«Ağcaqanadı süzüb, dəvəni diri-diri udan kor məmurlar»

İslamın bəzi halal, məşri (dində icazə verilən) və mübah (mümkün ola bilən, haram olmayan) sayılan ehkamları müasir dövrdə deformasiyaya uğradılaraq, əsillərindən elə kənarlaşdırılıb ki, artıq onları haramlardan ayırmaq müşkül məsələyə çevrilib. Belə ki, faiz, rüşvət, içki, qumar, zina və digər haramların cəmiyyətdə adi hal kimi ayaq açıb yeriməsi, həmin mərəzlərin əlacını daha da çətinləşdirib. Həmin səbəbdən, dini maariflənməyə ehtiyac duyan cəmiyyətin əksər hissəsinin halal-haram sərhədlərində şübhə və tərəddüd etməsi heç də təsadüfi deyil.

Əsrin gətirib yetişdirdiyi bu durumu Peyğəmbər (ə) hələ 1400 il bundan öncə belə səciyyələndirib: "Bir zaman gələcək ki, haram halal sayılacaq. İçkiyə nəbiz (xurma və ya quru üzümün şəkəri maye hala gələnə kimi, onun qızdırılmasından sonra əmələ gələn maddə) adı verilib halal bilinəcək. Rüşvəti hədiyyə, sələmi alış-veriş sayacaqlar".

Hədisdən göründüyü kimi, halal-haram məsələlərinin və eləcə də "zərurətlər haramları mübah edir" prinsipinin - yəni zərurət qarşısında qalan insanın ölməməsi üçün haramlardan istifadəsinə icazə verilməsinin tətbiq dairəsinin açıqlanması, dini maariflənmə baxımından günün vacib məsələlərindəndir. Bu haramların ən iyrənclərindən biri rüşvətdir. Peyğəmbər (ə) buyurub: "Rüşvətlə yoğrulan hər bir cəsədin yeri oddur, atəşdir". Həz.İsaya görə isə: "İnsan Allahın məbədidir. Rüşvətlə onu murdarlamaq Allaha asilikdir".

Deməli, rüşvətlə bağlı məsələləri bir-birinə qarışdırmadan yerinə, zamanına və durumuna görə incələyib, onu əsrin gətirdiyi tərəddüdlər prizmasından təhlil etmək həm də İslami və insani vəzifədir.

 Rüşvət: dini və dünyəvim anlamları, səbəbləri

 Dünyəvi anlamda rüşvət vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə edərək rüşvət verənin xeyirinə etməli olduğu və ya edə biləcəyi hər hansı hərəkətə görə şəxsən, yaxud vasitəçilər əlilə hər hansı maddi sərvəti (əşya, pul) almasıdır. Bu mərəzin dini anlamı isə belədir: "Rüşvət, bir məmura haqlı və haqsız iş gördürmək üçün verilən ücrət (pul, əşya) və ya hədiyyədir". Dini və dünyəvi təriflərdən göründüyü kimi, rüşvət vəzifəli məmura verilir. Yəni rüşvəti alan məhz xalqın haqqını qorumağa məsul olan dövlətin məmurudur. Halbuki istənilən məmur bilavasitə maddi nemətlər istehsal edən xalq hesabına məvacib alır və yaşayır. Fəqət məmur dini və dünyəvi qanunların aliliyi və qorunmasına məsul olmasına baxmayaraq, özü o qanunları pozur. Zahirdə qanun keşiyində duran, batində isə Allah və bəşər qanunlarına asi olan belə gəmiricilər, rüşvət naminə yalnız cəmiyyətin kiçik xəta və günahlarını şişirdib, onlara zülm etmirlər. Bu haramzadələr hətta vəzifə, qulluq borclarını belə rüşvətlə görüb, cəmiyyətdə ya bir inamsızlıq və mütilik, ya da qarşıdurma yaradırlar. Belələri üçün həz.İsa buyurub: "Ağcaqanadı süzüb, dəvəni diri-diri udan kor məmurlar".

