Geriyə doğru irəli...

Geriyə doğru irəli...
 

Hazırkı inkişafı belə də ifadə etmək olar

 Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

  Dünya tarixini vərəqlədikcə insan dəhşətə gəlir. Dəhşət doğuran faktor da elə insanın öz əməlidir. İnsan yaradılmışların ən ali varlığı olsa da, dünyada baş verən  xoşagəlməz hadisələrin də səbəbkarıdır. Uzağa gedib tarixin kif atmış səhifələrini vərəqləmək fikrində deyiləm, heç qədim dünya tarixindən də bəhs etmirəm. Elə götürək hazırda insanları məhv edən koronavirus bəlası üzərində bir-birini günahkar sayan Çin və Amerikanın bilim adamlarını.

Onların biri digərini virusu yaratmaqda və dünyada yaymaqda ittiham edirlər. Bu dövlətlərin rəhbərlərinin pandemiyadan əvvəlki dövrdə də münaqişə durumunda olduqları hər kəsə yaxşı bəllidir. Amma hansı ölkənin əməli olmasından asılı olmayaraq, dünyanı fəalkətə sürükləyən bütün bəlalar insanların əməlinin bəhrəsidir, gizlətmək lazım deyil!

Yəqin xatırlayırsınız, bu ölkənin bilim insanları açıq şəkildə etiraf etdilər ki, elm və texnikanın sürətli inkişafı hazırda insanın məhv olmasına xidmət edir. Bəhanə də onu gətirdilər ki, yer kürəsində insanların sayı sürətlə artır və insanların yaşaması üçün lazım olan maddi nemətlər və ehtiyatlar tükənir.

Ona görə də, məhşur Amerika milyarderi “Microsoft” şirkətinin sahibi Bil Qeyts Davos iqtisadi formunda çıxış etdi və dünyada gözlənilən demoqrafik fəlakətin qarşısını almaq məqsədilə müxtəlif qabaqlayıcı təkliflər irəli sürdü, amma bu təklifləri ciddiyə alan tapılmadı.

Bu problemlərin həllilə bağlı ölkəmizə də nəzər salaq. Dünyanın qlobal problemlərinin Azərbaycanda müşahidə olunması təbii haldır. Bu il pandemiyanın hazırda tüğyan etdiyi ölkəmizdə həm içməli su, həm də suvarma suyunun qıtlığı hər yerdə insanların əsas probleminə çevrilib. Başa düşmürəm, dünyada su qıtlığının baş verəcəyi barədə dünya alimləri haray çəkəndə bizim alimlərimiz və bu işə cavabdeh olan dövlət orqanları harada yatmışdılar?!

Pandemiyanın qarşısının alınmasında aciz duruma düşsələr də, dünyanın qabaqcıl dövlətlərində su qıtlığına qarşı ciddi hazırlıq tədbirləri görüldüyü halda, bəs, bizim ölkədə niyə qabaqlayıcı tədbirlər görülmədi? Nəticədə Kür çayında suyun azalması bu çayın sahilində yaşayan insanların və  çayın suyundan istifadə edən Bakı əhlinin narahatlığına ciddi səbəb olub...

Ölkəmizdə bu tip suallar həddindən çoxdur, amma cavab verən isə yoxdur. Bəzən ölkəmizin problemlərindən danışan hakimiyyət mənsubları öz bacarıqsızlığına haqq qazandırmaq üçün dünyanın qabaqcıl dövlətlərinin problemlər qarşısında acizliyindən misal gətirməyi çox sevirlər. Lakin bu məqamda fikirləşmirlər ki, ölkənin bütün problemləri həll etmək imkanı olmasına baxmayaraq, xalqımız rahat və təminatlı həyat tərzindən hələ də məhrumdur.
Necə deyərlər, geriyə doğru İRƏLİ...

0.014732122421265