Maliyyə amnistiyası

İqtisadi zərurət, yoxsa talançılara yaşıl işıq

 Dünyda tüğyan edən koronavirus pandemiyası, demək olar ki, ictimai həyatımızın bütün sahələrinə ciddi təsir göstərib. Ələlxüsus da iqtisadiyyatımıza və təhsil siteminə. Artıq beş aya yaxındır ki, şagirdlər və tələbələr təhsildən demək olar ki, tamamilə kənar düşüblər, ələlxusus da məktəb şagirdləri. Distant və onlayn təhsil metodları isə ölkəmizdə hələ ki, istənilən səviyyədə deyil.  Bu, başqa bir söhbətin mövzusudur.

Bu gün mən sizə tamamilə başqa bir mövzudan söz açacam. Deyə bilərsiniz ki, cəbhə bölgəsində yaranmış gərgin vəziyyət bir tərəfdən, koronavirus bir tərəfdən bizi boğub, sıxdığı bir məqamda, sən də maliyyə amnistiyasından danışırsan. Olsun, ancaq yaddan çıxarmayın ki, istər Qarabağ probleminin, istərsə də koronavirus pandemiyasının qarşısının alınmasında dövlətin iqtisadi gücü və qüdrəti əsas rol oynayır. Dövlətin intisadi gücünün artırılması isə həm də maliyyə resurslarının düzgün tənzimlənməsindən keçir. Ölkəmizdə mövcud olan korrupsiya və məmur talançılığı istər -istəməz gizli iqtisadiyyatın çiçəklənməsinə və büdcəmizin boşalmasına bilavasitə təsir göstərən əsas amillərdən biridir. Çünki dövlətimizin daha da düclənməsi, xalqımızın həyat səviyyəsinin yüksəlişi üçün ayrılan vəsaitlərin böyük bir hissəsini korrupsiya və talançılığa qurşanan məmurların gizli iqtisadiyyatının dirçəlişinə sərf olunur. Bu pulların ermənilərin bizə qarşı həyasızlaşmasına xidmət etmədiyinə də heç kim zəmanət verə bilməz. Çünki ölkədən çıxarılan yüz milyonlarla vəsaitin hara xərcləndiyini də heç kim bilmir. Azərbaycandan çıxarılan pulların hesabına Rusiyada fəaliyyət göstərən bir çox sahibkarların ermənilərlə işbirliyində olduqları da heç kimə sirr deyil.  Bütün bunların aradan qaldırılmasının bir yolu da maliyyə amnistiyasının tətbiq edilməsidir.

Dünyanın bir çox ölkələri bu yolla öz daxili iqtisadiyyatlarının güclənməsinə nail ola biliblər, ələlxüsus da inkişaf etmiş Avropa dövlətləri.

Bu danılmaz bir həqiqətdir ki, koronavirus pandemiyası ölkəmizin də iqtisadiyyatına ciddi zərbə vurub. Postpandemiya dövründə iqtisadiyyatımızın dirçəldilməsi üçün böyük investisiyalara ehtiyacımız olacaq.  Maliyyə amnistiyası da burada mühüm rol oynaya bilər.

Heç kimə sirr deyil ki, Azərbaycan məmurlarının dünyanın müxtəlif ölkələrində öz biznes şəbəkələri var. Bəzilərinin hətta zavod, fabirklərinin olduğu da iddia olunur. Məlumdur ki, bütün bunlar Azərbaycandan oğurlanaraq, talanan pullar hesabına başa gəlib. Bunun hüquqi yolla araşdırılması və onlara qarşı hansısa sanksiyaların tətbiqi isə demək olar ki, baş tutan iş deyil. Buna görə də maliyyə amnistiyasını tətbiq etməklə, həmin biznesin və pulların leqalaşmasına imkan vermək lazımdır ki, bu ağır günümüzdə o pullar hansısa dövlətlərin yox, ölkəmizin dirçəlişinə xidmət etsin. Yuxarıda da qeyd etdim ki, belə bir təcrübə dünyada var, onların uğursuzluqla nəticələnəni də, böyük uğurlar qazananı da olub. Məsələn, qardaş Türkiyədə 1998-ci ildə tətbiq olunan maliyyə amnistiyası uğursuzluğa düçar olub. Bunun isə əsas səbəbi həmin amnistiyanın hüquqi bazasının mövcud olmaması idi. Amnistiya gözləyən sahibkarlar və vətəndaşlar Maliyyə Nazirliynin ifahi sözlərinə və vədlərinə inanmadılar. Bu səbəbdən də nəinki amnistiyaya dəstək vermədilər, əksinə təşvişə düşən bir çoxları öz sərvətlərini belə, ölkədən xarcə çıxardılar.

