Milli-mənəvi dəyərlərin qorunaraq inkişaf etdirilməsi bəşəri xarakter daşıyır

Azərbaycanın zəngin milli-mənəvi dəyərlərinin dünyada təbliği ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır

Müasir dünyada qloballaşma ideyası ilk dövrlərdə iqtisadi termin kimi ortaya atılsa da, ötən əsrin 80-ci illərindən onun məzmunu tamamilə dəyişdirildi. İdeya mutasiyaya uğradıqdan sonra iqtisadiyyat onun bir hissəsinə çevrildi və qloballaşma cəmiyyət həyatının bütün sahələrini öz çətiri altına aldı. Bu çətir altına yığışan sahələrdən biri də mədəniyyət və milli-mənəvi dəyərlər oldu. Nəzəri baxımdan qloballaşma şəraitində hər bir millətin və ya xalqın milli-mənəvi dəyərləri digərləri ilə inteqrasiya etməli idi. Başqa sözlə desək, qloballaşma nəzəriyyəsində nəzərdə tutulan milli-mənəvi və mədəni inteqrasiya multikulturalizm ideyaları ilə tam olaraq üst-üstə düşür. Lakin bu nəzəriyyə həyata keçirilərkən anqlosakson mədəniyyəti və milli-mədəni dəyərləri nümunə kimi götürüldü. Digər milli-mədəni dəyərlərə və mədəniyyətlərə isə ikinci, üçüncü və digər sırada olan mədəniyyətlər kimi yanaşıldı. Beləliklə, qloballaşma ideologiyası mədəni istiqaməti digər mədəniyyətlərin anqlosakson mədəniyyəti içərisində əridilərək yoxa çıxarılmasını və "nümunəvi mədəniyyətin" arealını genişləndirməyi əsas hədəf seçdi. Sözsüz ki, hər bir mədəniyyət yerləşdiyi iqlim, coğrafi məkan, milli xüsusiyyətlər və s. kimi amillərin təsiri altında formalaşır. Ona görə də nümunəvi mədəniyyət sayılan anqlosakson mədəniyyəti digər ərazilərdə heç cür məqbul mədəniyyət hesab edilə bilməzdi. Qloballaşmanın mədəni istiqamətinin ilk uğursuzluğu, məhz elə bu amillə bağlı oldu. Digər tərəfdən, assimilyasiyaya məruz qoyulan mədəniyyətlərin müqavimətini də həlledici amillərdən biri kimi qəbul etmək lazımdır. Sözügedən təsirlər altında 20-si əsrin ilk onilliyində qloballaşmanın mədəniyyət siyasətinin iflasa uğramasının şahidi olduq. Amma onu da qeyd etmək vacibdir ki, qloballaşma ideyasının nəzəri əsaslarında yer alan mədəni siyasət təcrübədə olduğu kimi reallaşdırılsaydı, bu gün dünyada yeni dəyər kimi təqdim edilən multikulturalizm ideyalarına ümumiyyətlə, ehtiyac duyulmazdı. Lakin qloballaşma dünya sivilizasiyasının incilərini məhv etmək mövqeyini tutduqdan sonra qeyri-anqlosakson mədəniyyətlərin immun sistemi ona qarşı yönəldi. Sovetlər birliyinin dağılması isə milli-mənəvi dəyərlərin və eləcə də millətlərin özünə qayıdışı tendensiyası daha qabarıq şəkildə özünü biruzə verdi. Sovet rejimini çökdürən də elə qloballaşma ideyalarını sürdürən qüvvələr idi. Bu çökmə onlara - Avropa və ABŞ-a iqtisadi və siyasi divident gətirsə də, onların sürdürdüyü qloballaşma ideyasının mədəniyyət bölməsinə öldürücü təsir göstərdi. "Xalqlar həbsxanası" adlandırılan SSRİ-də də milli-mədəni dəyərlər, qeyri-rus mədəniyyətlərinə hörmət aşağı səviyyədə idi. Bu məkanda da nümunəvi mədəniyyət rus mədəni irsi sayılırdı və digər mədəniyyətlərin rus mədəniyyəti içərisində əridilməsi prosesinə daha çox üstünlük verilirdi. Sovet rejiminin sonuna yaxın, burada elə xalqlar vardı ki, öz dilini demək olar ki, tamamilə unutmaqda idi. Sovetlər birliyinin dağılması ilk növbədə bu ruslaşma siyasətinə son qoydu və milli özünəqayıdış dalğası xalqların milli immunitetlərini gücləndirdi. İkinci mərhələdə isə güclənən milli ümmunitet qloballaşmanın mədəniyyət siyasətinə qarşı sərt mövqe ortaya qoydu. Məsələn, o dövrdə Orta Asiya xalqlarının milli dillərində çap edilən qəzet və jurnalların dilindəki sözlərin 50-60 faizi rus sözləri idi. Qazaxıstanda qazax dilində orta məktəb tapmaq müşkül məsələyə çevrilmişdi. Ali təhsil müəssisələrində isə çox məhdud sayda qazax dili bölmələri var idi. Sovet ideoloqları bunu onunla izah edirdi ki, bu xalqların dilindəki ifadə vasitələri çox primitivdir, inkişafdan qalıb, ona görə də, həmin xalqlar öz arzuları ilə dillərində rus dilinin ifadə vasitələrindən istifadəyə daha çox üstünlük verirlər. Məsələn, qazax dilində "idman" sözü hələ indi də "sport" kimi, yəni rus dilində ifadə edilir. Qazax dili türk Altay dil ailəsinin, Türk dilləri qrupunun Qıpçak şaxəsinə məxsusdur və bu dil vaxtı ilə dövlət dili səviyyəsinə qədər qalxıb. Ona görə də mümkün deyil ki, bu dildə "idman" sözünün qarşılığı olmasın, sadəcə olaraq ruslaşma tendensiyası dili sıradan çıxardığına görə ifadələr arxaikləşərək unudulub.

