Həbs olunan məmurlardan nəticə çıxaran varmı?

Vəzifəyə yeni təyin olunan gənclərdən narazılıq var

 Prezidentin ölkədə həyata keçirdiyi sturuktur islahatlarının sürəti koronavirus pandemiyası təsirilə azalıb. İslahatların 2018-ci ilin aprelindən start götürdüyünü nəzərə alsaq, bu prosesin başlanmasından artıq iki ildən çox zaman keçir. Keçən dövr ərzində nazir postuna gətirilmiş şəxslərin fəaliyyətinə nəzər salanda həmin şəxslərin özlərindən əvvəlkilərdən çox da fərqlənmədiklərini müşahidə edirik.

Nazirlərin fəaliyyətindən, onların dövlətə verdikləri faydadan, yaxud vurduqları ziyandan bəhs edərkən, öncə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin fəaliyyəti üzərnə işıq salaq və onun 2 il ərzində gördüyü mənfi işlərə nəzər yetirək. Sahil Babayev ƏƏSMN-ə nazir təyin olunanda ölkə əhalisi çox sevindi. Bu sevincin səbəbkarı təbii ki, sabiq nazir Səlim Yanvar oğlu Müslümov idi. Çünki Səlim Yanvaroğlu nazirliyi qısa müddətdə elə rüşvət və korrupsiya çarxına çevrimişdi ki, millət bu insanın əməllərindən qorxulu nağıllar düzəltmişdi. Necə deyərlər, xalq deyirdi ki, cin görüm şeytan görüm, amma Səlim Yanvar oğlu Müslümovla qarşılaşmayım!..

Sahil Babayev isə nazirliyi boşaldıb, nazirliyə elə bir komanda topladı ki, bu komanda qısa müddət ərzində Səlim müslümovun ölülərinin goruna rəhmət oxutdu! Sual yaranır, niyə? Sahil Babayev ilk növbədə qeyri-qanuni, saxta yolla, rüşvətlə özünə təqaüd təyin etdirmiş adamları müəyyən etməyə başladı. Bu, çox yaxşı səslənən hərəkətdir. Amma Sahil Babayevin bu tədbirindən ən çox ziyan çəkən saxta əlillik alanlar olmadı, onlar rüşvət verib, təqaüdlərini qorudular, lakin qanuni əlil olan insanların təqaüdləri daha çox kəsildi və onların heç şikayətlərinə baxan da olmadı!

Bu prosesdə yeni əlillik almalı olan xeyli sayda əlil və şikəst adamların dövlət qeydiyyatı, demək olar ki, dayandırıldı, dövlətin yardımından məhrum olmuş xəstə insanların çoxu imkansızlıqdan dünyasını dəyişdi, amma buna görə, Sahil Babayevə bir kəlmə belə, söz deyən, irad tutan olmadı. Əksinə, dövlət büdcəsinə xeyli pul topladığına görə, - bu pulun necə, hansı yolla, nə qədər insanın məhv olması hesabına məhəl qoymadan – yüksək səviyyədə başına sığal çəkildi və tərifləndi.

Bu cür əldə edilən asan və havayı “qazanc” nazirə və onun kef əhlindən ibarət olan komandasına yetmədi ki, yetmədi və düşündülər tapdılar, əliliyin müəyyən olunması qaydalarına düzəliş edildi, nazir təyin olunduğu tarixdən əvvəl təyin olunmuş əlillik dərəcələrini təftiş edən böyük bir  “rüşvətxor” komanda yaradıldı və bu komandanın başına da rüşvətxorluqda ad-san qazanmış məşhur bir xanım gətirildi. Həmin xanım Bakıda Əlillərin Bərpası Mərkəzində yekə bir “bazar” açdı, bazar nə bazar, gün ərzində burada yığılan pulu axşamlar evə kisələrdə maşına yığıb apardılar və hətta həmin prosesin içində olanlar kisələrin şəkilini çəkib bizə də göndərmişdilər. Şəkilləri hara, kimə göstərdiksə, dedilər ki, Sahil Babayevin bazarına girmək çətin məsələdir...

Hə, əziz oxucular, deyəsən başınızı çox ağrıtdım, amma maraqlıdır deyilmi?

Bəli, Sahil Babayev bir ilə yaxın vaxt ərzində yalnız o adamların əlilliyini qeydə aldırdı ki, ya tələb olunan külli miqdarda rüşvəti verdilər, ya da yüksək vəzifəli şəxslərin tapşırdıqları adamların əliliyi dövlət qeydiyyatına alındı. Hazırda əliliyin dövlət qeydiyyatı bu qaydada davam edir. Üstəlik hesab xeyli qalxıb. Bir nəfərin həqiqi əlilliyinin qeydiyyatı 3-4 min manata, saxta əlilliyin dövlət qeydiyyatının qiyməti isə 7 - 8 min manata başa gəlir.

Bu günlərdə rayonların birinin baş həkimi müəyyən yaşda olmaq şərtilə hərbi əlilliyi əldə etmək üçün 10 – 12 min manat xərc çəkmək hesabına istənilən şəxsə sənəd düzəldə bildiyini etiraf etdi....

Hörmətli oxucular, sizə nazir Sahil Babayevin yalnız bir sahə üzrə dövlətə və xalqa verdiyi “faydanın” anatomiyasından söz açdım, ardını gələn yazıda oxuyacaqsınız, səbrli olun !..

( ardı var )

 Mahir Abbaszadə

1.2594020366669