Çalxalanan Zaman

 Yağı yağ, ayranı ayran...

 Koronavirusla mübarizə tədbirləri çərçivəsində Azərbaycanda tətbiq olunan karantin rejimi aradan qaldırılmaqdadır. Sərt karantin rejimi belə desək, böyük həddə yumşaldılıb, bəzi qadağalar aradan qaldırılıb və biz artıq onun bütövlükdə ləğv edilməsinin astanasındayıq. Lakin sosial təcriddən bezib-usanan insanlar üçün əvvəlki həyat tərzinin yenidən başlanacağına olan ümid, sadəcə, yaranmadan ölür. Çünki rəsmi, elmi müstəvidə koronavirusun növbəti dalğasının olacağı ehtimaldan həqiqətə çevrilməkdədir.

Bəli, onun ehtimaldan həqiqətə çevriləcəyi məqamda insanların hansı reaksiya göstərəcəyini demək çətindir. Karantindən yenicə çıxmış insanların onun nə demək olduğunu hiss etdirmək qədər...

Amma nə etməli? Məlumat ən mötəbər kürsülərdən gəlir. Səslənən fikirlərin kökündə, məğzində də insanlara, insanlığa kömək, yardım, bir sözlə, humanizm prinsipləri dayanır.

Deyilənə görə, növbəti mərhələdə lazım olan, gərəkən məsələlərə, tədbirlərə əməl olunmasa, bu mərhələ cəm şəklinə keçə bilər. Yəni koronavirusun növbəti mərhələsi deyil, mərhələləri baş verə bilər. Bu hal isə təhlükəli virusdan sayılası günlər qədər deyil, illərlə can qurtarmağın müşküllüyü deməkdir.

Beləliklə, “nə etməli” sualının klassik məqamı daim baş qaldırır. Bu sualı istər sosial-siyasi məqamlarda, iqtisadi çətinlikdə, istərsə də günün ən adi vaxtında özünə verir insan.

Nə etməli ki, ən adisindən tutmuş, bəşəri, dünyəvi, qlobal problemədək, qorxuya və təhlükəyə qalib gələ bilək?! Dünyanı başına almış pandemiyadan çıxış yolu nədədir? Və nə etməli ki, insan övladı ən az itkiylə, qorxuyla, həyəcanla ondan yaxasını qurtara bilsin?

Suallar burulğanında gözlər yenə də məlum virusa qarşı hazırlanacaq vaksinin icadına dikilib. Virusa qarşı vaksin onun özündən daha “təhlükəli” olmalıdır ki, taclı virusun başında «bərq» vura bilsin. Ona isə hələ vaxt var. Gözləmək və səbr etmək də məhz insan övladına xas xüsusiyyətdir.

O halda, virusa qarşı vaksinin tapılmasını, hazırlanmasını, tətbiq olunmasını təyinatı üzrə fəaliyyət sahəsinə buraxaq. Ona qədər isə insanlardan tələb olunanı elə özlərinin ixtiyarına verək. Çünki koronavirusun növbəti mərhələlərinin “günahkarı” gec-tez, insanın özü olacaq. Döyüləni it qapmasını zərb-məsəllərlə, atalar sözləriylə eşitmişik, zamanla...

Virusa qarşı vaksinin tapılmasını istəyən, dünyanı bu təhlükədən qurtarmaq istəyən də insandır. Çünki təhlükə birbaşa insanlığa gəlib, özü də hər mənada. Ondan qurtulmaq üçün dünyanın heç bir yerinə qaçıb-getmək, hardasa gizlənmək, istənilən ölkədən, məkandan uzaqlaşmaq mümkün deyil. Çünki o, hər yerdədir. Sadəcə olaraq, virus bir ölkədə az, birində çoxdur. Bir ölkədə onun varlığına həddən çox inanır, bəzisində isə demək olar ki, inanmırlar. Bütün baş verənlərə baxmayaraq, dünya koronavirus pandemiyası adı ilə çalxalanır, bulanır...

Tamam başqa bir mətləbdən söz açmışkən, məqamına düş-məyən (bəlkə də düşən?- N.O.) bir misra beynimi dəlir: “Çalxalandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”...

Nigar Orucova 

0.45200204849243