Multikulturalizm, etnik və dini müxtəliflik Azərbaycanın milli sərvətidir

Azərbaycandakı dini konfessiya başçıları Ramazan orucu tutub və İftar süfrəsində birgə iştirak edib

Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, ölkəmizdə mövcud olan multikultural və tolerant mühitin təbliği və təşviqi istiqamətində aktiv fəaliyyət göstərən qurumlardan biri də Qafqaz Müsəlmanları İdarəsidir. Bu gün koronavirus panlemiyasının dünyada, eləcə də respublikamızda yaratdığı bütün çətinliklərə baxmayaraq, Qafqaz Müsəlmanları İdarəsi öz fəaliyyətini müxtəlif formalarda davam etdirməyə çalışır. Bu fəaliyyət formalarından biri də, dünyada baş verən önəmli hadisələrə münasibətdə qarşılıqlı əməkdaşlığı davam etdirməkdir. Bu baxımdan   

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin Amerika prezidentinə müraciəti də diqqət cəlb edir. ABŞ prezidentindən pandemiya dövründə İrana qarşı tətbiq edilən sanksiyaların dayandırılmasını özündə əks etdirən bu müraciət, əslində həm də bir hümanizm nümunəsi kimi qəbul olunmalıdır.

Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin adına daxil olan hökumət teleqramları da bu qurumun bütün fəaliyyətini davam etdirdiyini deməyə əsas verir. Rusiya Federasiyasının Başqırdıstan Respublikasının başçısı, cənab Radiy Xabirovun imzası ilə daxil olan teleqramda  Müqəddəs Ramazan ayının başlaması münasibətilə Şeyx həzrətlərinin onlara ünvanladığı təbrikə və xoş arzulara görə səmimi minnətdarlıq öz əksini tapıb. Başqırdıstan Respublikasının başçısı da öz növbəsində müsəlmanların həyatında xüsusi yer tutan bu xeyirxah işlər və saleh əməllər ayı münasibətilə Şeyx həzrətlərini və bütün Azərbaycan xalqını təbirik edib: "Sizi əmin edirəm ki, Başqırdıstan müsəlmanları ölkələrimizin xalqları arasında sülhün, dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə öz sanballı töhfəsini verirlər və bundan sonra da verəcəklər".

Bu kimi əlaqələr heç şübhəsiz ki, həm xalqlarımız, həm də dövlətlərimiz arasında münasibətlərin tolerantlıq prinsipləri üzərində qurulmasına xidmət edir və burada şeyx həzrətlərinin dünya dindarları arasındakı nüfuzu da mühüm rol oynayır. Bunu Şeyxülislam Allahşükür Paşazadənin bir çox mötəbər beynəlxalq dini qurumlarda mühüm vəzifələrdə təmsil olunması da sübut edir.

Şeyx həzrətlərinin 13 may tarixində KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfrans formatında keçirilən onlayn sessiyasında iştirak etməsi də, dünya dövlətlərinin ölkəmizdə mövcud olan dini və milli tolerantlığa və multikulturalizmə ciddi marağının təzahürüdür.

Onu da xüsusi qeyd etmək lazımdır ki, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından biri olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə həzrətləridir. Son videoiclasda çıxış edən şeyx həzrətləri Azərbaycan, eləcə də Qafqaz müsəlmanlarının səmimi salamlarını, dövlət başçımızın xeyir-dualarını sammit iştirakçılarının diqqətinə çatdırıb. Bu mühüm təşkilatın Baş Katibi d-r Feysal bin Müəmmar videokonfransın gedişində pandemiya səbəbindən öncədən nəzərdə tutulan görüşlərin müvəqqəti təxirə salındığını, lakin proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatlırıb. Onlayn iclasın gedişində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi ilə bağlı, KAICIID-in inkişaf strategiyası ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb. İclasın proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, G20 çərçivəsində Dinlərarası Forumun inkişaf perspektivləri kimi əhəmiyyətli məsələlər də daxil edilib. Tədbir iştirakçılarının ümumi rəyi belə olub ki, videokonfrans müvəqqəti format kimi qənaətbəxşdir, lakin şərait imkan verən kimi canlı ünsiyyət şəraitində toplaşmaq məqsədəuyğundur və vacibdir.

 Diqqətinizə çatdıraq ki, Şeyxülislam A. Paşazadə ilə bərabər, Direktorlar Şurasında təmsil olunan Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının prezidenti Kardinal Migel Ayuso, Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru dr. Kezevino Aram, habelə Beynəlxalq Mərkəzin məsul əməkdaşları da videokonfransda iştirak edib və vidieokonfrans yüksək səviyyədə öz işini başa vurub.