Əgər biz bu gün maliyyə amnistiyasından danışırıqsa, lazımdır ki, onun mahiyyətinə də nəzər salaq.

Dünyanın bir çox ölkələrində tətbiq olunan maliyyə və vergi yumşalmalarını müxtəlif cur adlandırıblar. Məsələn, ingiliscə buna "tax amnesty", rusca "naloqovaya aministiya", türkcə "vergi affı"(yəni vergi bağışlanması), "mali affı"(yəni əmlak bağışlanması) kimi adlandırılır. Azərbaycanda isə bu günə qədər də tətbiq olunmayan və zaman-zaman gündəmə gətirilən bu məsələ "maliyyə amnistiyası", "iqtisadi amnistiya", "vergi amnistiyası" kimi adlandırılır.

Mütəxəssislər bunların arasında müəyyən fərqlərin olduğunu iddia etsələr də, bu kimi amnistiyaların həyata keçirilməsində əsas məqsəd vətəndaşların (sahibkarların) vergidən yayındırdıqları vəsaitləri üzə çıxarmaq, həmçinin də gizli iqtisadiyyatın aşkarlanaraq leqallaşdırılmasıdır.

Onu da qeyd edim ki, maliyyə amnistiyasının tətbiq olunmasının çox qədim tarixi var. Tarixi mənbələrə görə hələ eramızdan əvvəl 200-cü illərdə Qədim Misirdə bu kimi bağışlanma metodları tətbiq edilib. Daha sonralar Roma imperatorluğu dövründə də belə metodların tətbiq olunduğunu sübüt edən sənədlər var.      

XX əsrin əvvəllərində bütün dünyada sənayeləşmənin və iqtisadiyyatın geniş inkişaf etməsi, bu kimi amnistiyaların tətbiqini vacib edib.

Qloballaşan dünyamızın iqtisadi potensialı artdıqca, maliyyə və vergi amnistiyaların tətbiqi də qaçılmaz bir prosesə çevrilib və son 30 ildə özünün pik həddinə çatıb.

Bu müddət ərzində Amerikada (Şimali və Cənubi), Avropada, Asiyada və Afrikanın bir çox dövlətlərində, eləcə də postsovet məkanın Rusiya, Qazaxıstan, Tacikistan və Gürcüstan respublikalarında maliyyə amnistiyaları tətbiq olunub.

Onu da qeyd etmək vacibdir ki, dünyanın inkişaf etmiş ölkələrində korrupsiya hallarının, gizli iqtisadiyyatın və təmamylə uçotdan kənar bazar subyektlərinin, eləcə də kriminal fəaliyyətdən gələn gəlirlərin yüksək olmaması səbəbindən tətbiq edilən amnistiyaya vergi amnistiyası deyilir. Həmin ölkələrdə bu kimi amnistiyalar vaxtaşırı tətbiq olunur.

Məsələn, Amerikada 1982-ci ildən bu günə qədər 45 ştatda 60-dan çox vergi amnistiyası tətbiq olunub. Bu amnistiyaların tətbiqində məqsəd vətəndaşları-vergi ödəyicilərini talamaq yox, onlara xəbərdarlıq etməklə, gələcəkdə bu kimi hallara yol verilməməsini təbliğ etməkdir. Eyni zamanda bu kimi amnistiyaların tətbiqindən sonra vergi qanunvericiliyi hallarının pozulmasına görə tətbiq olunan cərimələr daha da sərtləşdirilir.

