Dünənin Rüşvəti

Bugünün korrupsiyası...

 Azərbaycanda mövcud olan rüşvətxorluq az qala genetik xarakter daşıyır. Hansı quruluşda yaşamağımızdan asılı olmayaraq, rüşvət alıb-vermək daim olub. Doğrudur, hazırkı terminlə desək, korrupsiya daha yüksək məbləği əhatə etdiyindən, o, rüşvətlə rəqabət apara bilməz. Lakin bütün dövrlərdə və dönəmlərdə, insanların icra strukturlarından dolayı çıxılmaz vəziyyətlərində, çarəsiz durumlarında yeganə “açar” məhz rüşvət olub. Onun oynadığı rolu özünü səhnədə azman sənətkar hesab edən də bacara bilməz, əlbət.

Bəli, rüşvət elə bir “nemət” hesab edilib ki, onunla vəzifə sahibləri səlahiyyətinin imkan verdiyi həddən çox-çox yuxarı səviyyədə yaşaya bilsin. O “nemət”in hesabına istər ölkə daxilində, istərsə də ölkə xaricində problemsiz, qəm-qüssəsiz, bir sözlə, firavan yaşasın...

Rüşvət olmasaydı, sovet dönəmi dağılanədək, savadsızların, ya da, yüksək biliyi olmayanların üzünə institut qapıları taybatay “açıla” bilərdimi?!

Rüşvət verilməsəydi, həmin institutları bitirən məzunların bəzisi, bəlkə də əksəriyyəti uzaq, ucqar, əlverişsiz həyat şərtləri olan bölgələrə, kəndlərə verilən təyinatlarını dəyişdirə bilərdimi?!

İstənilən vəzifədə uzunmüddətli var olmaq üçün mütləq əlin rüşvətlə “oynamalı”, onu həm “yeməli”, həm də “yedirtməli” idin... Məncə, sovet dönəmi elə də uzaq bir tarix olmadığından, ondan rüşvətsiz qaçmağın mümkünsüzlüyünü hamı bilir...

Müstəqillik tariximiz nə qədər qürurverici olsa da, ondakı müsbətin üstündən qara və qalın xətt çəkənlər bu sevinci gözüdolusu yaşamağa imkan vermədilər. Bəli, sovetlər birliyi dağıldı və biz müstəqil olduq. Bəziləri müstəqilliyi rüşvət alıb-verməkdə tam nəzarətsizlik mühiti kimi başa düşdü. Demokratiyanı anarxiya ilə qarışdıranlar sayaq. Onlar elə sandı ki, müstəqilsənsə, rüşvəti də tam müstəqil şəkildə, özündən yuxarıdakıları, nəzarət funksiyalı qurumları nəzərə almadan almaq olar. Ona görə də rüşvət almaqda hansısa mədəniyyət, mənəviyyat kompleksi yaşamadan, insanlarla sadəcə, alver edirmiş kimi davrandılar. Çox sadə - “rüşvət ver, istədiyin vəzifəni qazan”, “rüşvət ver, öyrəşdiyin vəzifədə qal”, “rüşvət ver, arzusunda olduğun yüksəkliklərə qalx”...

Bu dönəmin ən təəssüfverici məqamı o idi ki, artıq rüşvətin neqativləri dalbadal düzəcəyini, ondan doğan qanunsuzluqların cəmiyyətə hansı mənfiliklər gətirəcəyini kimsə düşünmürdü. Çünki rüşvət özü bütün qanunları basdayıb keçən ən ali qanunauyğunluq idi. Ki, ondan keçə bilməyən, o sərhəddə ilişib qalanlar vəzifəlilərin, vəzifəsizlərin, ümumiyyətlə, cəmiyyətin nəzərində fərsiz-fərasətsiz, qabiliyyətsiz kimi görünürdü. Nəinki görünürdü, hətta az-maz vicdanı qalanları, rüşvətsiz irəli getməyə inananları da öz yolundan döndərib, o mənfur mərəzə yoluxdururdular.

Nəticədə, bu gün kimi dindirsən, hamı - balacalı-böyüklü, qocalı-cavanlı, hər kəs rüşvətsiz hansısa bir işin yoluna qoyulmayacağına adı kimi əmindir. Kiminsə şanlı-şərafətli, yaxud, sadə-mürəkkəb, xoşagələn, igid-qəhrəman mənalı adının olmasının nə önəmi, təki əli rüşvət deyilənin qulpundan yapışsın. Ustadlarımız necə deyirmiş, ey gidi dünya, alimin rüşvətsiz aça bilmədiyi qapını, rüşvətxor  bir barmağıyla qapayar...

Bəli, mikrobu vaxtında məhv etməyəndə, o, yayılaraq bütün ətrafındakıları yoluxdurar. Bu, artıq, bəlli bir aksiomdur. O aksiomlardan ki, rüşvətsiz kiminsə heç nəyə nail ola bilmədiyi, bilməyəcəyi də tam mümkün, sadəcə olaraq, hökm kimi səslənir...

Dünənimiz bəlli, bir cümləylə, tək misrayla ifadə etsək, dahi Füzuli sayaq, “Salam verdim, rüşvət deyildir deyə, almadılar”...

Bugünümüz göz qarşısında - rüşvətdən “doğulub boya-başa çatan”, yeddibaşlı əjdahaya çevrilən korrupsiyanın kökünü kəsmək çətin...

Gələcəyimiz necə olacaq? O, hər gün rastlaşdığımız və sanki ömrümüzdə bircə dəfə gördüyümüz adamlarla bir daha üz-üzə gəlməyəcəyimiz sayaqmı olacaq?

... Alaq otlarının içində torpaqdan ən çətin təmizlənənlərdən biri donuzotudur, deyirlər. Onu da nə qədər zəhmətli olsa da, kökünü qazıb, əllə bir-bir çıxarıb, torpaqdan izal edirlər...

Cəmiyyəti alaq otu kimi saran rüşvətxorlardan, korrupsionerlərdən təmizləmək mümkündür. Yetər ki, onun üçün yorulmayan əl, vəzifələrə sarmaşıq kimi dolaşanları açıb-tullamaq üçün təpər olsun.

Sadə xalq isə rüşvətxorlardan çoxdan bezib-usanıb. O vaxtdan ki, vəzifəlinin qapısını döyənəkli barmağının əvəzinə, cibində qalan, rüşvət verəcəyi son quruşuyla döymüşdü...

 

Nigar Orucova 

0.10430288314819