Nazirin bərbad günə qoyduğu səhiyyə

Əlac TƏBİB-ə qalıb

 Ölkə səhiyyəsi nazır Oqtay Şirəliyevin yarıtmaz rəhbərliyi sayəsində çox bərbad duruma düşüb. Ölkənin səhiyyə sustemi elə çöküb ki, dünyanın huri- qılmanları da gəlsə, onu düşdüyü çökəkdən çıxara bilməz. Ölkə rəhbərliyi vəziyyətdən xəbərdar olsa da, nədənsə nazir O. Şirəliyevi vəzifədən azad etməyə tələsmir.

Azərbaycanda elə bir dövlət xəstəxanası tapıb göstərmək mümkün deyil ki, orada xalqa dövlət hesabına pulsuz müalicə göstərilsin. Ölkənin tibb müəssisələri açıq-aşkar rüşvətlə işləyir. Hətta təcili təxirəsalınmaz tibbi yardıma gələn həkimə 10 manat verməsən iş keçmir.

Ölkənin səhiyyə sistemində ciddi problemlər onsuz da çoxdur, amma dializ alan xəstələrin problemi daha çox hiss olunur. Xəstələrin və xəstə yaxınlarının, həmçinin ölkədəki digər dializ xəstələrinin iddiasına görə, təhlükə, məhz dializ aparatları ilə bağlıdır.

Ölkədəki hemodializ xəstələrinin əksəriyyəti dializ aparatlarının köhnəldiyindən, dializatorların keyfiyyətsiz olmasından şikayətlənir.

Adının açıqlanmasından ehtiyat edən belə xəstələrdən birinin dediklərindən: “Bir hemodializ aparatının istismar müddəti orta hesabla 6 ildir, ancaq ölkəmizdəki mərkəzlərdə aparatların əksəriyyəti nəinki 6 il, hətta bəziləri 15 ildir işləyir. Təbii ki, buna işləmək demək olarsa. Aparatlarin ömrü bitib, gəlib düzəldib gedirlər, bir gün sonra yenə xarab olur. Aparatların sıradan çıxan ehtiyyat hissələrinin isə istehsal olunmadığı deyilir və dəyişdirilmir. Görəsən, bizim ölkədə yeni model dializ aparatlarına nə zaman keçiləcək?”.

Xəstələrin iddiaları ilə maraqlanarkən məlum olur ki, hazırda əksər ölkələrdə hemodializ xəstələr üçün yüksək funksiyalara malik “Fresenius 5008 Cor Diax” aparatından istifadə olunur. Ölkəmizdə isə bu aparatlardan yalnız bir özəl klinikada istifadə olunduğu məlumdur. Burada hemodializ qiymətləri isə hər xəstə üçün əlçatan deyil.

Araşdırma zamanı onu da müəyyən etdik ki, keyfiyyətli hemodializ üçün əsas şərt dializatorlardır. Əksər ölkələrdə “Fx 80”, “Fx 100”, “Fx 800/1000” kimi “high flux” (yüksək axın) dializatorlardan istifadə edilir. Ölkəmizdə isə, əsasən Hindistan və Turkiyə istehsalı olan “low flux” (zəzif axın) dializatorlardan istifadə olunur. Birinci dializatorlardan fərqli olaraq ikincidə qanın təmizlənməsi faizi çox aşağıdır.

Xəstələrin şikayətlərini araşdırdıqda bəlli olur ki, dializ aparatının arxasında “Diasafe” (təhlükəsiz dializ mənası verən) adlandırlan filter olmalıdır. Həmin filterlər 100 seansdan, yəni 3 aydan bir dəyişdirilməlidir. Xəstələr bildirirlər ki, bu filterləri yalnız təzə gətirilən aparatlarda görmək mümkündür. Sözügedən filterlərin, ümumiyyətlə, xəstəxanalarda dəyişdirilmədiyi deyilir. Nəticədə də bakteriyalaşmış su asanlıqla aparatlara daxil olur və xəstələrdə titrətmə, üşütmə kimi hallar və ağırlaşmalar baş verir.