Məmuru rüşvət almağa sövq edən səbəblər müxtəlifdir. Ən mühüm olanı məmurun qəlbində Allah qorxusunun olmamasıdır. Belələri Allaha iman gətirsələr belə, fəqət axirətdəki sorğu-suala, cəza və mükafata ya inanmayanlar, ya da ona biganə qalanlardır. Mənəvi cəhətdən şikəst olan məmuru rüşvət almağa sövq edən digər cəhət isə onun heyvanı nəfsə malik olmasıdır. Aldığı maaşla nəfsinin istədiyi ehtiyaclarını ödəyə bilməyən məmur, müxtəlif bəhanə və metodlarla gözünü başqasının əli və cibinə dikir. Vicdanının səsi və qəlbinin iniltisini dinləməyən məmur, "havadan" gələn bu "gəlirə" bir dəfə alışandan sonra həmin xəstəliyə düçar olub, rüşvəti özünün haqqı kimi qəbul edir. Nəfsini Allah kəlamlarından üstün tutan məmurların yuxarı təbəqəsinin məvacibləri normal həyat tərzi baxımından yüksək olsa da, fəqət qənaət nə oduğunu bilməyən belə harın "qanun qoruyucuları" üçün həmin məbləğ kifayət etmir. Belələri rüşvəti adi bir hal hesab edərək, vergisi hesabına onları dolandıran vətəndaşın işini əngəlləyir və ya ona heç məhəl qoymur. Xalqı qarışqa nəzərində görən belə cəhənnəm sakinləri unudurlar ki, məmur xalqın xidmətçisidir və ona qulluq etməlidir.

Rüşvətxor məmurlar unudurlar ki, əgər "bir evdəki qəsb edilən tək bircə daş, o evin dağılması üçün kifayətdirsə" (həz. Əli), onların haramla yığdıqları mal-dövlət, tikdirdikləri sarayların dağılması da əvvəl-axır qaçılmazdır.

 Rüşvətin növləri

 Rüşvət ailə, cəmiyyət, millət və ümmət üçün bir qara yara və lənət damğasıdır. O, xəyanət, qətl, qəsb, sələm, zina, qumar və s. kimi haramlar üçün şeytani alətdir. Belə ki, rüşvət vasitəsilə bu haramların hamısı halal kimi qələmə verilə bilir. Rüşvətə qurşanan insan ailə və xalqı, gələcək nəsli elə bir quyuya salır ki, sonradan həmin nəslin oradan çıxması üçün illər lazım gəlir. Fərd və cəmiyyətin dünyada rəzillik sertifikatı, axirətdə isə cəhənnəmlik pasportu olan rüşvətin klassik və ən populyar forması pul rüşvətidir. 600 il bundan öncə: "Salam verdim, rüşvət deyildir deyə, almadılar" - deyən Mövlanə Füzuli indi sağ olsaydı, rüşvət verib, salamının qarşılığını artıqlaması ilə alardı. Rüşvətin digər forması söz, dil rüşvətidir. Bu rüşvətin mahiyyətini hakim sinif və məmurdan bir şey qoparmaq məqsədilə, onu yaltaqcasına mədh etmək təşkil edir. Həz. Əli belə yaltaqlara xitabən buyurub: "Mənə dil rüşvəti verməyin. Mənim nöqsanlarımı deyin, məni öyməyin. Mən sizin dillə dediyiniz tərifdən aşağı, qəlbinizdə tutduğunuzdan isə çox yüksəyəm".

Dil rüşvəti Allah və Peyğəmbər (ə) kəlamlarını siyasətə alət edən din xadimləri üçün keçmişdə olduğu kimi, indi də ən yaramaz vasitələrdən biridir. Dünyanın həm din, həm də siyasət döşündən süd sağmağa aludə olan belə üzdəniraq aparıcı din xadimləri üçün Rəbb buyurub: "Mənim ayələrimi ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın. Və ancaq Məndən qorxun! Vay o şəxslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü "Bu, Allah tərəfindəndir!" - deyirlər. Öz əlləri ilə kitab yazdığına görə, vay onların halına. Qazandıqları şey üçün vay onların halına" (Bəqara, 41, 79).