Amerikada hətta xarici banklarda hesab açmaqla vergidən yayınan şəxslərə qarşı da, bu tip amnistiyalar tətbiq olunur ki, bunun da müsbət nəticələri olur.

Dünyanın ən korrupsiyalaşmış və kriminal dövləti kimi tanınan İtaliyada da son 20 ildə 3 maliyyə amnistiyası keçirilib ki, bu zaman 100 milyon avro vəsait aşkarlanıb və onun da tam yarısı reablitasiya olunub.

O ki qaldı Azərbaycana, burada sovet rejiminin hökmüran olduğu dövrlərdə hansısa maliyyə amnistiyalarının tətbiqi, ümumiyətlə dilə gətirilə bilməzdi. Çünki ölkənin maliyyəsi də yuxarıdan idarə olunurdu. Ölkəmiz müstəqilik əldə etdikdən sonra həyatımızın bütün sahələrində olduğu kimi, maliyyə sahəsində də bir xaos yaşandı. O dövr artıq arxada qalıb. Ölkəmiz dünya düzəninə, o cümlədən dünya maliyyə bazarına tam inteqrasiya olunub. Bununla belə, ölkənin maliyyə sistemində mövcud olan durğunluq göz qabağındadır. Son ilər Dövlət başçımızın ölkədə apardığı kadr islahatları zamanı vəzifədən götürülən məmurların himayəsi altında fəaliyyət göstərən sahibkarlıq obyektlərin dövlətə yüz milyonlarla vergi borclarının olduğu aşkarlandı. Bu borclar boş yerdən yaranmayıb. Yüksək vəzifəli məmurların himayədarlığına güvənən sahibkar, dövlət büdcəsinə ödəməli olduğu vergiləri, sadəcə olaraq talayıb. Bu pullara özü və ətarfı üçün şahlara və krallara uyğun yaşam şəraiti qurub.  

Bu gün ölkəmizdə mövcud olan korrupsiya və rüşvətxorluq maşınının sükanı da, məhz həmin məmurların əlindədir. Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə bu bəlaya qarşı aparılan mübarizə heç bir səmərə vermir. Bunun əsas səbəbi isə cəzasızlıq mühitidir. Necə olur ki, ölkədə qonşusunun bir toyuğunu oğurlayanı dövlət tapır, həbs edir, cəzalandırır, ancaq milyonları talayan məmurlar cəzadan kənarda qalır, bu azmiş kimi onlar hələ yüksək pensiya ilə də təmin olunurlar ki, qoy təqaüd dövründə də bəy-xan kimi yaşasınlar.

Azərbaycan kimi ölkələrdə maliyyə amnistiyası həmin məmurlar və onların yaxınlarına lazımdır ki, indiyə qədər taladıqlarını leqallaşdırıb, açıq fəaliyyət göstərsinlər.

Əslində, Azərbaycanda maliyyə amnistiyası çoxdan verilməli idi. Bu gün artıq gecdir. Oğurlayan -oğurlayıb, talayan-talayıb. Taladıqlarının da böyük bir qismini ölkədən kənara çıxarıblar ki, bir gün xalqın qəzəbi coşanda bu məmləkətdən qaçıb canlarını qurtarsınlar. 

Bununla belə hesab edirəm ki, talançılara yaşıl işıq olsa belə, ölkəmizdə maliyyə amnistiyasının tətbiq olunması günümüzün tələbidir. Və əminəm ki, bəzilərinin bu gün sandığa yığdıqları milyonları pospandemiya dövründə aşkarlayaraq əfv olunması iqtisadiyyatımızın dirçəlişinə böyük təkan verə bilər.

Burada əsas məsələni yuxarıda Türkiyə məsəlində qeyd etdim. Həmin pul sahiblərini amnistiyanın həqiqiliyinə inandırmaqdır. Əks təqdirdə, heç bir amnistiya nə xalqa, nə də dövlətə xeyir verməz, əksinə inamsızlığı daha da artırar.

 Yusif Seyid

0.77342414855957