İnsanlararası dini və milli ziddiyyətlərin aradan qaldırılmasında da tolerantlığın özünəməxsus rolu var
Multikulturalizmin inkişaf etdirilməsi prosesində milli-mənəvi və islami dəyərlərin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir
Qloballaşan müasir dünyamızda baş verən proseslər cəmiyyətdə elə problemlər yaradıb ki, bəzən insanlar onların həllinin mümkünsüz olduğu iddiasına gəlirlər. Bəzi Qərb dövlət başçılarının multikulturalizmin iflasa uğraması barədəki iddiaları da, məhz buradan qaynaqlanır. Bununla belə, bu proses müasir sosial-mənəvi tərəqqinin mühüm sahəsi olan mədəniyyət və sivilizasiyalarla bilavasitə bağlılıq təşkil edir. Bu baxımdan mədəniyyət bir tərəfdən şəxsiyyətin yaradıcılıq fəaliyyəti, digər tərəfdən isə bu prosesin fəaliyyət üsulu və nəticəsi kimi özünü göstərir. Əslində isə mədəniyyətə şəxsiyyətin mövcudluğunun meyarı, onun özünüdərki və təsdiqi kimi baxmaq lazımdır. Çünki hər bir fərd özünün daim inkişaf edən sosial-mənəvi keyfiyyətlərinin mürəkkəb və açıq sistemi kimi çıxış edir, bununla da şəxsiyyətin sosial-mənəvi yetkinliyi onun mədəniyyətinin səviyyəsi ilə müəyyən olunur.
Azərbaycan dövləti də, öz müstəqilliyinə qovuşduğu gündən insan problemi, onun mənəvi aləmi, mədəniyyəti, təhsili və tərbiyəsi, cəmiyyətimiz üçün faydalı bir şəxsiyyət kimi formalaşması məsələlərinə xüsusi əhəmiyyət verməyə başladı. Ümummilli Lider Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmlənməsi, onun beynəlxalq nüfuzunun artması ilə əlaqədar olaraq cəmiyyətimizin mənəvi saflığı, bəşəri-mənəvi dəyərlərin daha da inkişafı sahəsində gördüyü işlər nəticəsində, təhsil və tərbiyə, milli-mənəvi dəyərlər, eyni zamanda dövlət-din münasibətlərində mühüm irəliləyişlər əldə olundu. Burada yetişməkdə olan gənc nəslin təlim-tərbiəsi də xüsusi yer tutur. Bununla bağlı, müstəqil Azərbaycan gənclərinin I Forumunun ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən Ulu öndər Heydər Əliyev deyib: "Gənclər xalqımızın milli ənənələri, milli-mənəvi dəyərləri əsasında tərbiyələnməlidir. Gənclərin tərbiyə edilməsində, təhsilində, eyni zamanda ümumbəşəri dəyərlərdən geniş istifadə olunmalıdır. Milli, mənəvi, ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşların və xüsusən də gənclərimizin mənəvi kodeksini təşkil etməlidir".
Onu da qeyd etmək vacibdir ki, multikulturalizmin və toleranlığın qorunaraq inkişaf etdirilməsi prosesində həm milli-mənəvi dəyərlər sisteminin, həm də islami dəyərlərin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, həm də bütövlükdə cəmiyyətin, ayrılıqda isə hər bir insanın, fərdin mənəvi təkamülündə xüsusi rol oynayır. 70 illik rus-sovet rejiminin süqutundan sonra müstəqillik əldə edən ölkəmizdə şəxsiyyət, söz azadlığı, insan və onun ləyaqətinə ehtiram, millətin milli-mənlik şüurunun oyanması, onun öz kökünə qayıdışı və özünü dərk etməsi, dini dəyərlərə yeni münasibətin yaranması da, məhz son illərdə geniş miqyas alan sosial-mədəni tərəqqinin açıq təzahürüdür. Bütün bunlar onu deməyə əsas verir ki, xalqımızın mənəvi dünyasının ayrılmaz hissəsinə çevrilən tolerantlıq və multikulturalizm millətin mənəvi dirçəlişində, burada yaşayan xalqlar və dinlər arsında möhkəm birliyin və harmoniyanın yaranmasında xüsusi rol oynayır. Bu baxımdan indiki dövrdə din və mədəniyyətin, xüsusilə islam mədəniyyətinin olduğu kimi obyektiv olaraq öyrənilməsi də, mühüm əhəmiyyət kəsb edir.
