Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib

 

Almaniyanın Hannover şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan silahlı qüvvələrinə dəstək məqsədilə mitinq keçirilib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Bakı” Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi aksiyada soydaşlarımızla yanaşı, türk və digər icmaların üzvləri də iştirak ediblər.

Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini, ermənilərin Los-Anceles, Brüssel, Londonda etiraz aksiyaları keçirən azərbaycanlılara milli nifrət zəminində hücum etmələrini kəskin şəkildə pisləyiblər.

Natiqlər Qarabağın Azərbaycan torpaqları olduğunu bir daha bəyan edərək, Almaniya hökumətindən və dünya birliyindən Xocalı kimi dəhşətli soyqırımı törədən Ermənistanın ciddi şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.

Mitinq ərzində qəhrəman şəhidlərimizin adları bir-bir çəkilib, “Vur, keç səngəri, Azərbaycan əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq” və sair şüarlar səsləndirilib.

1.7339189052582