Ukraynalı həkim Sergey Kravçenko: “COVID-19-a dənizdə də yoluxmaq olar və bu, ciddi məsələdir” - MÜSAHİBƏ

Koronavirusun ikinci və hətta üçüncü dalğası barədə, demək olar ki, bütün ölkələrdə danışılır. Yalnız müddəti ilə əlaqədar fikir ayrılıqları var. Məsələn, Rusiyada epidemiyanın ikinci dalğası yayın sonunda gözlənilir.

TASS agentliyinin məlumatına görə, bunu rusiyalı yoluxucu xəstəliklər mütəxəssisi və vaksinoloq Yevgeni Timakov deyib.

Onun sözlərinə görə, Çində ikinci dalğanın pik dövrü iyun ayında olacaq.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa görə tətbiq edilən məhdudiyyətlərin çox erkən aradan qaldırılmasının riskləri barədə xəbərdarlıq etmişdi. Yeri gəlmişkən, ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı koronavirus infeksiyası üçün hazırda peyvənd və dərman olmadığı üçün ölkəmizdə epidemiyanın ikinci, üçüncü və digər dalğalarının da istisna edilə bilməyəcəyini söyləmişdi.

Media.Az-ın bugünkü qonağı Ukrayna Milli Tibb Palatasının sədri, hərbi epidemioloq Serqey Kravçenko ilə koronavirusla bağlı vəziyyət müzakirə edilib.

- Dünyanın bir çox ölkələri, o cümlədən Ukrayna və Azərbaycan karantin rejimini yumşaltmağa başlayıb. Ancaq COVID-19 pandemiyası pik həddə çatmayıb. Belə bir vəziyyətdə karantin rejimi yumşaldılmalı idi?

- Son 100 ildə iki pandemiya keçirmişik: birincisi, “ispan qripi” (1918-1920-ci illərdə), ikincisi isə keçən əsrin 60-cı illərinin sonu - 70-ci illərin əvvəllərində vəba pandemiyası.

İndi seçim həqiqətən sadədir: ya koronavirusdan öl, ya da acından. İqtisadi proseslər çox vacibdir, buna görə hər şeyi koronavirusla mübarizəyə cəlb edə və yerdə qalanları unutmaq olmaz. Bu, təkcə Ukrayna və ya Azərbaycanla bağlı deyil. Söhbət qlobal iqtisadiyyatdan gedir.

Yeri gəlmişkən, xeyli azərbaycanlı dostum var, Ukraynadakı Azərbaycan diasporu ilə dostluq edirəm, amma təəssüf ki, ölkənizdə koronavirusa yoluxma hallarının sayı ilə tanış deyiləm...

- ...Yoluxanların sayı 4 min nəfərə yaxınlaşır, 40-dan artıq insan ölüb. Bu statistika 10 milyon əhali üçündür.

- Azərbaycan dövlət sanitariya-epidemioloji sistemini qoruyub. Bu gözəldir. Ukraynada həmin xidmət məhv edilib. Mən hərbi epidemioloq təhsili almışam. Diqqət yetirin, dünyada ən çox zərərə iqtisadi cəhətdən inkişaf etmiş ABŞ, Avropa dövlətləri uğrayıb. Bir vaxtlar bu dövlətlər öz əhalisini qızılca və difteriya kimi immun sistemi ilə idarə oluna bilən infeksiyalara qarşı kütləvi peyvənd etməklə, yoluxucu xəstəliklərin əksəriyyətini aradan qaldırıblar. Süni immunitet yaradılıb.

İnsanlar yoluxucu xəstəliklərə həssas olmadığından, bu ölkələrin hakimiyyət orqanları sanitar-epidemioloji xidmətlərini yenidən təşkil edərək, Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) prinsipinə keçdilər: sanitar-epidemioloji nəzarətdən yoluxucu olmayan xəstəliklərin yayılmasına nəzarətə başladılar. Budur, Çində yeni, xüsusilə təhlükəli koronavirus infeksiyası baş verdi.

Burada bir qeyd edim: COVID-19 nədir? Təsnifata görə, bu, beynəlxalq miqyasda fövqəladə vəziyyət yarada biləcək xəstəlikdir.

COVID-19-a qarşı mübarizədə, o cümlədən Avropa Birliyində sovet tipli sanitar-epidemioloji xidməti qoruyan ölkələr (keçmiş Varşava müqaviləsi dövlətləri, məsələn, Polşa) ən yaxşı nəticələri göstərdilər. Avropada Polşa sistemi iki dəfə ən yaxşı olaraq tanınıb. Buna görə də, bu ölkədə koronavirusla bağlı vəziyyət İspaniya, İtaliya, Böyük Britaniya və s. ilə müqayisədə yaxşıdır. Beləliklə, postsovet ölkələri və keçmiş Varşava müqaviləsi dövlətləri COVID-19-un yaratdığı problemləri daha yaxşı həll edirlər.

