Baş nazirin təfsir sorğusu əmanətçilər üçün tələdir

Ötən sayımızda bağlanan dörd bankın əmanətçilərinin əmanətinin sığortasız hissəsinin şişirdilməsi ilə əlaqədər geniş yazı dərc etmişdik. Son günlər aldığımız və rəsmən təsdiqlənməyən məlumata görə, dörd bankda sığortalanan əmanətlərin həcmi 12 faizə (82,32 milyon) çatıb. Halbuki banklar bağlanandan sonra Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi brifinq zamanı bildirildi ki, əmanətlərin cəmi bir faizi sıcortalanmayıb. Lakin bu günlərdə baş nazirin təfsir üçün Konstitusiya Məhkəməsinə göndərdiyi qanun maddələri yuxarıdakı iddianı, əmanətlərin sığortalanmayan hissəsinin şişirdilməsini təsdiqləyir.

Belə ki, həmin sənəddə deyilir: "Əmanətlərin Sığortalanması Fondunun "Atabank" ASC, "NBCBank" ASC və "AGBank" ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərara alınıb.

Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.

Məsələyə aydınlıq gətirmək üçün sözügedən qanunun müvafiq maddələrindən çıxarış edək:

2.1.2. qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:

2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;

8.1.20. qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir;

Çıxarışdan anlaşılır ki, bağlanan dörd bankın əmanətçilərinin bir qismi əmanətlərini yüksək faizlə, yəni əmanət yerləşdirildiyi vaxt sığortalanan əmanətlərin faiz dərəcəsindən (9%) yüksək dərəcə ilə qəbul edilib. Bu nüans qanuni əsas yaradır ki, əmanətçilərə vəsaitlərini sığortasız olaraq qaytarsın. Qanunun bu hissəsində qaranlıq heç bir məqam yoxdur. Onda sual oluna bilər, baş nazir gün kimi aydın olan qanun maddəsinə nə üçün təfsir istəyir? Məsələ burasındadır ki, əmanətçilər vəsaitləri yerləşdirərkən və sonrakı dövrdə əmanətçiyə bankların vəziyyəti barədə məlumat verilməyib ki, bu da ən azı kapital sahiblərinin hüquqlarının pozulmasıdır. Bu səbəbdən də AMB və Nazirlər Kabineti hüquqlarını pozduqldarı kapital sahidlərinə artıq vəsait ödəməmək üçün Konstitusiya Məhkəməsinin təsdiqini də, albi kimi ələ keçirmək istəyirlər. Əslində isə bağlanan bankların vəziyyətinin gərgin olması müştərilərdən gizlədildiyi üçün bank əmanətlərinin hamısı sahibkarlara sığortalı şəkildə qaytarılmalıdır. Bunun üçün kapital sahibləri mübarizələrini məhkəmə müstəvisində davam etdirməli, baş nazirə onların tələbinə uyğun şəkildə Konstitusiya Məhkəməsinə təfsir üçün sorğu göndərilməsinə nail olmalıdırlar. İndiki halda isə baş nazirin göndərdiyi təfsir birtərəflidir, hadisəni tam əhatə etmir.

Polis pandemiya cəbhəsindən geri çəkilməlidir

 Metronun dayandırılması şəhər nəqliyyatında sıxlığı artırıb

 Ölkənin böyük şəhərlərində və bir sıra rayonlarda xüsusi karantin rejimi, həftəsonu isə sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. Amma buna rəğmən yoluxma statistikası səngimək bilmir. Düzdür, son günlər sağalanların sayında artım müşahidə edilir, hökumət bu yolla durumu pozetiv mövqeyə çıxarmağa çox yaxındır. Amm məsələ burasındadır ki, həmin naliyyət tamam başqa istiqamətdir, Operativ Qərərgahın fəaliyyəti istiqamətində isə heç bir irəliləyiş yoxdur. Başqa sözlə desək, gündəlik sağalanların sayının artması tibbi sahədəki uğurların nəticəsidi. Operativ Qərərgahın əsas hədəfi isə ölkədə yeni növ koronavirusa gündəlik yoluxma sayının azaldılmasıdır ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bu məsələni müstəqil mütəxəssislər daha dəqiq qiymətləndirə bilər, amma sadə müşahidələrlə də uğursuzluğun səbəblərini müəyyən etmək mümkündür. Məsələn, Bakı şəhərində əhalinin ən çox istifadə etdiyi nəqliyyat olan metro bağlanıb, əvəzində ekspress avtobuslar açılıb. Metro bütün günü işləyəndə sərnişin sıxlığı minimum səviyyədə idi, avtobuslarda da ciddi sıxlıq izlənilmirdi. Yəni xüsusi karantin rejiminin təsiri altında şəhərdə əhali sıxlığı azalmışdı, metronun işləməsi də avtobuslarda sıxlığı minimuma endirmişdi. Metro bağlanandan sonra isə bütün yük avtobusların üzərinə düşür. Ona görə də metrostansiyalar boyunca hərəkət edən, yeni açılmış ekspress avtobuslarda bütün günboyu sərnişin sıxlığı müşahidə edilir ki, bu da virus yoluxmasına təkan verən əsas məsələlərdən ən başlıcasıdır. Operativ Qərərgah bu cür detalları müşahidə etməli, bu nüansların aradan qaldırılması istiqamətində addımlar atmalıdır. Fikrimizcə, metro təcili olaraq açılmalıdır ki, nəqliyyatda sərnişin sıxlığı aradan qaldırılsın.

