Vətəni sevmək imandandır

Vətən sevgisi ilə rüşvət bir yerə sığmaz

Deyirlər, Vətən anlayışı insanla bərabər yaranıb. İnsan yarandıqdan sonra çoxalıb yer kürəsinin müxtəlif guşələrinə yayıldı. Bu minvalla tayfalar, qəbilələr, millətlər, xalqlar meydana gəldi. Daha sonra ortaya çıxan bu xalqların özünəməxsus daimi yaşayış yeri, danışıq dilləri, adət-ənənələri meydana çıxdı. Beləliklə, vaxt, zaman keçdikcə bu xalqlar böyüdü, biri digərindən müəyyən məsələlərdə fərqlənməyə başladı. Nəticədə, bu toplumlar məskunlaşdıqları, böyüyüb boya-başa çatdıqları yerləri vətən adlandırdı. Təbii ki, bu çox məsuliyyətli bir addım idi. Çünki əgər bir xalqın, millətin vətəni müəyyən olundusa, bundan sonra bu torpaqda yaşamağın məsuliyyəti birə-beş artır və o torpağı yadellilərdən, xain gözlərdən, düşmənlərdən qorumaq buradakı cəmiyyətin üzvlərinin üzərinə düşür. Əks halda, onlar düşmən tərəfindən daim təhdid və təzyiqlərə, işğallara məruz qalacaq. Beləcə, hər bir toplum öz qayda-qanunları çərçivəsində yaşamalı, digər toplumlarla xoş münasibət qurmalı, başqasının haqqını qəsb etməməli, onların nailiyyətlərinə paxıllıq etməməli, bir-biriylə dostluq-qardaşlıq münasibətləri şəraitində həyatını davam etdirməlidir.

Təəssüf ki, bu deyilənlərə tarixdə lazımi qədər əməl olunmur. Hələ də ölkələr arasında torpaq uğrunda müharibələr gedir, qan tökülür..

Yuxarıda qeyd etdiyim kimi, vətəni qorumaq gərəkdir. Vətəni qorumaq, mühafizə etmək üçün əqidəli, qətiyyətli vətəndaşlara ehtiyac vardır. Bu əqidəsi möhkəm insanların sayı tarixdə hər zaman ümumi kütləyə nisbətdə az olub. Vətən sevgisi, vətən namusu, vətən qeyrəti həqiqi vətəndaşlara xas olan cəlbedici xüsusiyyətdir. Bunlar eqoist hiss deyil ki, başqalarını əzsin, məhv etsin, özünü üstün tutsun. Əsla! Bu sevginin mənbəyi ümumiyyətlə, torpağa olan bağlılıq və hörmətdir. Bu nemət Uca Allah tərəfindən bizə əmanət edilib. Bu Vətəni, bu torpağı bizə ata-babalarımız necə əmanət qoyubsa, biz də bizdən sonrakı nəsillərə bu yurdu, eli, obanı sağlam təhvil verməliyik. İslam Peyğəmbəri Həzrəti Muhəmməd (s.a.s.) buyurub: “Vətəni sevmək - imandandır”. Öz Yaradanını, nə üçün yaradıldığını anlayan insanda Vətəninə qarşı sevgi daim yüksək səviyyədə olur. Əks halda, bu torpaqda yaşamağa, faydalanmağa haqq edə bilmərik.

 Sevdiyi, maraq duyduğu şeyə qarşı ciddi münasibətini insan gərək öz əməliylə təsdiqləsin. Belə olmazsa onun iddiasıda, sevgisi də boş və mənasızdır. Vətənin şad və çətin günündə yanında olmaq gərəkdir. Bir el məsəlində deyildiyi kimi: “Dost dar gündə tanınar”. Həqiqətən də dar gündə tanınmaq daha ibrətlidir, nəinki xoş gündə. İnsan həqiqətən sevdiyi bir işin reallaşması üçün bütün qüvvəsini səfərbər edir ki, nəticə müsbət olsun. Çünki bunu kiməsə xatir etmir. Tam içindən gələn bir istəyi həyata keçirir. Əslində belə həyat tərzi kamil insanların həyat tərzidir. Belə insanlar gördükləri hər işi sevə-sevə edir və mənəvi həzz alır. Kamil vətənpərvər insanlar daim lazımlı, düşünülmüş addımlar atırlar. Hətta bəzən insan elə gözlənilməz işlər görür ki, cəmiyyət bu addıma heyran olur, yaxud, əksinə.

Fəqət, təəssüflə qeyd edim ki, koronavirusun dünyamız və vətənimiz üçün böyük təhlükə yaratdığı, torpaqlarımızı erməni işğalından azad etməli olduğumuz indiki məqamda vətəni sevib onun yolunda canından keçən fədailərlə bərabər, özünün, ailəsinin firavanlığını təmin etmək naminə ölkəmizi rüşvət və korrupsiya bataqlığına çevirən məmurlar ordusu ilə də mübarizə aparmaq zorundayıq.

Haqqında bir cümlə belə xoş söz qeyd etmək mümkün olmayan bir qrup şərəfsiz, ləyaqətsiz insanlar vəzifə ələ keçirib, dövləti və xalqı talamaqla məşğul olur, hətta övladlarını torpaqlarımızın erməni işğalından azad olunması müqəddəs savaşdan belə, yayındırırlar.

Son zamanlar belə yaramaz məmurların həbs olunub məhbəsə atılması, barələrində ən ciddi ölçü götürülməsinin xalq tərəfindən olduqca təqdir olunması təsadüfi deyil, tam yerində olan məsələdir.

Bu cür tədbirlərin görülməsi ölkəmizdə bundan sonra da fasiləsiz davam etməlidir. Vətəni sevmək əvəzinə, ona qənim kəsilənlərə, soyub-talamaqla xalqa zülm edənlərə daha ağır cəza verilməlidir!

 Şahnaz Salehqızı
[email protected]

0.098416090011597