Çünki islam dininin özü də xalqlar və dinlər arasında tolerantlığın vacibliyini ön plana çəkir. Bu baxımdan bəşəri birgəyaşayışın və harmoniyanın tərəqqisində, insanlar arasında mövcud olan dini və milli ziddiyyətlərin aradan qaldırılmasıda da tolerantlığın xüsusli rolu var.
Bu inkişaf və tərəqqi, eyni zamanda bəşəriyyətin sosial-mədəni həyatının, onun bütün sahələrini əhatə edir. Bu baxımdan müasir Azərbaycan cəmiyyətində multikultural və tolerantlıq dəyərləri heç də boş yerdən yaranmayıb və onun ta qədim zəmanlardan formalaşan özünəməxsus mənbələri və mənəvi əsasları var.
Bununla belə, onu da qeyd etmək vacibdir ki, tarixin müxtəlif dövrlərində həmin dövrün tələblərinə və inkişaf xüsusiyyətlərinə uyğun olaraq sivilizasiyaların yaranması, formalaşması, inkişafı və həm də süqutu halları baş verib. O dövr fəlsəfi fikir daşıyıcıları sivilizasiyalardan, onun inkişafından danışarkən müxtəlif tarixi köklərə, ideyalara əsaslanan və dini-siyasi təkamülə meyilli baxışlardan və sivilizasiyalardan, onların əməkdaşlığı və dialoqu barədə fikirlərini dilə gətiriblər.
Burada isə söhbət bu sivilizasiyalar arasında yaranan fərqlərdən deyil, daha çox onların oxşar cəhətlərindən gedir. İranın tanınmış din xadimi və alimi doktor M.Hatəmi özünün "İslam, dialoq və vətəndaş cəmiyyəti" adlı əsərində bu məsələyə toxunaraq "sivilizasiyaların toqquşması" ideyasına qarşı çıxır. Bununla da Qərbin Şərq ölkələrinə qarşı apardığı müharibələri pisləyir, sivilizasiyalar, dinlər və xalqlararası dialoqa daha çox haqq qazandırdığını ortaya qoyur. M.Hatəminin fikrincə, sivilizasiyaların dialoqu xalqların və dövlətlərin bərabərliyi deməkdir və dialoq o vaxt mümkün olur ki, onun hər bir iştirakçısı bir-birinə humanistcəsinə və bərabərhüquqlu münasibət nümayiş etdirir. Alman filosofu İ. Kant isə hesab edirdi ki, insan əqlini maraqlandıran məsələlər nə bir əsrin, nə də bir millətin həll edə biləcəyi problem deyil, bəşəriyyətin inkişafı ilə bağlı olan bir məsələdir.
Bu gün öz inkişafı ilə qloballaşmanın bir çox problemlərinin həllində mühüm rol oynayan multikulturalizmin və tolerantlığın daha geniş formada təbliği və təşviqi də, bilavasitə bəşəri birgəyaşayışın təmin olunmasına xidmət edir. Bu baxımdan müxtəlif mədəniyyətlərin inkişaf təcrübəsi də, onu deməyə əsas verir ki, mədəniyyət bütövlükdə bəşəriyyətin mütərəqqi inkişaf tarixidir və qloballaşan dünyamızda insanların milli-mənəvi varlığının qorunmasına və inkişafına ciddi təsir edir. Müasir dövrdə beynəlxalq əlaqələr inkişaf etdikcə, mədəniyyətlərarası əlaqələr də ümumbəşəri xarakter alır və beynəlxalq ünsiyyət və əməkdaşlığın qaçılmaz formalarından birinə çevrilir. Bununla da ümumbəşəri dəyərlər universal mənəvi sərvətə çevrilir. Ancaq onu da qeyd etmək vacibdir ki, cəmiyyətin mədəni yeniləşməsi, humanist ideyaların və prinsiplərin möhkəmlənməsi, multikultural və tolerant münasibətlərin formalaşdırılması, ümumbəşəri mədəni dəyərlərlə vəhdəti şəklində mümkün ola bilər. Bununla belə, dünya mədəniyyətinə inteqrasiya olunan milli mədəniyyətlər - elmi, mədəni, əxlaqi, fəlsəfi, ədəbi-bədii və digər sahələr, yalnız milli məzmun kəsb etmir, həm də ümumbəşəri forma alaraq, ümumdünya mədəniyyətinə çevrilir.