"İnsanın çəkdiyi hər nəfəs ölümə doğru atılan addımdırsa", (həz. Əli) namussuz rüşvətxorun udduğu hər nəfəs isə onu əbədi əzaba - Cəhənnəmə bir addım da yaxınlaşdırır. Belə rüşvət formalarının ən rəzili qadın rüşvətidir. Bu, pul və dil rüşvətinə ehtiyacı olmayan bəzi şərəfsizlərə özlərindən də alçaq dəyyusların mənsəb və vəzifəyə nail olmaq naminə arvad və ya qızlarını rüşvət olaraq təqdim etmələridir ki, o da artıq rüşvət formasının ən iyrənc, sırf heyvani və son həddidir. Bəli, zamanın dəyişməsi insanların daxilini üzə çıxarır. Şərəf və ləyaqətlərini milyonlarla dəyərləndirən belə biqeyrətlər üçün torpaq, din, vətən, namus və s. kimi bakirə və ülvi dəyərlər heyvani ehtiraslardan qat-qat aşağıdır. Müdriklərin dediyi kimi, "Kişinin qeyrəti olmasa, dini də olmaz".

 Rüşvət və hədiyyənin sərhədləri

 Peyğəmbər (ə) buyurub: "Allahın lənəti olsun rüşvət verənə də, alana da, onların arasında vasitəçilik edənə də". İslamın ilkin dövründə deyilən bu sözün müəllifi zəkat yığmaqdan qayıdan müfəttişdən gətirdiyi bəzi şeyləri özü üçün ayırmasının səbəbini soruşdu. O: "Onları mənə hədiyyə veriblər". dedi. Buna rəğmən Peyğəmbər (ə) buyurdu: "Qəribədir, görəsən sən məmur olmayıb evində otursaydın, həmin hədiyyələr sənə verilərdimi? Əlbəttə yox. Yazıqlar olsun ki, sənin kimilər axirətdə də ziyana uğrayanlardır". Başqa bir misal. Sultan Ömər Əbdül Əzizi uşaqlar alma dolu səbətlərlə qarşıladılar. Ətrafdakıların Sultana Əbu-Bəkrin və Ömərin də verilən hədiyyələri qəbul etdiklərini xatırlatmasına rəğmən, Əbdül Əziz dedi: "Hədiyyə onlar üçün hədiyyə idi. Onlardan sonrakı məmurlar üçün hədiyyə bir rüşvətdir". Lakin bir qrup müctəhid hesab edib ki, yalan məsələsində olduğu kimi, bəzən məcburən rüşvət vermək, verən adam üçün haram sayılmır. Onların arqumentlərinə görə, öz haqqını almaq məqsədilə müxtəlif instansiyalara müraciət edən vətəndaşa o haqqı heç kim vermədiyi təqdirdə, həmin şəxsin rüşvət verib haqqını alması, onun üçün rüşvət sayılmaz. Mötəbər İslam hüquq alimi İbn-Abidin yazır: "Zalım bir məmurun zülmünü özündən və malından dəf etmək və ya öz haqqını almaq üçün verdiyi ücrət, verən üçün rüşvət sayılmaz. Zira məcburiyyət qarşısında qalan vətəndaş üçün "zərurətlər haramı halal edər" (həz. Məhəmməd). Lakin bu, alan üçün rüşvətdir, haramdır".

Hədiyyə varlı və kasıblığından asılı olmayaraq, hər hansı şəxsə hörmət məqsədilə qarşılıqsız (əvəz istəmədən) verilən mal, əşyadır. "Hədiyyələşiniz, sevişin" Peyğəmbər (ə) kəlamıdır. Sədəqə isə, Allah rizası üçün kasıblara bağışlanan mal, pul və edilən müxtəlif yaxşılıqlardır. Həmin səbəbdən, kasıba verilən hədiyyə sədəqə, varlıya verilən sədəqə də hədiyyə sayılır. Rəsulu Əkrəm sədəqə yox, hədiyyə qəbul edərdi. Və hədiyyə verənə də qarşılığını on dəfə artırardı. Bəzi müctəhidlərə görə, hədiyyə o vaxt rüşvət sayılır ki, o, bir iş görülmədən öncə vətəndaş tərəfindən məmura verilsin. Hədiyyəni verən şəxs isə, bunun müqabilində heç bir pis niyyət daşımasın. O, bunu qəlbindən, daxilindən gələn bir ülvi səsə, çağırışa görə etsin. Məsələn: bir poçt işçisi xoş bir teleqramla bir evə gəlsə və o evin sahibi ona bəxşiş versə, o, hədiyyə olar. Zira bu zaman o, bəxşiş verilsə də, verilməsə də həmin teleqramı sahibinə təqdim etməli idi.

