MÜSƏLMANLARIN İLK QİBLƏSİ

Qüds müsəlmanlar və İslam üçün xüsusi əhəmiyyət daşıyır. Fələstin elə bir yerdir ki, orada müsəlmanların ilk qibləsi, İslamın ikinci məscidi, üçüncü şərafətli hərəm (Məkkə və Mədinədən sonra) yerləşir. Həzrət Əlinin (ə) buyurduğuna əsasən, bu torpaqda dünyada cənnətin dörd qəsrindən (Kəbə evi, Peyğəmbər məscidi (s), Beytul-müqəddəs və Küfə məscidi) biri yerləşir.

Bu şəhər hər üç İbrahimi dində, yəni yəhudilik, xristianlıq və İslam dinlərində mühüm əhəmiyyətə malikdir və müqəddəsdir. Həmçinin bu şəhər bundan öncəki ümmətlərin qibləsi  olmuşdur.

Peyğəmbərliyin ilk 13 ilində - Rəsuli-Əkrəmin (s) Məkkədə yaşadığı dövrdə - həmçinin Mədinəyə köçdükdən 17 aya qədər sonra da o Həzrət və müsəlmanlar Məscidül-Əqsaya tərəf namaz qılırdılar.

Məscidül-Əqsa başqa bir cəhətdən də müsəlmanlar üçün əhəmiyyətlidir. Çünki Allah-təala əziz Peyğəmbərimizi (s) meraca yüksəltdikdə Məscidül-Həramdan Məscidül-Əqsaya gətirmiş və oradan meraca aparmışdır.

Qurani-Kərimdə bu barədə deyir: «Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytül-müqəddəsə) aparan Allah pak və müqəddəsdir». (Əl-İsra, 1)

Ayədən göründüyü kimi, Allah burada Məscidül-Əqsanı ətrafını mübarək etdiyi torpaq kimi təqdim edir, belə çıxır ki, Məscidül-Əqsa özü müqəddəs torpaq olmaqdan əlavə, maddi və mənəvi cəhətdən də çox bərəkətli bir yerdir. Bu müqəddəs torpaq tarix boyu Allahın böyük peyğəmbərlərinin mərkəzi, tövhid və təkallahlığın mənbəyi olmuşdur.

Həzrət İmam Sadiqdən (ə) nəql olunmuşdur: “Məscidul-Əqsa İslamın mühüm məscidlərindəndir və orada ibadət etməyin böyük fəzilət və savabı vardır”.

Beytul-müqəddəsdə (Qüds şəhəri) Məscidul-əqsa məscidindən başqa daha 36 məscid vardır ki, 29-u şəhərin içində, qalanları isə yeni salınmış məhəllələrdə və ya onun ətraflarında yerləşir. Qüdsdə İslamın böyük şəxsiyyətlərinin və peyğəmbər səhabələrinin məqbərələri və ziyarətgahları da mövcuddur.

Beytul-Müqəddəsin müqəddəs məkan və İslam aləmi üçün xüsusi mərkəz olmasından əlavə, indiki dövrdə Fələstin torpağının diqqət mərkəzinə gəlməsi səbəblərindən biri də işğalçı sionistlər tərəfindən təcavüzə məruz qalmasıdır. Ona görə ki, Fələstinin işğalı heç vaxt sadə bir torpağın və ya ölkənin ilhaqı demək deyil, əksinə, İslam dünyasını məhv etmək və mədəniyyətinin yenidən yaranmasının qarşısını almaq üçün düz mərkəzində anti-islam rejiminin yaradılmasıdır.

İran islam inqilabından sonra ilk Ramazan ayında İslam inqilabının memarı Ayətullah Seyid Ruhullah Xomeyni (r.ə.) tərəfindən 1979-cu ilin avqust ayının 7-də, Ramazan ayının son cümə günü Qüds günü elan edildi. İmam Xomeyni bu barədə çıxışında demişdir:

«Mən uzun illər boyu İsrailin təhlükəsini xatırlatmışam. İsrail bu günlər hücumlarını şiddətləndirir, xüsusən Livanın cənubunda Fələstin xalqının məhvi üçün ev-eşiklərini dəfələrlə bombardman edir. Mən dünya müsəlmanlarından istəyirəm ki, bu qəsbkarların və onların himayəçilərinin əlini kəsməkdən ötrü birləşsinlər. Bütün dünya müsəlmanlarından istəyirəm ki, Qədr günlərindən olan və Fələstin xalqının taleyini müəyyənləşdirə bilən orucluq ayının son cüməsini «Qüds» günü müəyyən edib təntənəli mərasim keçirməklə, Fələstin xalqının qanuni hüquqlarının müdafiəsinə qalxmaqla, beynəlxalq birliklərini elan etsinlər. Mütəal Allahdan müsəlmanların küfr əhlinə qalib gəlmələrini diləyirəm».