Əgər biz multikulturalizmin və tolerantlığın bütün dünyada təbliğindən danışırıqsa, ilk növbədə beynəlxalq məzmunlu, eyni zamanda rəngarəngliyi ilə fərqlənən, bənzərsiz və təkrarolunmaz milli mədəniyyətləri özündə birləşdirən mədəniyyətlərarası əməkdaşlığı və dialoqu nəzərdə tutmalıyıq. Çünki qloballaşma prosesində ən müxtəlif irq, mədəniyyət, etnik qrup və dinlərin ünsiyyəti və dialoqu getdikcə daha mühüm əhəmiyyət kəsb etməyə başlayır. Bu gün dünyada elə bir mədəniyyət yoxdur ki, etnik, milli və bəşəri aspektləri özündə birləşdirməsin, lakin onların arasında qarşılıqlı münasibətlərin spesifik qanunauyğunluqlarına malik çox mürəkkəb ziddiyyətlər var. Bu ziddiyyətlərin aradan qaldırılması üçün də hər bir mədəniyyətin özünün milli, vahid etnomədəni xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu gün müasir dünyamızın qarşısında duran əsas vəzifələrdən biri də, multikulturalizmi və tolerantlığı inkişaf etdirmək yolu ilə dünyanın müxtəlif xalqları arasında əlaqələri genişləndirmək, müxtəlif sivilizasiyaların bir-birinə yaxınlaşmasını təmin etməklə bütün bəşəriyyətə xas olan ümumi ideya və idealların xüsusi çəkisini artırmaqdır.
Azərbaycan dövləti də müasir dünyada gedən geosiyasi və etnomədəni proseslərdə qarşılıqlı anlaşma və faydalılıq əsasında vahid məkan yaradılmasını zəruri edən bu problemlərin həlli istiqamətində vacib olan bütün işləri görür. Məhz buna görə də, Azərbaycan qloballaşan müasir dünyamızın ən multikultural və tolerant məkanlarında biri kimi qəbul olunur. Heç şübhəsiz ki, Şərq ilə Qərb arasında irqi, dini və s. fərqlərin daim mövcud olub və bu gün də istisna deyil. Bütün bunlara baxmayaraq, Azərbaycanın son illər istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə multikulturalizmin inkişaf etdirilməsi və təbliği istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr nəticəsində, demək olar ki, artıq həmin ziddiyyətlər arxa plana keçib və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə zəmin yaranıb.
Məhz bu səbəbdən də, bu gün biz, artıq onların arasındakı mədəni əməkdaşlığın kortəbii proses kimi deyil, əksinə, qarşılıqlı anlaşmanın obyektiv və məqsədəuyğun bir proses olduğunu görür və hiss edirik. Bu da o deməkdir ki, dinlər və mədəniyyətlərarası əməkdaşlıq və dialoq artıq qarşısıalınmaz, qanunauyğun bir proses kimi günümüzün tələbinə çevrilib.
Bu prosesin davam etdirilməsi üçün sivilizasiyalararası əməkdaşlıq və dialoq konsepsiyasının işlənib hazırlanması günün ən aktual məsələlərindən biridir. Bu problemin ciddiliyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında tədbir iştirakçılarının diqqətini bu məsələyə yönəldərək deyib: "Biz hamımız istəyirik ki, dünyada dinlərarası, mədəniyyətlərarası münasibətlər sağlam zəmində həllini tapsın, əməkdaşlıq meyilləri güclənsin, xoşagəlməz halların qarşısı alınsın, ümumiyyətlə, dünyada sivilizasiyalararası dialoqun inkişafında müsbət meyillər üstünlük təşkil etsin".
Son zamanlar bu sahədə müşahidə olunan tendensiya onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin tövsiyələri artıq öz müsbət nəticələrini verməkdədir.
“Paralel”in Araşdırma Qrupu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub