Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə videokonfrans keçirilib - FOTO

 

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 102-ci ildönümü münasibətilə videokonfrans keçirilib.   

Videokonfransda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Cümhuriyyətə aparan yol” mövzusunda çıxış edərək, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən AXC-nin yaranması, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirilən yeniliklərin Azərbaycan xalqının tarixində olan yeri və əhəmiyyəti haqqında konfrans iştirakçılarına məlumat verib.

O, görüşdə iştirak edən tələbələrin AXC-nin yaradılmasına aparan yol, həmin tarixi dönəmdə regionda və dünyada baş verən hadisələr, bunların Cümhuriyyətimizin mövcudluğuna təsiri və respublikanın süquta uğramasını şərtləndirən səbəblər barədə suallarını cavablandırıb.

Professor xüsusilə vurğulayıb ki, AXC-nin varisi olan hazırkı dövlətimizin müstəqilliyinin möhkəmlənməsi və daha da qüdrətlənərək inkişaf etməsi üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər əllərindən gələni etməli və hər zaman müstəqilliyimizi və dövlətçiliyimizi əziz tutmalıdırlar.

Qeyd edək ki, görüşdə 200-ə yaxın gənc iştirak edib.

 

0.41206884384155