Maska istehsalı başladı, amma qiyməti qalxdı...

Deyilənə görə, ölkəmizdə on milyon maska ehtiyatı var idi, virusla mübarizə vasitələrinin istehsalı da öz qaydasına düşüb. Sumqayıtda iki fabrikimiz işə düşüb, lap yaxşı. Amma bir sual neçə vaxtdır əhalini çox narahat edir. Bəlkə Nazirlər Kabineti yanında Operativ Qərargah bu suala cavab versin: əgər koronavirus bəlası ortaya çıxmazdan əvvəl xaricdən gətirilən maskaların 1 ədədinin qiyməti apteklərdə 10 qəpiyə idisə, özümüzün istehsal elədiyimiz eyni ölçü və materiallı maskanın qiyməti niyə 30 qəpiyə qalxıb?!

Əhali hey fikirləşir ki, görəsən, bu, kimin "kəşfidir" və kimə xeyir verəcək- xalqa, yoxsa, ölkədə geniş şəbəkəyə malik olan əczaçılar mafiyasına?!..

Ölkədə bir neçə mənfi hallara qarşı ciddi mübarizə gedir. Rüşvətxor məmurlar və onların təşkil etdiyi qrup üzvləri həbs olunur. Xalqı incidən vəzifəli şəxslər vəzifə kürsüsündən qovulur, amma ölkədə xalqı saxta və keyfiyyətsiz, eyni zamanda, baha qiymətli dərmanlarla məhv edən canilərə "gözün üstə qaşın var" deyən, soruşan tapılmır...

Müavini, nazirlik işçiləri həbs olunan Mədəniyyət Nazirliyinin mədəniyyətsiz naziri Əbülfəs Qarayev, nəhayət dünən işdən qovuldu. Növbə Dövlət Sərhəd Xidmətinin rəisi, rəhbərliyi altında çalışan generallar həbs olunmuş Elçin Quliyevə də bu günlərdə çatar, yəqin...

Ölkə prezidenti işçiləri DTX tərəfindən həbs olunduqdan sonra bunlara müəyyən vaxt verdi, ümid etdi ki, bəlkə bunlar özləri utanıb vəzifədən çıxmaq barədə ərizə verərlər. Amma gözlədi, gördü ki, yox, bunlar kreslodan bərk yapışıblar, məsələyə özü qarışmalı oldu və sərəncam imzalayıb Əbülfəz bəyi nazir postundan yola saldı... Çox güman ki, nazirin belə "təhlükəsiz" yola salınması gələcəkdə onun başqa sahədə istifadə olunma ehtimalından xəbər verir. Çünki belə bir prioritet ölkədə çoxdan mövcuddur. Nazir kürsüsündın azad olunmuş neçə-neçə şəxs səfir qismində hələ də sürgün həyatı yaşayır. Hesab edirəm ki, Əbülfəz Qarayevin belə tale ilə üzləşməsi ürəyindən olar.

Qaldı DSX rəisi, general Elçin Quliyevin "təntənəli" yola salma mərasimini də, yəqin bugünlərdə eşidəcəyik, gəlin, tələsməyək, ölkədə görüləsi iş hələ çoxdur...

Xalq ölkədə başlayan rüşvətxor və korrupsioner məmur ovunu çox maraqla qarşılayır. Eyni zamanda, bu filmə bənzəyən həbslərin bitməsini istəmir. Hər kəs ölkədə müsbət dəyişiklik baş verəcəyinə hələ də tam ümid etməsə də, bu hadisələri çox maraqla izləyir. İnanmaq istəyir ki, ölkədə tüğyan edən dağıdıcılığa son veriləcək, ölkədə yeni, daha sağlam və təmiz mühit yaranacaq.

Yazımın əvvəlində ölkədə istehsal olunan maskanın qiymətinin qalxmasına diqqət etmişdim. Bura onu da əlavə edirəm ki, xalq qorxur ki, vəzifəyə yeni təyin olunan gənc kadrlar da rüşvətin dabanını qaldıracaqlar!

Vallah, xalqı bu fikrinə görə qınamayın, göz gördüyündən qorxar, deyib atalar!..

 Röyal Əsədli

0.12595391273499