Azərbaycanda da vəziyyət təxminən Orta Asiyaya yaxın idi. Çox maraqlıdır ki, sovet rejimi dönəmində Qafqazda böyük xalqlardan yalnız Azərbaycanın ruslaşdırılması daha intensiv xarakter daşıyırdı. Ölkənin böyük şəhərlərinin ictimaiyyəti rus dilində danışmağı şərəf bilirdi, hətta, Bakı şəhərinin mağazalarında ana dilində nəsə istəyənə qulaq asmırdılar. Ana dilində ərzaq almaq istədiyini dilə gətirən uşağın oxuduğu məktəbə mağaza müdiri şikayət məktubu göndərirdi və s. Bütün bu tədbirlər Azərbaycanın milli-mənəvi dəyərlərinin sarsıdılmasına, mədəniyyətinin sıradan çıxarılmasına yönəlik tədbirlər idi. Çox güman ki, digər xalqlara qarşı da, bu cür çeşidli deqradasiya tədbirləri düzənlənirdi. Lakin sovetlər birliyinin dağılması həmin problemlərin aradan qaldırılmasına, xalqların öz soy- kökünə qayıtmasına münbit şərait yaratdı. Yuxarıda qeyd etdiyimiz kimi, imperiya ambisiyalarından qurtularaq nicat tapan və güclənən mill-mənəvi dəyərlər növbəti mərhələdə qloballaşmanın üzərində qələbə çaldı və onu iqtisadi münasibətlərə doğru sıxışdırdı. Yəni bu gün qloballaşmanın mədəni aspekti tam olaraq iflasa uğrayıb, o yalnız iqtisadi bağlarını qoruyub saxlaya bilir.

Son aylar dünyanı saran koronavirus pandemiyası da qloballaşmaya növbəti öldürücü zərbəsini vura bildi. Pandemiyadan sonrakı dövrdə, ölkələrin naturallaşdığı bir şəraitdə qloballaşmanın yenidən özünə gələcəyinə ümidlər çox azdır.

Bu gün dünyaya multikulturalizm nümunəsi bəxş edən Azərbaycan xalqı və dövləti yeritdiyi bu humanist ideyalarla yanaşı, milli-mənəvi dəyərlərini də qoruyub, inkişaf etdirməlidir. Multikulturalizm heç də o demək deyil ki, respublikada bütün xalq, millət və etnik qruplara özünütəsdiq üçün şərait yaradılmalı, Azərbaycan xalqı isə yaddan çıxarılmalıdır. Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi, zənginləşdirilməsi elə multikulturalizm siyasətinin bir hissəsi kimi qəbul edilməlidir. İkiqütblü - sadə məntiqlə düşünsək, xalqın milli-mənəvi dəyərləri yerində sayırsa, qorunub, inkişaf etdirilmirsə, o xalq necə tolerant ola bilər, multikulturalizm dəyərlərinə yiyələnə bilər? Əlbəttə, heç cür, multikulturalizm dəyərlərinə malik olmaq üçün ilk növbədə xalq öz milli-mənəvi dəyərləri ilə ortada olmalı, başqalarına da nümunə göstərməlidir. Multikulturalizm həm də millətin xarakter xüsusiyyəti kimi təzahür edir. Bu gün xalqımız bir sıra xalqlara nümunə ola biləcək milli-mənəvi zənginliyə yetişib, lakin inkişafın son mərhələsi yoxdur, biz bu dəyərləri daha da zənginləşdirməyin yollarını aramalıyıq.

Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərinin dünyada təbliği ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Ölkəmiz beynəlxalq aləmdə qədim tarixə, mədəniyyətə və zəngin milli-mənəvi dəyərlərə malik dövlət kimi tanınır. Xalqımızın mədəni incilərinin təbliği dövlətimizə beynəlxalq nüfuz və şərəf gətirməklə yanaşı, bu dəyərlər təbliğ edildikdə brendləşir, onun yalnız Azərbaycan xalqına məxsus olduğu dünyada təsdiqlənir. Bu isə mədəni plagiatların əl-qolunu bağlayan əsas vasitələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycan xalqının mədəniyyətinə məxsus bir sıra incilər başqa xalqların adına çıxılır. Məsələn, mənfur qonşularımız Azərbaycan xalq mahnısı olan "Sarı gəlin" mahnısını və bir sıra digər musiqi incilərini oğurlamağa cəhd göstərir

və müəyyən mənada buna nail ola bilirlər. Bununla yanaşı, bütün postsovet məkanında 1949-cu ildə bəstəkar Qəmbər Hüseynlinin şair Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi "Cücələrim" uşaq mahnısı, hansısa səbəbdən gürcü mahnısı kimi tanınır. Bütün bunların hamısı bizim öz mədəni irsimizə sahib çıxa bilməməyimizin, biganə münasibətimizin nəticəsidir.

Dövlətiimiz qloballaşmanın milli irs və adət-ənənələrimiz üçün yaratdığı təhdidlərin qarşısını almaq məqsədi ilə bir sıra təsirli tədbirlər görüb və bu proses indi də davam etməkdədir. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və inkişaf etdirilməsi, təkcə dövlət qurumlarının üzərinə düşən məsuliyyət deyil, bütün cəmiyyət, hər bir vətəndaş bu işlə məşğul olmalıdır, bu bizim həm mənəvi borcumuz, həm də konstitusion vəzifəmizdir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, "Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir". Ona görə də biz bir vətəndaş, Azərbaycan xalqının bir fərdi olaraq öz məsuliyyətimizi dərk etməli və öz milli varlığımızı qoruyub, gələcək nəsillərə çatdırmalıyıq.

Bunu respublikamızda tarixən bərqərar olan tolerant və multikultural dəyərlərimizin, eləcə də dinlər və millətlərarası dialoqun inşkşaf etdirilməsi istiqamətində dövlətimizin həyata keçirdiyi siyasət tələb edir. Çünki bu dəyərlər xalqımızın milli-mənəvi dəyərlər sistemində mühüm yer tutur.

Heç şübhəsiz ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz hissəsi olaraq həm də  islam mədəniyyətinin inkişafına və zənginləşməsinə böyük töhfələr verir.

Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada multikulturalizmi təbliğ edən dövlətlərdən biri kimi böyük nüfuz qazanıb. Prezident İlham Əliyev də bu dəyərlərin təbliği və təşviqi istiqamətində ardıcıl siyasət həyata keçirir.

Bununla yanaşı, gənc nəslin əsrlərin sınağından keçmiş milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi də dövlətin daim diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq məfkurəsindən irəli gələn məsələlərə bu cür böyük əhəmiyyət verilməsi, ölkəmizdə yaşayan müxtəlif xalqlar və millətlər arasındakı qarşılıqlı anlaşma, yüksək insani keyfiyyətlərə və humanizmə sadiqlik, milli-mənəvi dəyərlərin ümumbəşəri xarakterindən irəli gəlir. Bizim də bir dövlət və vətəndaş olaraq üzərimizə bu dəyərləri qorumaq və inkişaf etdirmək vəzifəsi düşür.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.30934381484985