Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Qarabağ Komitəsi bəyat verib

"Qarabağ Komitəsi" ölkənin mövcud hərbi-siyasi durumu ilə bağlı bəyan edir ki, 12 iyul 2020-ci ildə Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu hissəssində erməni silahlı qüvvələri ağır silahlardan, toplardan, pilotsuz uçaq aparatlarından istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz etməsi onun son 30 ildə beynəlxalq birlik qarşısında cəzasız qalması və xarici havadarlarının, o cümlədən Rusiyanın, Fransanın və başqa dövlətlərin ona açıq və gizli şəkildə dəstək verməsinin əyani nəticəsidir.

Odur ki, Ermənistan BMT TŞ-nın 822, 853, 874, 884 saylı qətnamələrinə, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və başqa beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarına məhəl qoymadan, müharibə elan etmədən Azərbaycana qarşı yeni hərbi təcavüzə başlamış və yeni istiqamətdə müharibə alovunu şiddətləndirmişdir.

Azərbaycan ordusu, əsgər və zabitlərimiz Ermənistan silahlı birləşmələrinin bu hücumunun qarşısının alınmasında böyük fədakarlıq, rəşadət və qəhrəmanlıq göstərmiş və millətimizə qürur verən bu fəaliyyət bu gün də davam etməkdədir. Generallarımız, zabitlərimiz və əsgərlərimiz heç nədən çəkinmədən öz canlarını torpaqlarımızın azadlığı uğrunda fəda edirlər...
Müharibə şəraitindən doğan acılarımız və itkilərimiz xalqımızın hər bir üzvü kimi bizi də göynədir və dərindən ağrıdır.
Allah şəhidlərimizə rəhmət eləsin!

"Qarabağ Komitəsi" olaraq xüsusi qeyd etmək istərdik ki, hər birimiz, doğma vətəndaşlarımızla birlikdə Ordumuza daima dəstək verməyə hazırıq və bu işdə əlimizdən gələni əsirgəməyəciyik!

Qarabağ Komitəsi xüsusi vurğulayır ki, dövlət sərhədlərimizin Tovuz bölgəsi hissəsində Ermənistanın Azərbaycana qarşı açıq-aşkar hərbi əməliyyatlara başlaması düşmənin Vətənimizə qarşı təcavüzünün yeni bir mərhələyə daxil olmasıdır. Həmçinin Ermənistanın Azərbaycana təcavüz istiqamətini dəyişib Qarabağ bölgəsindən deyil, birbaşa iki ölkə arasında olan dövlət sərhədinin Tovuz rayonu hissəsində həyata keçirməsi işğal edilmiş Qarabağ torpaqlarımızdan dünya ictimai fikirini yayındırmaq və beynəlxalq aləmin yaddaşında Qarabağ müharibəsini unutdurmaq məqsədini güdməklə yanaşı, açıq-aşkar bir ölkənin başqa ölkəyə qarşı təcavüz aktıdır.

"Qarabağ Komitəsi" hesab edir ki, düşmən ölkənin rəhbərliyi Azərbaycan-Ermənistan sərhəddində hərbi əməliyyatlara başlamaqla Rusiyanın patronajlığı ilə fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və xüsusilə, Rusiyanı bu prosesə qoşmaq, olmayacağı təqdirdə isə Rusiyadan uzaqlaşmaq üçün hüquqi əsaslar əldə etməyə çalışır.

Həmçinin Azərbaycanın dövlət rəhbərliyinin açıq şəkildə rusiyameyilli siyasət yürütməsi və ölkəmizdə Rusiyanın son dərəcə güclü “5-ci kolonu”nun əleyhimizə fəaliyyət göstərməsi xalqımızı və dövlətimizi çətin fakt qarşısında qoymuşdur.

Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü xalqımızın ayaqda olduğunu, heç bir düşmənə, o cümlədən imperiya qüvvələrinə boyun əyməyəcəyini bir daha ortaya qoydu. "Qarabağ Komitəsi"nin dəfələrlə vurğuladığı "Azərbaycan rəhbərliyi özünü torpaqlarımızın azadlığı məqsədindən kənara qoyub, hakimiyyətdə qalmaq naminə öz razılığı ilə bütövlükdə Qarabağ məsələsini Rusiyanın, Kremlin öhdəsinə buraxıb" fikri artıq cəmiyyətin və millətin şüuruna hakim olmaqdadır. Məhz bunun nəticəsidir ki, əhali öz ordusuna sahib çıxır, ona dəstək vermək üçün döyüş bölgəsinə axışır, gecə saatlarında belə Qarabağa yürüş təşkil edir, sosial media və digər vasitələrlə ölkə rəhbərliyindən yaranmış vəziyyətə uyğun olan fəaliyyət tələb edir.

"Qarabağ Komitəsi" hesab edir ki, 12 iyul 2020-ci il tarixində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü yeni müharibə aktı kimi qiymətləndirilməli və heç bir tərəddüd olmadan düşmənə qarşı geniş hərbi əməliyyatlara başlanmalıdır.

"Qarabağ Komitəsi" torpaqlarımızın azad olunmasının yeganə yolu müharibə olduğunu bir daha vurğulayaraq, vaxt itirmədən hərbi əməliyyatların həmçinin Qarabağ və Naxçıvan bölgəsinə keçirilsini vacib hesab edir.

"Qarabağ Komitəsi" regional və geopolitik aktyorlardan olan Rusiyanın, ABŞ-in və bir sıra başqa dövlətlərin son hadisələrlə bağlı bəyanatlarını, təcavüzkarla təcavüzə məruz qalmış tərəfi eyni sıraya qoyulmasını qəti şəkildə pisləyir, eyni zamanda Türkiyə, Pakistan, Ukrayna, Moldova,GUAM rəsmilərinin bəyanatlarını və xalqımızı hərtərəfli dəstəklənməsini alqışlayır və yüksək qiymətləndirir.

"Qarabağ Komitəsi" hesab edir ki, yüksək rütbəli hərbiçilərimizin şəhid olduğu indiki hərbi vəziyyətlə qətiyyən hərbi əməliyyatları dayandırmaq olmaz, əks halda xalqda və cəmiyyətdə ruh düşkünlüyü və inamsızlıq mühiti formalaşar. Əksinə, "Qarabağ Komitəsi" ümumi səfərbərlik elan olunmasını və torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinin başlanmasını ölkə rəhbərliyindən qəti şəkildə tələb edir.

"Qarabağ Komitəsi" öz üzvləri və tərəfdarları adından bəyan edir ki, ölkənin müdafiəsi və ərazilərimizin işğaldan azad edilməsi uğrunda müharibə başladığı və yaxud ümumi səfərbərlik elan olunduğu halda, bütün potensialı ilə ordunun, dövlətin v dövlətçilik prinsiplərinin yanında olacaq.

"Qarabağ Komitəsi" dini, etnik və ya siyasi mənsubiyyətindən, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları torpaqlarımızın azadlığı və müstəqil dövlətçiliyimizin müdafiəsi naminə ümummilli həmrəyliyə çağırır.

Ya Qarabağ, ya Ölüm! Qələbəyə doğru irəli! Yaşasın Azərbaycan!

 

Bəyanat "Qarabağ Komitəsi"nin virtual toplantısında qəbul edilmişdir.
13 iyul 2020-ci il

0.55501794815063