Trampın sərəncamı tənqid və təqdir olunur

Trampın sərəncamı tənqid və təqdir olunur
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 ABŞ Prezidenti D.Tramp mayın 28-də “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalayıb. Sərəncama Ağ Evdə təşkil edilən mərasimdə imza atan Tramp bu barədə jurnalistlərə məlumat verib.

Tramp deyib: “Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. Twitter kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu, böyük bir qərardır”.

Dünyada, o cümlədən də Azərbaycanda ciddi maraq doğuran, bəzi hallarda isə kəskin tənqid edilən bu sərəncamın mahiyyətində nəhəng sosial media şirkətlərinin öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyması dayanır. Bununla da “təhlükəli güc” tətbiq etmələr; Twitter, Facebook, Instagram və YouTubda informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışırlar. D. Trampa görə, xüsusilə Twitter ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir. Onların antiABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur.

Sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motiv kəsb edir və fikir plüralizminə ziddir. Onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara malik deyil. Bunlar isə ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşmalıdır, onlayn platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zərurətə çevirir.

Trampın sərəncamı hazırda dünyada ən çox müzakirə mövzusudur. Məsələni ciddiləşdirən amil isə, həm də Avropada bir sıra dövlətlərin, o cümlədən Almaniyanın sosial şəbəkələrin zərərli təsirindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul etməsi və bu prosesi sürətləndirməsidir.

Bu addımın tərəfdarları hesab edirlər ki, sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatlar, mənəvi-əxlaqi normalara zidd materiallar, terror, zorakılığa çağırış, qeyri-qanuni ticarət və digər zərərli əməllərin geniş yayılması, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı zərərli kampaniyalar təşkil etmək, siyasi kataklizmlər formalaşdırmaq kimi təhlükəli hallara şərait yaradır.

Mövcud şəraitdə hazırkı sosial media elə bir platforma həddinə çatıb ki, hazırda bu platforma vasitəsilə ölkəmizə qarşı Azərbaycan əleyhinə olan xarici qüvvələr tərəfindən qərəzli kampaniyalar aparılır, ölkəmizə qarşı ardıcıl terror çağırışları edilib və edilir. Hazırda Azərbaycanın düşmənləri, erməni və ermənipərəst dairələr sosial media vasitəsi ilə ölkəmizə qarşı fasiləsiz qarayaxma kampaniyaları aparır, feyk məlumatlar yayır, informasiya müharibələri təşkil edirlər. Lakin Azərbaycan, rəsmi Bakı sosial mediaya dözümlü yanaşır, baş verən bütün mənfi proseslərə baxmayaraq, indiyə qədər heç bir məhdudlaşdırıcı tədbir görməyib. Bəs, bundan belə, bu cür addımlar atıla bilərmi, Avropanın, ardınca Trampın atdığı addımlara Azərbaycan qoşulacaqmı?

Hesab edirəm ki, sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələrin getdiyi ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda, Azərbaycan da bu qlobal prosesə mütləq qoşulmalıdır.

0.020304918289185