Ölkəni rüşvət və korrupsiya “vadisinə” çevirənlər

"Öldü var, döndü yox" şüarının çöküşü

 Dünyanın real mənzərəsi - korrupsiya və rüşvətxorluq. Bəli, araşdıranda görürük ki,  bu eybəcər, dağıdıcı “virus” dünyanın bütün ölkələrində, həm ən inkişaf etmiş, həm də kasıb dövlətlərində var.

Adətən, bu çirkin əməlin düşgünləri “korrupsiya hər yerdə var”, deyə özlərinə haqq qazandırır.

Düzdür, onlar “yırtıcı” xislətlərini heç vaxt etiraf etməsələr də bunu özləri yaxşı bilir ki, dünyanın digər nöqtəsində olan korrupsiya mühiti ilə bu acımazların insana yaraşmayan tamahgirliyinin arasında ciddi fərq var.

Bir çox ölkələrdə korrupsiyaya yol verənlər təqib olunaraq ciddi cəzalandırılsa da, bəzilərində bu, az qala normaya çevrilib.

Bəli, əksər ölkələrdə dövlət idarə və təşkilatlarlarının  korrupsiyaya yoluxma faizi 10-dan aşağıdırsa, çoxunda bu 99-un üzərindədir. Lakin bu kiçik formatlı yazıda dünyanın bütün rüşvət və korrupsionerindən bəhs etmək  fikrim yoxdur,  bu, heç mümkün də deyil.

Elə öz məmləkətimizdə baş verənlərdən söz açmaq kifayət edər.

Son illər ölkədə sistemli olaraq antikorrupsiya əməliyyatlarının aparıldığını seyr edirik. Ləğv edilmiş MTN-ni xərac toplayan quldur yuvasına çevirmiş, əsas məşğuliyyətləri korrupsiya olan məmurların ifşası və həbsi, eyni işlə məşğul olan Rabitə və İnformasiya Nazirliyinin rəhbər işçilərinin ağır cəzalanması, Nəqliyyat Nazirliyinin ləğvi, bir sıra mafiozların “toxuduqları tor”dan qoparılması, nəhayət, son aylarda yüksək vəzifəli məmurların korrupsiyada ittiham edilib, məsuliyyətə cəlb edilməsi kimi əməliyyatlar müjdədən xəbər verir.

Gedişat göstərir ki, ölkədəki çirkin mərəz gözardı edilməyəcək səviyyədədir, “cərrahi müdaxilələr” onun metastaz verməsinin qarşısını alacaq.

Ulu M. Ə. Sabirin dediyi kimi:

Hər mərəz çarəsini eyləmək asandır, təbib!

Mərəzi- eşqə nə tədbir, nə dərmanın var?

Artıq profilaktik tədbirlərin effekti elə də hiss olunmur. Müxtəlif tədbirlər, ard-arda keçirilən əməliyyatlar yenə də yetərli deyil və bu ölkədəki korrupsiya fırtınasını bir qədər zəiflətsə də, problemi tam həll etmir. Bəziləri özlərinə təsəlli edib “buna da şükür”, deyərək,  bir neçə il öncə MTN-də, Nəqliyyat Nazirliyində baş verənləri misal göstərir, bu və digər nazirliklərə rəhbərlik edən qərəzli fiqurlarla müqayisədə yenilərin adının korrupsiya qalmaqalında hallanmadığını iddia edir. Bəli, bu, müəyyən qədər doğrudur. Lakin yenilər hələ heç xalq arasında da məşhur deyillər. “Bu obyekt filankəsindir”, “o şadlıq evi filankəsindir”, “bu monopoliya filankəsə məxsusdur” kimi söhbət hələ ki, onların haqqında getmir.

Amma 2-3 ildən sonra elə yenilərin də bu cür oyunlara alət olmayacağına heç bir təminat yoxdur. Adətən, yüksək ranqlı məmurların vəzifədə “bərkidikdən” sonra ətraflarında “yekə biznes imperiyası” və mafioz birləşmələr yaratdığını çox müşahidə etmişik.

Bir “əliəyri” məmuru işdən götürürlər, hətta tuturlar, yerinə təyin edilən şəxs bundan dərs götürmək əvəzinə, bir müddət sonra ya onun kimi “əliəyri” olur, ya da ondan betər olub gedənin atasına “rəhmət oxutdurur”.

Azərbaycan tipli ölkələrdə korrupsiya və rüşvətxorluq insan amilindən çox, sistemə, rejimə söykənir.

Rüşvət və korrupsiyanı cilovda saxlayan ölkələrin uğuru odur ki, heç nəyi insanın vicdanına buraxmadan əliəyriliyi məhdudlaşdıran çoxlu maneələr yaradıblar.

Götürəndə avropalı məmur azərbaycanlı məmurdan az tamahkar deyil. O, sadəcə, ona görə öz qanuni qazancına qane olur ki, ictimai-siyasi nəzarət altındadır, qanundan kənar iş görsə, ciddi cəza alacağını bilir. Ölkəsindəki qanunlardan qorxan, dürüst işləyən bir çox avropalı məmur və deputatların 3-cü dünya ölkələrində rüşvətxorluq bataqlığına necə batdığını az görməmişik.

Bir sözlə, ölkəmizin korrupsiya burulğanında məhv olmaması üçün işlək nəzarət mexanizmi yaradılmalıdır. Hakimiyyət qollarının daha müstəqil olması həmin mexanizmlərin yaradılmasında mühüm rol oynayır.

Əks halda, Azərbaycanın “rüşvət vadisi”nə çevrilməsinin qarşısını almaq çox çətin olacaq.

 Şahnaz Salehqızı
[email protected]

0.32118606567383