Nəfs nökərləri, bir az düşünün...

Nəfs nökərləri, bir az düşünün...
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Bəlkə, doğru yola qayıdasınız?!

 Müqəddəs səmavi Kitablarda fani dünya nəfslə mübarizə dünyası kimi təqdim olunur. Dünyaya gəlib, yaşayan və uzun ömür sürən hər bir insan müdriklik həddinə yetişəndə nəfsin insan həyatında nə qədər böyük rol oynadığını dərk edir. Adətən, dünyada nəfsinə nökər olan, dur deyə bilməyən insanlar cahil hesab olunur. Dünyanın faniliyini dərk edən, nəfsinə hakim olan insanlar isə aqil insan hesab olunur. Bu da təsadüfi deyil və bəşəriyyət dünyada sayca az olan aqil insanların çiynində pərvəriş tapır, deyimi də reallığı əks etdirən həqiqətdir...

Yazıya bu başlığı təsadüfi seçməmişəm. Nəfsinə nökər olub, tamahı "Murtuzəli qılıncından" iti olanların dünyanı qan gölünə çevirdiyi indiki məqamda bu mövzunu gündəmə gətirməyi özümə borc bildim. Çünki bu dünyada qonaq olduğunu, bir gün bu fani dünyadan köçüb gedəcəyini unudub, əlinə keçən imkandan istifadə edib, insanlara zülm edən, onların normal həyat yaşamasına imkan verməyən zalımlara azacıq da olsa, sözüm var. Qoy, sonra deməsinlər ki, demədilər, başa salmadılar, bizi doğru yola dəvət etmədilər...

Sözüm sizədir, ey nəfs nökərləri, ey əllərinə keçmiş imkandan istifadə edib, insanlara qan uddurmağa çalışan, onları aclıqla imtahana çəkənlər, məni yaxşı eşidin və dediklərimi sırğa edib, qulağınıza taxın! Bu dünya fanidir, heç kimə qalan deyil, heç kimə, o cümlədən heç sizlərə də qalan deyil! Əgər dediyimə inanmırsınızsa, gedin, sizdən əvvəl sizin kimi nəfsinə nökər olub, insanlığa ziyan vurmaqla məşğul olub, dünyadan köçmüş əcdadlarınızın bu dünyadan köçəndə özlərilə apardıqlarına yaxşı-yaxşı baxın və düşünün! Düşünün - nə etdiyinizi, insanlara necə zülm verdiyinizi, bunun sizə nələr bəxş edəcəyini dərindən dərk edin. Dərk edin ki, həm bu fani dünyanızı, həm də əbədi axirət dünyanızı viran edirsiniz, qarğış üstə qarğış qazanırsınız, zülm üzərinə zülm əlavə edirsiniz, əbədi dünyanızın parlaq işığını bəribaşdan söndürüb, axirətinizi tam qaranlığa qərq edirsiniz, qəflət yuxusundan gec də olsa, ayılın!..

Ey nəfs nökərləri! Siz Uca Allah tərəfindən işıqlı yaradılmış fani dünyaya çirkin əməllərinizlə, doymayan tamahınızla, vəhşiləşmiş iştəhanızla, qudurmuş ehtirasınızla çox amansız və qəddar mühit bəxş edirsiniz! İnsanları işsiz, ac, çılpaq və yuvasız qoymusunuz, ölkədə hər yeri ələ keçirmisiniz, insanların bir tikə çörək qazanmasını irinə-qana döndərmisiniz, vətən deyəndə evinizi, millət deyəndə qohum-əqrabanızı düşünürsünüz! Bu, Allahın iradəsinə qarşı getməkdir, Ona qarşı üsyandır, bu dəhşət saçan, sizi dəhşətə aparan yoldan dönün, insan olduğunuzu yadınıza salın və bir gün beş arsız kəfənə bükülüb, dünyadan əliboş yola salınacağınızı xatırlayın!...

Əgər əsil həyat həqiqətlərini anlamaq sizin üçün bunca çox çətindirsə, o zaman əcdadlarınızın uyuduğu məzargaha gedin və onlarla baş-başa qalıb, söhbət edin, görün, onlar sizə nələrdən danışacaqlar, ey nəfs nökərləri!..

Ölkəni dağıdıb, xaraba qoymusunuz, xalqın sərvətini oğurlayıb xarici ölkələrə daşımısınız, övladlarınız bu dövlətin əsgərlik borcunu belə, verməyib, hamısı özünüz kimi fəraridir, ailələriniz onlara yedirdiyiniz haramın təsirilə pis kökə düşüb, haramın nəşəsi hər birinizi bədheybət varlığa çevirib! Nə qədər gec deyil, sizi və əzizlərinizi dəhşətli faciəyə aparan bu pis yoldan, geri dönün, haramın təsirindən dumanlanmış və keyləşmiş başınızı düzəldib, Allahın yoluna, haqqa qayıdın!...

 Kitablarda qeyd olunur ki, yer üzündə yaşayan hər bir insan günahkardır. Amma Müqəddəs Kitabda o da qeyd olunub ki, günahın dərəcəsi var. Hətta günahlar bağışlanan və bağışlanmayan olmaqla, iki qrupa bölünüb. Ən böyük və bağışlanmayan günahlar sırasında nəfsinə nökər olan insanlar öndə yer alıb. Yəni, hər kəs fani dünyada nəfsinə nökər yox, hakimdirsə, heç şübhəsiz, Cənnətin qapısı o insanların üzünə açıq olacaq...

Əlbəttə, dünyanın başına bəla açmaqla məşğul olan, insanlara zülm verməklə qazanc əldə edən,  bu cür pis əməlilə özünün də həyatına zəhər qatan, hər məqamda yalnız nəfsinə əsir düşən zalımlar barədə çox bəhs etməyə həvəsim yoxdur. Yetər, bu məlunlar onsuz da düzələn deyillər. Amma nəfsinə nökər, qul olanlara haqqı xatırladib, borcumdan çıxıram, can onların, Cəhənnəmə qədər, daha yaxşısını Allah bilir. Və Allahın tövbə qapısı da açıqdı.

0.018054008483887