Bununla yanaşı, əhali arasında ciddi təbliğat-maarifləndirmə işi aparılmalı, vətəndaşları virus təhlükəsinə inandıraraq, maska taxmağa və sosial məsafə saxlamaqla özünü qorumağa təhrik etmək lazımdır. Son günlər ən doğru atılan addım şəhərdəki polis postlarının yığışdırılması oldu. Əgər bu postlar yığışdırılmasaydı, sərnişin dolu avtobuslar həmin postlarda uzun müddət gözləyərkən virusun yayılması üçün çox münbit şərait yaradacaqdı və yoluxma halları bəlkə də indikindən daha çox olardı. Amma son günlər şəhərin bəzi ərazilərində günün müxtəlif saatlarında yol polisi əməkdaşları şəxsi təşəbbüslərlə hərəkəti məhdudlaşdıraraq yoxlamalar aparır. Bu da prosesə mənfi təsir göstərən amillərdəndir.

Ümumiyyətlə, pandemiya dövründə polisin davranışlarına xüsusi qiymətin verilməsi vacibdir. Birincisi, pandemiyaya qarşı mübarizədə polisin önə çıxarılması uğursuzluğun əsas səbəbi kimi tanınmalıdır. Çünki vətəndaşın sağlamlığın qorumaq üçün inzibati üsullardan istifadə edilməsi əhalidə qıcıq yaradır. Polis bu işdə canfəşanlıq edəndə insanda belə düşüncə formalaşır ki, yəni polis mənə məndən daha çox qayğı göstərir? Özünə bu sualı verən vətəndaş pozetiv cavaba inanmır, çünki polis həmişə Azərbaycanda vətəndaşını deyil, höküməti qoruyub - bu Azərbaycan polisinin brendidir. Ona görə də pandemiya ilə mübarizədə polisin iştirakı minimuma endirilməlidir. Polis xüsusi qaydada reydlər keçirməməlidir, sakit tərzdə naryad həyata keçirməli, seçmə yolu ilə vətəndaşları yoxlamalı və maska taxmağı xatırlatmalıdır, vəssalam. İşin qalan hissəsi isə təbliğat maşınının üzərinə düşməlidir.

O ki qaldı karantin rejiminə, fikrimizcə onun yenidən uzadılmasına ehtiyac yoxdur. Azərbaycan bu gün dünyada yeganə ölkədir ki, üç rejimdə karantin tətbiq edir - 20 iyuladək xüsusi karantin rejimi, 1 avqustadək karantin rejimi, həftəsonları isə sərtləşdirilmiş karantin rejimi. Təcrübə göstərir ki, bu cür inzibati rejimlərin tətdiq edilməsi heç də səmərə vermir, artıq ölkədə kifayət qədər yoluxdurucu fərd potensialı var. Ona görə də heç bir karantin rejimi yoluxma zəncirini qıra bilmir. Belə olan halda uzunmüddətli karantin rejimləri ilə iqtisadiyyatı çökdürməyin mənası nədir? Artıq biz karantin rejimi ilə yoluxma ocaqlarını lokallaşdırmaqla pandemiyanın yayılmasını önləmək mərhələsini əldən buraxmışıq. Bu səbəbdən də bütün karantin rejimləri aradan qaldırılmalı, sərhədlər açılmalı, sadəcə özlərini qorumaq üçün insanları bir tərəfdən maariləndirmək, digər tərəfdən isə cərimə xofu ilə çəkindərmək lazımdır. İndi artıq vətəndaşlarımız mart-aprel aylarındakı kimi inamsız deyil, cəmiyyət koronavirusun varlığına inanır. Ramil Bayramlı demişkən, vətəndaşlar ətrafında xəstələri görür və çəkinir. Yəni, qeyri-inzibati yolla - cəmiyyəti maarifləndirməklə pandemiyaya qarşı mübarizə aparmaq üçün münbit şərait yaranıb.

  Niyə məhz dövlət sərhədi?

Ermənistan Azərbaycanı hərbi blokla üz-üzə qoymağa çalışır...

