İşğaldan xilas yolu yalnız müharibədir

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Ermənistan torpaqlarımızı özəlləşdirir, Azərbaycan isə bəyanat verir

 Mayın 21-də dünyada heç bir dövlət tərəfindən tanınmayan, qondarma "Dağlıq Qarabağ Respublikası" Şuşada «qondarma prezident inaqurasiya» mərasimini keçirdi. Bu, ölkədə və cəmiyyətdə böyük nifrət, etiraz dalğası yaratdı. Azərbaycan Silahlı Qüvvələri isə 4 günlük hərbi təlimləri başa vurdu. Dünyanın heç bir yerində tanınmayan qondarma rejimin inaqurasiyanı Şuşada keçirməsi, əslində, erməni separatçılarının dünyaya nümayiş etdirdiyi növbəti həyasızlıqdır. Bu ərəfədə ordumuzun hərbi təlimlərlə döyüş hazırlığını daha da artırması isə Azərbaycanın öz torpaqlarını azad etməyə tam hazır olmasının göstəricisidir. Düşmən tərəf bu cür yanlış hərəkətlərlə Qarabağa dair sülh danışıqlarını pozucu mövqeyilə davam etdirırsə, labüd şəkildə dağıdıcı müharibəyə tuş gələcəyi barədə növbəti mesajı alır. 27 ildir nəticəsiz davam edən sülh danışıqları hazırda faktiki olaraq dondurulub.

Yaranmış vəziyyət isə Azərbaycanı əsla qane edə bilməz. Çünki ərazisinin 20%-i işğal altındadır. Bakı atəşkəs rejiminin sonsuzadək sürməsinə razı ola bilməz. Hər bir vətəndaş haqlı olaraq sual verir ki, Azərbaycan bəs, nə vaxt nəticəsiz sülh danışıqlarından imtina edib, öz torpaqlarını güc yolu ilə azad etmək barədə qərar verəcək?! Bəs belə bir qərar verilərsə, geosiyasi duruma görə Bakı hansı riskləri nəzərə almalıdır?

Əgər Azərbaycan heç bir nəticə verməyən sülh danışıqları prosesindən imtina edib, müharibəyə başlasa, bunun ətrafındakı bütün riskləri mütləq nəzərə almalıdır. Çünki bəzi ermənipərəst dövlət və təşkilatlar Azərbaycanı müharibənin bərpasında ittiham etmək üçün pusquda dayanıb. Hətta ölkəmiz bu addımı atmaq hüququna malik olsa da, bu belədir. Çünki Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. 2016-cı ilin aprel döyüşlərinin təcrübəsi göstərdi ki, Azərbaycan münaqişənin hərbi həll yoluna gedə bilər və getməlidir. Onu da xatırlayaq, dörd il əvvəl Azərbaycanın düşmən təxribatlarına son qoymaq üçün həyata keçirdiyi hərbi kompaniyaya kim müdaxilə etdi, Dağlıq Qarabağdakı əks- hücumumuza kim ciddi reaksiya verdi?! Hamı yaxşı bilir ki, bu reaksiyanı verən tək dövlət Rusiyadır.

Diqqət yetirin, nə ABŞ, nə də Fransa o vaxt heç bir reaksiya vermədi, çünki onlar başa düşür ki, danışıqlar nəticə vermirsə, Ermənistan əraziləri azad etmək istəmirsə, Azərbaycanıln müharibəyə əl atacağı qaçılmazdır. Hazırda hərbçilərimiz təlim keçirib, erməni tərəfinə bununla bir daha bildirdi ki, torpaqların işğal altında qalmasına bundan sonra daha 20 il dözmək fikrində deyil. Hərbi əməliyyatları yenidən başlamaq isə qanuni haqqımızdır. Ancaq bütün sonrakı riskləri də hesablayıb, nəzərə almışıq. Burada da yeganə ciddi risk faktoru Rusiyanın yanlış mövqeyi, onun Ermənistanın işğalçı qüvvələrinə açıq hərbi dəstək verməsidir. Azərbaycan da yaxşl bilir ki, hərbi əməliyyatları başlasa, Moskvanın münasibəti və davranışı mənfi olacaq. Moskvanın mənfi reaksiyası bizə çoxdan bəlli olsa belə, Azərbaycan hərbi əməliyyatlara mütləq başlamalıdır. Əlbəttə, itkilər və risklər var və bunlar daim olacaq. Lakin onu da unutmaq olmaz ki, risk edib, müharibəyə başlamasaq, əcdadlarımızın bizə miras qoyduğu torpaqları azad edə bilməyəcəyik və zamanında buraxdığımız səhvlər üzündən  torpağımızda 2-erməni dövlətinin yaranması ilə barışdığımız kimi, bu şərəfsizliyi yaşamağa məcbur olunacağıq. Buna isə qətiyyən yol vermək olmaz! Ya azadlıq, ya ölüm! Artıq ikisindən birini seçməyin zamanı gəlib!..

0.079013824462891