlərdir. Bizim nastaljimiz o dövrün ab-havasına, milli-mənəvi, əxlaqi dəyərlərədir. Bunu anlamaq sizlər üçün çox çətindir, çünki...

Ölkəmizdə baş alıb gedən mənəviyatsızlıq, bu gün çoxlarını narahat edir, bir çoxları bu vəziyyətdən çıxış yolu axtarır, lakin qaranlığın sonunda işıq görünmədiyi kimi, bunun da sonu görünmür. Ona görə ki, məmur harınlığının, oğurluğun, quldurluğun, rüşvətxorluğun, kişinin qadınlaşmasının, qadının kişiləşməsinin də əsas səbəbi mənəviyyatsızlıqdır.

Bu gün millətimiz sözün həqiqi mənasında sonunda işığın görünmədiyi bir yolla gedir, ətrafda itlərdə hürmür, ancaq çaqqalar ulaşır. Allah yardımçımız olsun!

 

1.0469579696655