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimi kobud şəkildə pozulub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısı alınıb, düşmən geri oturdulub.

2016-ci il Aprel döyüşlərindən sonra Ermənistanın Azərbaycanla dövlət sərhədində irimiqyaslı təxribata əl atması diqqət çəkir.

Azərbaycan XİN-nin yaydığı bəyanatda bildirilir ki, bu təxribatçı əməl təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir.

"Ermənistan bu əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır”, - Azərbaycan Xarici İşlər Nazirliyinin iyulun 12-də verdiyi bəyanatda belə deyilir.

Hərbi ekspert Azad İsazadə hesab edir ki, ola bilsin, Ermənistan ordusunun Tovuz istiqamətində təxribat yaradaraq Azərbaycanı əməliyyatlara cəlb etməkdə məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ölkəmizə qarşı hərəkətə gətirməkdir.

Ekspert əlavə edib ki, Ermənistanın bütün səylərinə baxmayaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı indiki halda bu prosesə qoşulmayacaq. Onun sözlərinə görə, bu hərbi alyansda iştirak edən Belarus və Qazaxıstan Azərbaycana qarşı proseslərdə birmənalı şəkildə iştirak etməyəcək: “Deməli, bircə Rusiya qoşula bilər. Amma Rusiya tərəfi də Nikol Paşinyana görə bu prosesə qoşulmaz”.

A.İsazadənin fikrincə, bəlkə də, erməni hərbçilərinin törətdiyi təxribatın bir niyyəti də odur ki, Paşinyan ruslardan kömək istəsin və beləcə, Rusiyanın siyasi xəttinə qayıtsın. Mütəxəssis, Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi təxribata Qarabağ cəbhəsində cavab verilməsinin lazım olduğuna dair səsləndirilən fikirləri də şərh edib: “Konkret bu vəziyyətdə Tovuz istiqamətində bizə atəş açan erməni mövqeləri susdurulmalıdır və Azərbaycan öz mövqeyini möhkəmlətməlidir. Ermənilər Tovuza top atəşi açırsa, bunun əvəzi olaraq Qarabağda savaşa başlamağımız düzgün deyil. Çünki Qarabağ üçün səbəbi nə Tovuzda, nə də Naxçıvanda axtarmalı deyilik. Yəni Qarabağı azad etmək üçün bizə səbəb lazım deyil, səbəblərimiz onsuzda əvvəldən var. Deməli, biz hansısa təxribatları gözləməyə də bilərik. Sadəcə, hansısa əməliyyatlar hazırlanmalıdır. Ola bilsin ki, xəritə üzərində bir neçə əməliyyat variantları artıq hazırdır. Məqam yarandıqda bu variantlardan istifadə etməliyik”.

 

Müharibə şəraitində "informasiya müharibəsi"

 Azərbaycan mediası dövlətin informasiya müharibəsinə dəstək verməlidir

 Azərbaycan 30 ildən çoxdur ki, mənfur qonşumuzun "ayı xidməti" nəticəsində müharibəyə cəlb edilib nəticədə ərazisinin beşdə biri işğal edilib. Belə bir ölkə hər an müharibəyə hazır olmalı, böyük savaşa günbəgün yaxınlaşmalıdır. Bu istiqamətdə görülən işlər içərisində ən səmərəli istiqamət ölkədə ordu quruculuğudur. Bu illər ərzində hökumət Qafqazın ən qüdrətli ordusunu formalaşdırıb. 2016-ci ilin aprel döyüşləri bunu əyani olaraq təsdiqlədi. Həftənin bazar günündən başlayaraq isə Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisindən keçən hissəsində düşmən yeni təxribat həyata keçirdi layiqli cavabını aldı. Düzdür, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan daş atıb başın tutur ki, bizim heç bir itkimiz olmayıb. Bu əslində müharibə şəraitində Ermənistan hakimiyyətinin apardığı informasiya müharibəsinin bir detalıdır. Müharibənin yazılmayan qanunlarına görə, istənilən şəraitdə hücum edən tərəf daha çox itki verir. Ermənilər bu məntiqlə, bizim az itkilərimizə rəğmən öz itkilərini gizlədir ki, beynəlxalq müşahidəçiləri təxribatın Azərbaycan tərəfindən törədildiyinə inandıra bilsin. Lakin ermənilər qədər hiylə işlədsələr , həqiqəti heç vaxt gizlədə bilməyiblər indi gizlədə bilməyəcəklər. Əvvala, Azərbaycan müharibəyə başlasa məntiqlə  işğal altında olan öz torpaqlarının azad edilməsi istiqamətində əməliyyatlara başlayardı. Çünki bunun üçün rəsmi Bakının əlində BMT-nin dörd qətnaməsi var, həmin qətnamələr birmənalı şəkildə əsas verir ki, Azərbaycan Ordusu istənilən anda bexnəlxalq səviyyədə tanınan şərhədləri daxilində anti-terror əməliyyatları həyata keçirsin torpaqlarını işğaldan azad etsin. Belə olan halda, Azərbaycan nədən əməliyyatlara Ermənistan sərhədlərindən başlasın? Cavab odur ki, bu təxribat ermənilər tərəfindən məqsədyönlü şəkildə törədilib ki, daxili siyasi qarşıdurmanın intensivliyini azaltsın. Hazırda erməni cəmiyyəti Paşinyan iqtidarından narazıdır. Bu narazılıqların təzyiqini bir qədər pandemiya artırır. Qeyd edək ki, Qafqaz ölkələri arasında ən gərgin pandemik durum Ermənistandadır. Bununla yanaşı, məlum həqiqətdir ki, Ermənistan ianə yardımlarla yaşayan ölkədir. İndi isə pandemiya vaxtı ilə Ermənistanı dolandıran ölkələrin beynəlxalq təşkilatların özünü çökdürüb. Bu səbəbdən əvvəllər Erməniştana axan ianə kanalları indi "quruyub". Bu isə ölkə daxilində əhalinin maddi vəziyyətini pisləşdirərək sosial partlayış səviyyəsinə çatdırıb.