Ümumiyyətlə əksər mənbələrə görə, İslamda arzu edilən bir iş görüldükdən sonra məmura verilən hədiyyə rüşvət sayılmır. Təki bu hədiyyə və onun dəyəri, alan adam tərəfindən tələb olunmasın. İbn--Abidin yazır: "Bir adam, hətta sultanla həll olunacaq işini, onun bir yaxını vasitəsilə görərsə və bu iş düzələndən sonra həmin vasitəçiyə bir hədiyyə verərsə, o, rüşvət sayılmaz. Lakin vasitəçi bu işin müqabilində qabaqcadan bir şey istəsə, o zaman verilən hədiyyə haram sayılar".

 Xalq ancaq buyruq sahiblərinin düzgün olmaları ilə tanınar (Həz. Əli)

 Rüşvət mənəviyyatsızlığın, rüsvayçılığın və haramın ən murdar, iyrənc, alçaq və ikrahverici həddidir. Rüşvət məhz fitrata zidd olduğu üçün o, bağlı qapılar arxasında alınır. Rüşvət haram və rüsvayçılıq sayılmasaydı, məmur rüşvəti gizli yox, aşkar, öz halal məvacibi kimi alıb, cədvələ imza atardı. Rüşvət üzdə həyanın yoxluğu, gözdə cəhənnəm odu, qəlbin qıfılı, nəfsin vicdanı susdurması, alan əlin üstdə yox, altda olmasıdır. Rüşvət alan şəxs zahirən "cənnətdə" olsa da, mənən ömrü boyu gözükölgəli, axirətdə isə cəhənnəmlikdir. Rəbb buyurub: "Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın mallarından bir qismini bilə-bilə haqsız yemək üçün günah yolu ilə (rüşvətlə) hakimlərə müraciət etməyin" (Bəqara, 188). Peyğəmbər (ə) isə buyurub: "İmama hədiyyə vermək xəyanət, əmirin hədiyyə qəbul etməsi haram, hakimin rüşvət alması isə kafirlikdir". Həz. Əliyə görə, "xalq səlahiyyət sahiblərinin ədaləti və düzgün olmaları ilə tanınır". Deməli, millətin millətlər içərisində təqdir və ya təkzib edilməsi məhz xalqı idarə edən məmurların ədalət və düzgünlüyündən asılıdır.

Məlumdur ki, insan haqq və azadlıqlarının qorunması İslamın varlıq qayələrindən biridir. Rüşvət isə bu dəyərlərə xəyanət və qəsddir. Elə həmin səbəbdən istər Rəbb, istərsə də Onun kəlamlarından qaynaqlanan bütün sivil bəşər qanunları bu mərəzi haram sayır, onu qadağan edir. Lakin hər bir millətin dirçəliş və intibahı üçün bu qanunların mövcudluğu kifyaət etmir. Zira fərd və cəmiyyəti hidayətə qovuşduran amil, həmin qanunların felən işləkliyidir. Bu isə, həm dövlət məmurlarının vicdanından, həm də millətin öz haqlarının qanunla qorunmasına münasibətindən asılıdır. "Bilin ki, mən iki növ adamla mübarizədəyəm: biri haqqı olmayan şeyi iddia edənlər, digəri öz haqqını müdafiə etməyənlər" (həz. Əli).

Peyğəmbər (ə) öldürülən qatilin malına həbs qoymayıb, onun malını oğluna verib. Xəlifə Ömər dövlət işlərində dövlət şamından, evində isə şəxsi vəsaitindən aldığı şamdan istifadə edib. "And olsun Allaha, bir qarışqanın ağzındakı arpa dənəsinin qabığını almaq üçün mənə 7 iqlimi və bu iqlimlərin altındakı ölkələri versələr, yenə də qəbul etmərəm". idarəetmə prinsipi, həz. Əliyə məxsusdur. XX əsrin birinci allahsızı - ateist V.Lenin isə deyib: "Əgər rüşvət kimi bir hal varsa, əgər bunun olmasına imkan varsa, onda dövlət və siyasətdən danışıq ola bilməz".

Göründüyü kimi, dini mənsubiyyəti, mömin və kafirliyindən asılı olmayaraq, rüşvət bəşər sivilizasiyası üçün bir zəqqum ağacıdır. Elə isə, imanlı məmurların Rəbb və Peyğəmbər (ə) kəlamlarından, "allahlıq" edən allahsız məmurların da Leninin sözündən ibrət alması arzusu ilə.

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

1.6862030029297