Xatırladaq ki, məhz Füzili, Sabirabad və digər rayonların Mərkəzi Xəstəxanalarında dializ aparatında “osmos” deyilən qurğunun filterinin olmadığına və ya dəyişdirilmədiyinə görə problemlər yaşandığı bildirilir.

O da bildirilir ki, məhz bu səbəbdən dializ suyuna bakteriya düşür ki, bu da xəstələrin qanına keçib, xəstədə ağırlaşma yaradır.

Ölkədəki dializ aparatları ilə bağlı iddialara, həmçinin araşdırmalarımıza işıq tutmaq məqsədilə həkim-nefroloqla söhbət etdim, o dedi: “Azərbaycanda hazırda aparat baxımından heç bir problem yoxdur. Sonuncu model “Fresenius 5008 Cor Diax”dan öncəki modellər olsa da, köhnə cihazlar hesab etmək olmaz. Ancaq həmin aparatlara qulluğun hansı səviyyədə olmasını deyə bilmərəm. Şəxsən mənim çalışdığım şöbədə elə bir problem yoxdur”.

Nefroloq iddialara belə aydınlıq gətirdi: “Cihazın arxasında “Diasafe” adlanan filter yerləşir və həmin filterlərin infeksiyaya, bakteriyaya heç bir aidiyyəti yoxdur. “Diasafe” filterləri ancaq həkimin işini asanlaşdırmaq üçündür, yəni aparata proqram verirsən ki, xəstəyə nə qədər dializ lazımdır, həmin rəqəmi verir. İnfeksiya “osmos”dan düşə bilər, yəni “osmos”dakı su təmiz deyilsə, belə hal baş verər. Belə olan halda isə “osmos”dakı su analizə göndərilməlidir və əgər həmin suda infeksiya aşkarlanarsa, deməli, deyilənlər doğrudur. Hemodializ şöbələrində mütləq həkim olmalıdır ki, xəstələrin halı pisləşdiyi təqdirdə yardım göstərə bilsin. Bu həkim də mütləq nefroloq olmalıdır, uroloq da olmaz. Ancaq Azərbaycanda yetərli sayda nefroloq olmadığına görə, bir çox dializ mərkəzlərində mütəxəssis çatışmazlığı var. Ona görə də məcbur qalıb, kardioloqları, revmatoloqları təkmilləşdirmə institutlarına göndərirlər, orada 15 günlük, bir aylıq kurs keçdikdən sonra dializ mərkəzlərinə təhkim edirlər”.

Həm şikayətlərdən, həm araşdırmamızdan, həm də mütəxəssis rəyindən belə anlaşılır ki, Azərbaycanda dializ xəstələri, sözün həqiqi mənasında Allahın ümidinə buraxılıb. Kimin ki, pulu var, mütəxəssis tapa bilir, sağlamlığını peşəkarlara etibar edir, pulu olmayan xəstələr isə 15 günə “nefroloq” olmuş qeyri-peşəkarların əlində qalır. Dünya ölkələri daha keyfiyyətli dializ üçün çalışarkən, biz əlimizdə olan cihazlara lazımi səviyyədə qulluq göstərməyi bacarmırıq, ümumiyyətlə, yaxşı mütəxəssislərimiz barmaqla sayılacaq qədər azdır.

Son olaraq, keyfiyyətli dializ keyfiyyətli həyat, dializdə yaşanan ömrün uzunluğu deməkdir. Həyatı dializ aparatından asılı vəziyyətə düşmüş həmvətənlərimizi itirməmək üçün rəsmi qurumlar daha ciddi işlər görməlidir.

Səhiyyə naziri Oqtay Şirəliyevin bu işlərin öhdəsindən gələcəyinə heç bir ümid yoxdur, əlac TƏBİB-ə qalıb.

 Mahir Abbaszadə

0.32968091964722