Bu bizimlə Ermənistan arasındakı münaqişəyə o qədər təsir gücünə malik olmayan məsələ olsa da, rəsmi İravan hakimiyyət dəyişikliyi ərəfəsindədir. Bunu Paşinyan iqtidarı daha yaxşı bilir, o üzdən cəmiyyətin diqqətini daxili mubarizədən yayındırmaq üçün müharibə ritorikasından istifadə etməyə çalışır. İnisidentin Azərbaycan-Ermənistan sərhəddində baş verməsi bunu aydın şəkildə təsdiqləyir. Hesab edirik ki, Azərbaycan tərəfi düşmənin təxribatının qarşısını layiqincə almalı fürsətdən istifadə edərək müharibənin vektorunu öz maraqlarına uyğun olaraq dəyişməli öz sərhədləri daxilində sürətli anti-terror əməliyyatlarına başlamalıdır. Bu məsələnin bir tərəfidir.

Aprel döyüşləri təcrübəsi göstərdi ki, Azərbaycan mediasının müharibə şəraitində fəaliyyət praktikası çox aşağı səviyyədədir. Bu gün həftənin birinci günüdür, şəraitin dəyişib-dəyişmədiyini qarşıdakı günlərdə müşahidə edəcəyik. Diqqət edirsinizsə, düşmən mediası Müdafiə Nazirliyinin yaydığı yalan informasiyalara dəstək verir. Sözsüz ki, erməni media mənbələri ölkənin cəbhədəki itkilərindən bixəbər deyil, lakin buna rəğmən heç kim bu itkilər barədə bir cümlə yazmır, hamı Nazirliyinin məlumatına istinad edir. Əslində, sülh şəraitində media belə çalışmamalıdır, bu formada işləmək medianın minusu sayıla bilər. Amma ümümidövlət maraqlarına uyğun olaraq, müharibə şəraitində medianın bu rejimdə çalışması dövlətin apardığı informasiya müharibəsinə dəstək sayıla bilər. Düşünürük ki, Azərbaycan mediası da təxminən bu çərçivə daxilində çalışmalı, müharibə ilə bağlı Müdafiə Nazirliyinin informasiyasından kənar heç bir informasiya, yüz faiz təsdiqlənmiş olsa belə, yayılmamalıdır. Digər tərəfdən isə Müdafiə Nazirliyinin mətbuat xidməti operativ işləməlidir ki, cəbhədən gələn informasiyaların mənbəyi kimi fovarit mövqe tuta bilsin. Daha aprel döyüşlərindəki kimi, kim kölluqdan çıxan bir tank görür, onu çəkib öz düşüncəsinə uyğun şərhlə internet resurslarına yerləşdirməklə oxucu yığmaq fikirinə düşməməlidir. Ona görə ki, həmin informasiyanı isti-isti yayan media quruluşunun qazancı dövlətin millətin itirəcəklərindən qat-qat çox ola bilər. Bu mənada bütün Azərbaycan mediasını cəbhə informasiyalarını yayarkən yalnız Müdafiə Nazirliyinə istinad etməyə, o çərçivədən kənara çıxmamağa çağırırıq. İnanırıq ki, bütün KİV-lər bu çağrışı anlayışla qarşılayacaq. Çünki bu Vətənimiz, xalqımız cəmiyyətimiz üçün ən vacib olan məqamdır.

Akif Nəsirli

1.0753779411316