Ermənistan qırmızı xətti çoxdan keçib

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Hərbi təxribat Paşinyanı xilas edəcəkmi?

Ermənistan dərin böhran içindədir. Koronavirus pandemiyası, ictimai-siyasi gərginlik, sosial-iqtisadi tənəzzül o qədər dərinləşib ki, baş nazir N. Paşinyan başını itirib, düşdüyü ağır durumdan çıxa bilmir. Buna görə də Ermənistanın baş naziri məhvolma təhlükəsindən müvəqqəti xilas olmaq və beləliklə ondan narazı olan xalqın diqqətini özündən yayındırmaq niyyətiylə Azərbaycanla müharibə münaqişəsini alovlandırmaq yolunu seçib. Srağagün günorta saatlarında Ermənistan hərbi birləşmələri qəflətən cəbhənin Tovuz istiqamətində Azərbaycan ərazilərini artileriya qurğularından, müxtəlif növ silahlardan, toplardan və tanklardan istifadə edərək, atəşə tutub və cəbhə xəttini yarıb, ölkəmizin ərazilərinə soxulmağa cəhd edib. Azərbaycan ordusunun bölmələri düşmənin gözlənilməz hücumunun qarşısını rəşadətlə alaraq, ona ağır və sarsıdıcı zərbə vurub, xeyli texnika və canlı qüvvəsini məhv edib.

Müdafiə Nazirliyinin mətbaut xidmətinin bu yazı hazırlanarkən verdiyi məlumata görə, erməni quldurları ilə döyüş zamanı hərbçilərimizdən 4 nəfər şəhid olub, xeyli əsgərlərimiz yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun, yaralı əsgər və zabitlərimizə isə Uca Allahdan şəfa diləyirik!

Ermənistanın bu cür yanlış hərəkətlərini ölkədə yaşayan hər kəs təbii olaraq başa düşür və müharibənin qurban tələb etməsi normal qarşılanır, lakin adamları düşündürən odur ki, əhalisi acından ölən, koronavirusun məhv etdiyi, siyasi-iqtisadi cəhətdən məhvə sürüklənən Ermənistan və onun başını itirmiş baş naziri N. Paşinyan koronavirus pandemiyasının yaratdığı hazırkı çətin vəziyyətdən sui-istifadə edir və ölkəmizi təxribata çəkməklə, onun istehfasını tələb edən qüvvələrin diqqətini özündən yayındırmağa çalışır.N. Paşinyan yaxşı başa düşür ki, rəhbərlik etdiyi Ermənistan özündən iqtisadi-siyasi və hərbi baxımdan qat-qat güclü olan Azərbaycana qarşı güc nümayiş etdirə bilməz. Azərbaycan hərbi qüdrətinə və iqtisadi potensialına görə Ermənistan hərbi birləşmələrini bir neçə gün ərzində ərazisindən vurub çıxara bilər və bu ölkə zərrə qədər müqavimət göstərə bilməz. Amma bunu bilə-bilə, yenə də sakit durmur və hər vasitə ilə Azərbaycana qarşı təxribat törətməkdən çəkinmir.

Azərbaycan tərəfi də çox yaxşı anlayır ki, Ermənistanın baş naziri N. Paşinyanın cəbhə bölgəsində törətdiyi hərbi təxribat yalnız özünü xalqın qəzəbindən qorumağa xidmət edir. Digər tərəfdən, ermənilər hərbi təxribat törədib, məsuliyyəti Azərbaycanın üzərinə atmaqla, Ermənistanı düşdüyü çətin durumdan xilas etmək üçün “dostlardan”, eyni zamanda, üzvü olduğu hərbi təşkilat olan KTMT-dən kömək almağa çalışır.

Hansı məqsədlə etməsindən asılı olmayaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təxribat törətməklə, yaxşı nəticə əldə etməsi qeyri- mümkündür. Lakin etdiyi təxribatın Ermənistana və onun baş nazirinə heç bir fayda verməyəcəyi qabaqcadan bəlli olsa da, erməni faşizmi öz çirkin niyyətindən hələ də əl çəkmək istəmir.

Buna görə də Azərbaycan sülh danışıqlarını aparmaqla yanaşı, hərbi qüdrətini artıraraq, Ermənistanı bəsləyən, onu müntəzəm olaraq silah-sursatla təmin edən, daim maddi yardım göstərən Rusiya və İranın beynəlxalq sanksiyalar və koronavirus pandemiyasının təsirilə gücdən tam düşdüyü məqamı diqqətə alıb, qəfil irimiqyaslı hərbi hücuma keçməklə, mütləq işqal aıtındakı torpaqlarını azad etmək barədə düşünməlidir. Bu məqam uzaqda deyil, buna ciddi hazırlaşmaq lazımdır!

Azərbaycan dövləti Ermənistanın cəbhənin Tovuz istiqamətində törətdiyi hərbi təxribatı əldə olan materiallar və faktlarla beynəlxalq aləmin diqqətinə çatdırmalıdır və, ermənilərin həyata keçirdikləri təxribatçı təcavüzkar hərəkətlərinin ifşa olunması istiqamətində hərəkətə keçməlidir. Azərbaycanın hərbi-texniki imkanlarının yüksək olması hər kəsə bəllidir və bu imkandan səmərəli istifadə olunması hazırda olduqca vacibdir. Beynəlxalq ermənipərəst qüvvələrin müqavimətinə baxmayaraq, ölkəmiz cəbhə bölgəsində ermənilərin törətdiyi bütün təxribatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəallığını artırmalıdır.

Qardaş Türkiyə XİN-in Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribata dərhal reaksiya verməsi və Ermənistanın bu hərəkətinin beynəlxalq hüquq normalarına zidd olması barədə yaydığı bəyanat kifayət qədər sərt və zamanında verilmiş reaksiyadır.  Digər qardaş dövlətlərin də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi müdaxiləsilə bağlı bu cür sərt bəyanat vermələrinə nail olmaq olduqca vacibdir.

Ermənilərin bu təcavüzü ilə əlaqədar olaraq, Azərbaycanın üzv olduğu bütün beynəxalq təşkilatların beynəlxalq hüququ normaları əsasında münasibət bildirməsi ölkəmizin xeyirinə olardı və Azərbaycan XİN-i bu sahədə müvafiq iş aparmalıdır.

0.68566799163818