Virus...

O qələbəni kimsə arzulamaz

 Hazırda karantin rejimində və koronavirusla “dinc-yanaşı” yaşadığımız dönəmdə rəsmi şəkildə sosial təcrid vəziyyətində olmalıyıq. Ona görə olmalıyıq yazıram ki, hazırda o sözün mahiyyətinə bütövlükdə əməl edən yoxdur.

Etiraf edirik, gündəmdə əsasən, koronavirusla bağlı xəbərlər, məlumatlardır. Əsas xəbərə bağlı məlumatlar, videolar, açıqlamalar da onunla sərasər, efirdən, sosial mediadan, bütün məlumat bazalarından yayımlanmaqdadır.

Belə olan halda, əlbəttə ki, azadlığını, rifahını hər şeydən öncə bilən insan övladı evdəqal tədbirlərindən, karantin rejimindən darıxacaq, yorulacaq və hazırkı situasiyanı dəyişən nələrisə etməyə doğru yönələcək. Hansı ki bu hərəkətlər birbaşa onun sağlamlığına təhlükəyə hesablanıb. Azadlıq və rifahla bərabər addımlayan, bəzi hallarda ondan da önə keçən sağlamlığına...

Bu mənada, karantin rejiminə uyğunlaşmaq, istəsək də, istəməsək də, onunla hesablaşmaq məcburidir. Mövcud situasiyanın xarakterini dəyişməyə isə fərdi və ümumi qaydada kiminsə gücü çatmır, çünki dünyanı cənginə alan təhlükəli virusa qarşı əks vasitə hələ tapılmayıb, tapılanların tətbiq edilməsinə isə zaman lazımdır.

O zamanı gözləməyib darıxanlar, evdən bayıra çıxmağa tələsənlər üçün vaxtaşırı yazılar yazırıq ki, oxusunlar, maariflənsinlər, mövcud virusun nə qədər təhlükəli olduğunu gözə alıb qabaqlayıcı tədbirlərdən doğan tələblərə əməl etsinlər. Çünki müsbət nəticə hazırda tək bir və bir neçə nəfərin sağlamlığına hesablanmayıb. Bu dəfə hədəf insanlığı bitirməyə hesablanan təhlükəyə qarşı birləşməkdədir.

O birlik ki, onunla bağlı dəfələrlə söhbətlərimiz, yazılarımız olub. Özümüzü təhlükədən qorumağa hesablanan istənilən addım bütövlükdə insanlığı qurtarmağa yönəlib. Bu məqamda, keçmiş dönəmlərin məşhur “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” şüarını hazırkı situasiyaya uyğun yada salmağın yeri görünür.

Bəli, bu gün vəzifəsindən, sosial və siyasi statusundan, rəngindən, irqindən və s. asılı olmayaraq, hamı mövcud təhlükəyə qarşı tətbiq edilən tədbirlərə ciddi əməl etməlidir. Yekdil şəkildə qabaqlaycı tədbirlər olmasa, müsbət nəticə də gözlənilən deyil. Bu gün koronavirusun uşaqdan-böyüyə hamının dilinin əzbəri olmasına baxmayaraq, vəziyyətin necə çətin, təhlükəli və kritik olmasının fərqinə baxmayanlar kifayət qədərdir. Onları yaş kateqoriyasına ayırmadan, məsuliyyət göstəricisinə görə eyniyyət təşkil etməsini qeyd-şərtsiz demək olar. Virusun dünyanın baş bəlasına çevrildiyi, qurbanlar verdiyi hazırkı şəraitdə onun varlığına inanmayanlarla inananlar arasında elə də ciddi fərq yoxdur. Kimisə dindirəndə, SMS vasitəsilə, icazə ilə bayırda olduğunu soruşmağa da ehtiyac yoxdur. Çünki bəzi yerlərdə karantinə nəzarət edən qurumların əməkdaşlarının da vəzifə borcuna laqeyd münasibət göstərdiyini görmək mümkündür. Necə deyərlər, virus paytaxtın mərkəzində, nəzarətin daha çox olduğu ərazilərdə ola bilər, Bakıdan kənar yerlərdə isə ola bilməz? Belə yanaşmaların olduğu bəzi ərazilərdə insanların seyrək, nəzarətin isə güclü olduğunu demək mümkündür. Eləcə də, paytaxtın mərkəzindən uzaqlaşdıqca, insanların da küçədə-bayırda gur olduğunu, uşaqların, gənclərin heç yerdə təhlükəyə fikir vermədən kütləvi şəkildə futbol, basketbol oynadığını, həyətlərin arasında olan bağlarda, meydançalarda saatlarla vaxt keçirdiyini müşahidə etmək olar. Doğrudur, yay ayıdır, evdə qalmaq çox çətindir, insanın özünü həbsdə olmuş kimi hiss etməsini aradan qaldıran heç bir tədbir işə yaramır. Lakin, nə etməli? Hər gün yenilənən statistikanın, qurbanların artan siyahısının fonunda, fərdi qaydada təhlükəsizliyə əməl olunmalıdır ki, bu kimi mənfi hallar, fəsadlar azalmağa, sonunda dayanmağa doğru getsin.

...Sərtləşdirilmiş və sonradan yumşaldılmış karantin rejimini yaşayanlar hər iki halda virus təhlükəsinin bütövlükdə aradan qalxmadığını gördülər. Bu rejim, qeyd etdiyimiz kimi, vəzifəsindən və statusundan asılı olmayaraq, hamı üçün eyni olmalıdır. Virusun mövcud olub-olmadığını düşünənlərin yekdil olaraq bir məqamda ortaq nöqtəyə gəlməsinə ehtiyac var. O olmasa, bu təhlükə, onun fəsadı hələ çox olacaq, necə deyərlər, “bu xəmirin hələ çox su aparacağı”nı bilsək də, inanaq ki, ona qarşı olan tədbirlərə əməl etməklə, özümüzü qorumaqla, sonunda hər birimizin təhlükəsizliyinə doğru addım atmış olacağıq...

Paytaxtdan başlayan sərt karantin rejimi hazırda bölgələrdə, on altı rayonda davam edir. Kimsə də istəyib-istəməməsindən asılı olmayaraq, ona əməl etməyə məcburdur. Alternativ vasitə və yol təəssüf ki, yoxdur. Yeganə yol “ya zəlzələdən, ya da vəlvələdən” düşdüyümüz vəziyyətdən, tələb olunanlara əməl etməklə, sağ çıxmaqdır. Bu vəziyyətdə, hazırkı şəraitdə bəzilərinin düçar olduğu məsuliyyətsizlik mərəzinin çoxluğa yoluxması elə pandemiyanın özü qədər təhlükəlidir.

Hazırkı karantin tədbirləri, bəlli vasitələrdən istifadə etmək, sosial izolyasiya, özünü təcrid və s. çoxlarına, elə hamıya xoş gəlməyə bilər. Bu, kimsənin ürəyincə deyil, əslində. Fəqət qeyd etdiyimiz kimi, başqa yol yoxdur. Yaşamaq, var olmaq, koronavirusdan tezliklə, az itki ilə çıxmaq, təhlükəli virusun bütövlükdə məhv olmasını istəyiriksə,bizdən tələb olunanları yerinə yetirməliyik. Təbii ki, bunu istəyiriksə...

Əks halda, biz virusa deyil, o bizə qalib gələcək. Belə qələbənin ölkəmizdə yaşanmasını isə zənn edirəm, kimsə arzulamaz.

 Nigar Orucova 

1.0263340473175