Mərhum İmam başqa bir bəyanatında Fələstin və Qüds günü məsələsinə daha çox təkid edərək bildirmişdir: "Qüds günü beynəlxalq bir gündür; yalnız Qüdsə aid gün deyil, zülmə məruz qalanların zalımlara qarşı mübarizəsi günüdür... Elə bir gündür ki, məzlumlar müstəkbirlər qarşısında silahlanmalı və onların burnunu yerə sürtməlidirlər...

Qüds günü İslam günüdür. İslam ölkələrində İslamı və onun qanunlarını diriltmə və icra günüdür. Elə bir gündür ki, bütün istikbarçı dövlətlərə xəbərdarlıq etməliyik və deməliyik: İslam daha sizin əsarətinizə keçməyəcək.

Qüds günü İslamın həyat günüdür. Müsəlmanlar oyanmalıdırlar və bilməlidirlər ki, əllərindəki maddi və mənəvi güc-qüvvə ilə heç nədən qorxmamalıdırlar.

İslam Allahın dinidir və bütün sahələrdə inkişaf etməlidir. Qüds günü yalnız Fələstin günü deyil, İslam günüdür. İslam hakimiyyəti günüdür. Qüds günündə super dövlətlərə başa salmalıyıq ki, daha İslam ölkələrində ağalıq edə bilməzlər.

Mən Qüds gününü İslam günü və Rəsuli Əkrəm (s) günü hesab edirəm. Qüds günü o gündür ki, biz bütün güclərimizi toplamalı və müsəlmanları düşdükləri bu bəladan xilas etməliyik və bütün varlığımız və gücümüzlə düşmənlərin qarşısında durmalıyıq." (Nur Səhifəsi, c 5, səh 286)

İmam Xomeyni tərəfindən Beynəlxalq Qüds Gününün elanı və digər müsəlman ölkələrinə yayılması Fələstin məsələsini daxili və lokal girdabdan çıxarıb İslam dünyasının ən mühüm problemlərindən birinə çevirdi. Həmçinin İslam dünyasının beynəlxalq imperializmin və sionizmin məkrli planlarından agahlığına səbəb oldu.

Söz yox ki, İmam Xomeyninin Fələstin məsələsinə diqqəti ölkə daxilində də mühüm təsirlər qoydu. Belə ki, 1950-1970-ci illərdən sonra həmin ərazidə İslam aradan getməkdə idi və yalnız bu hadisədən sonra Fələstin məsələsi yenidən müasir İslam hərəkatının özəyinə çevrildi, yeni dəstək və onun enerjisi ilə İsrailə qarşı mübarizə başlandı. Yeni dəstəkdən sonra məqsəd yolunda cihad, şəhadət və fədakarlıq Fələstin İslam cihadının əsas prinsiplərinə çevrildi. Tanınmış ərəb şəxsiyyətlərindən biri demişdir: “İmam Xomeyni müsəlman ümmətinin birliyi üçün İslami oyanış hərəkatının lideri idi və İran Fələstin məsələsinə xüsusi diqqət yetirən tək ölkədir.”

İmam Xomeyni Allahın rəhmətinə qovuşduqdan sonra onun yolunun davamçısı və canişini olan Ayətullah Xamenei də Fələstin məsələsinə diqqət yetirərək buyurmuşdur: “Fələstin məsələsi İslami cəhətdən bütün müsəlmanlara, o cümlədən bizim üçün əsas və vacib məsələlərdəndir. Bütün İslam xalqları və ölkələri Fələstin problemini özlərinin birinci dərəcəli problemi hesab etməlidirlər. Fələstin torpağının hər bir qarışı müsəlmanların bir qarış evidir. Fələstində fələstinlilərin və müsəlmanların hakimiyyətindən başqa hər bir hakimiyyət qəsbkar və işğalçıdır...”

Əhməd Əfəndizadə

0.10722494125366