Təbdirin sonunda QMİ sədri Şeyxülislam A. Paşazadə videokonfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Ramazan ayının 15-ci günü Azərbaycandakı dini konfessiya başçıları həmrəylik nümayiş etdirərək oruc tutublar və İftar süfrəsində birgə iştirak edəcəklər:" Məclisdə birgə dualar oxunacaq, Uca Yaradandan Vətənimiz və bütün dünyanın salamatlığı, ümumi bəladan xilas olmağımız üçün ümumi istəklərimiz dilə gətiriləcək, dinlərarası dialoq və konfessiyalararası mənəvi harmoniya nümayiş etdiriləcək". Onlayn sammitə rəhbərlik edən Mitropolit Emmanuel bu təşəbbüsü yuksək dəyərləndirib və Şeyxülislam A. Paşazadədən xahiş edib ki, birgə dua mərasiminin iştirakçılarına KAICIID üzvlərinin salamlarını və ən xoş arzularını çatdırsın.

 Diqqətinizə çatdıraq ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunub, Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır və qərargahı Vyana şəhərindədir.

Şeyx həzrətlərinin də sammitdə qeyd etdiyi kimi, həmin gün Azərbaycandakı bütün dini konfessiyaların rəhbərləri müqəddəs Ramazan ayı ilə əlaqədar oruc tutublar, birlikdə iftar məclisində iştirak ediblər, müqəddəs Qurani-Kərimdən ayələr oxuyublar və dualar ediblər.

İftar süfrəsində iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, ilk dəfədir iftarı bu formada açırlar: "Bu, həm Uca Yaradanımızın istəyi, həm də bütün dünyaya nümunə olan Azərbaycan tolerantlıq modelidir. Mənəvi harmoniya mühitində yaşamağımız dövlətimiz tərəfindən dəstəklənir, dünya bizim bu həyat təcrübəmizi təqdir edir, dəyərli örnək kimi qiymətləndirir. Multikulturalizm, etnik və dini müxtəliflik Azərbaycanın milli sərvətidir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir". Şeyx həzrətləri onu da diqqətə çatdırıb ki, bu, bizim həyat tərzimizdir, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik dövlətçilik siyasətinin, din-dövlət münasibətlərinin nəticəsidir. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə onu da xüsusi vurğulayıb ki, ölkəmizdə mədəniyyətlər və dinlərarası dialoqun, multikultural ənənələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var: "Qürurverici haldır ki, Pontifik Şurasının bu il Ramazan ayı ilə əlaqədar dünya müsəlmanlarına müraciətində Papa həzrətlərinin Bakı səfəri, ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə görüşü xüsusi qeyd olunub. Bu, Azərbaycan dövlətinə, onun dini-mənəvi dəyərlərə münasibətinə verilən qiymətdir. Əziz qardaşım Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kiril ötən il Dünya dini liderlərinin II Sammitindəki çıxışında Azərbaycanın himayədarlığı altında dinlərarası və mədəniyyətlərarası əməkdaşlığa dair Bakıda və dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq tədbirləri, o cümlədən ölkəmizdəki din-dövlət münasibətlərini yüksək dəyərləndirdi", - deyə Şeyxülislam bildirib.

Öz çıxışında bu gün bütün dünyanı bürüyən və təhdid altında saxlayan koronavirus pandemiyasından söz açan QMİ sədri qeyd edib ki, Prezident İlham Əliyevin vaxtında atdığı addımlar, qəbul etdiyi qərarlar sayəsində insanlarımız bu bəladan qoruna bildilər:" Xalq-lider birliyi insanlarımızın qorunması baxımından əhəmiyyətli rol oynadı. Bu gün ölkəmiz pandemiyaya yoluxanların və bu səbəbdən həyatını itirənlərin sayı baxımından son yerlərdədir". Şeyx həzrətləri əmin olduğunu bildirib ki, Allahın izni və dövlətimizin səyləri sayəsində ölkəmiz bu bəlaya qalib gələcək və həyat öz axarı ilə davam edəcək.

Əvvəlki illərdə Prezident İlham Əliyevin iştirakı ilə iftar mərasimlərinin təşkil edildiyini bildirən QMİ sədri qeyd edib ki, bu il  iftar məclisinin bu formada təşkili karantin qaydaları ilə bağlıdır. O, əmin olduğunu bildirib ki, tezliklə bu bəla aradan qalxacaq və növbəti il yenidən ənənəvi iftar mərasimləri təşkil olunacaq.

Şeyxülislam Allahşükür Paşazadə çıxışının sonunda dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın timsalında xalqımızın salamatlığı, tezliklə bu bəlanın qurtarması üçün dualar edib.

İftar məclisində iştirak edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi yepiskop Vladimir Fekete də qeyd edibki, dövlətimizin başçısının vaxtında verdiyi qərarlar sayəsində xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısını almaq mümkün olub. Prezident İlham Əliyevin insanların sağlamlığını hər şeydən üstün tutaraq vaxtında atdığı qabaqlayıcı addımlar nəticəsində vətəndaşların sağlamlığını maksimum dərəcədə qoruyub saxlamaq mümkün olub. Bu da onu deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü bir dövlətdir və dövlət başçımızın siyasətinin mərkəzində ilk növbədə vətəndaş amili dayanır.

İftar məclisinin sonunda dini konfessiya rəhbərləri pandemiyanın geniş yayılmasının qarşısının alınması, eyni zamanda, fəsadlarının aradan qaldırılması istiqamətində  vaxtında atılan düşünülmüş addımlara görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər və dualar oxuyublar.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.33781480789185