- COVID-19-un süni mənşəli olması barədə tez-tez konspiroloji versiyalar səsləndirilir...

- Dediyim kimi, ixtisasım hərbi epidemioloqdur. Mülki ixtisasım isə klinik immunologiya həkimidir. Buna görə də, belə işlərdən başım çıxır (gülümsəyir - red.).

Burada bir qeyd yerinə düşər. Koronavirus qrupu 50 ildən çoxdur ki, məlumdur. Ştammların əhəmiyyətli hissəsi (sayı onlarladır) patogen deyil, yəni insanlarda heç bir xəstəlik törətmir. Bəzi koronaviruslar insanlarda bağırsaq infeksiyasına səbəb olur. SARS (yayılması 2002-2003-cü illərdə müşahidə olunub), MERS (2015 - red.) kimi xüsusilə təhlükəli yoluxucu xəstəliklərə səbəb olan qrup da var. Hazırda onlara COVID-19-u əlavə edə bilərsiniz.

Koronavirus qrupu çox uzun bir genoma sahib olduğu üçün elm adamları onları öyrənməyi sevir. Elm üçün bu viruslar maraqlıdır, onlarla laboratoriyalarda işlər görülür, təcrübələr aparılır. Almaniyadakı Maks Plank İnstitutunun virusologiya laboratoriyasında işləyən həmkarlarımla ünsiyyətdə oluram. Onlar koronavirusun genomu ilə işləyirlər, lakin indiyə qədər COVID-19-un süni mənşəli izlərini tapmayıblar.

Fəqət bir məsələ var: əgər hansısa alim genomda süni dəyişikliyə əl atıbsa, onda virusoloq özü genom zəncirinin ardıcıllığının təfərrüatları ilə məlumat yaymasa, aşkar etmək çox çətindir. Buna görə, nəticə çıxarmaq tezdir. Ancaq bunun təbii xarakterli virus olduğu fikrinə meyilliyəm, çünki süni olanlar zamanla zəifləyir. COVID-19-da isə əksinədir: o, indi uyğunlaşma dövrünü keçirir.

- Yəni mutasiya edir?

- Bəli, məhz belədir. Çox güman ki, bu virus əbədi olaraq bizimlə qalacaq. Daha bir məqama diqqət yetirərdim. Virusların özləri planetimizdə təxminən 4 milyard il əvvəl ortaya çıxıb. Yerin 4,5 milyard yaşı var, virusların isə 4 milyard. Onlar planetimizdə ilk canlı hüceyrə ilə birlikdə ortaya çıxıblar. Əslində, biz insanlar onların qonağıyıq, onlar bizim yox.

- Bu yaxınlarda çimərlik mövsümünün açılması ilə əlaqədar reportajınızı izlədim. Azərbaycan Xəzər dənizinin sahilindədir. Bizdə çimərliklər sevilir. Dəniz təhlükəlidir?

- Virus səbəb olduğu xəstəlik kimi yenidir və az öyrənilib. Hər gün yeni kəşflər edirik. Beləliklə, koronavirusun ötürülməsinin dörd üsulu artıq məlumdur: hava-damcı, hava-toz, məişət-təmas və nəcis-oral. Bu virusun xarici mühitdə davamlı olmağa başladığını öyrəndik. Virus plastik səthdə doqquz, metalda altı günə qədər yaşayır.

60 dərəcə temperaturda virusun ölmədiyini bilirik, 92 dərəcə temperatur lazımdır. Lakin birbaşa ultrabənövşəyi şüalanmada 15 dəqiqə ərzində ölür. Bu yaxşıdır, çünki təbii xarakterli fiziki amillərə ümid var idi. Eyni zamanda, iqlimi isti olan İtaliyada, İspaniyada vəziyyəti araşdırdıqda Günəşin çox da təsir etmədiyi məlum olur. Yeri gəlmişkən, elə Avstraliyada da belədir.

Ukraynaya gəlincə, indi COVID-19-un yalnız nəcis-oral yolu ilə yayılması məsələsini qaldırıram. Tezliklə çimərlik mövsümü başlayacaq. 

Qara dəniz və kanalizasiya sistemlərində, aerasiya stansiyalarında problemlər var. Beləliklə, çətinliklər mövcuddur və risk dərəcəsini təyin etməliyik. Azərbaycandakı vəziyyəti bilmirəm, amma bizdə məndən və həmkarlarımdan başqa, heç kimin buna əhəmiyyət vermədiyinə əminəm. Hansı təhlükənin baş verdiyini anlamaq üçün çirkab suları, kanalizasiya və suyun səthini yoxlamağı məsləhət görürəm. Bu, ciddi məsələdir.

0.26571393013