Məmurlar onlara dəymiş «ziyanı» xalqa ödətdirir

Bunu qiymətləri qaldırmaqla edirlər

 Koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi, ölkə bazarlarında qiymətlərin artmasınada təsir göstərib. Hazırda ölkədə elə bir sahə yoxdur ki, orada qiymətlər, xüsusən xaricdən idxal olunan bütün növ məhsulların qiymətləri 10-15 faiz qalxmasın.

Məsələn, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov «Trend»ə deyib ki, pandemiya ilə əlaqədar olaraq torpaq bazarında aktivlik olmasa da, qiymətlərdə artım müşahidə olunub.

Ekspert bildirib ki, aprel ayı ərzində Bakıda torpaq bazarında qiymətlər 6.18 faiz artıb. Onun sözlərinə görə, torpaq bazarında bir sotun orta qiyməti 20,097 manatdan 21,338 manata qədər artıb. N.İbrahimov əlavə olaraq bildirib ki, qiymət artımının səbəbi pandemiya ilə əlaqədar olaraq torpaq bazarında təklifin azalması ilə bağlıdır: "Öz torpaqlarını bazara çıxaranlar pandemiya ilə əlaqədar olaraq onu satmağa ehtiyat etdilər və portfeldən çıxardırlar. İnsanlar koronavirusdan sonrakı dövrü gözləməyə üstünlük verirlər. Əlbəttə, bu da torpaq bazarında təklifi azaldır və müvafiq olaraq qiymətlərin artmasına səbəb olur”.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq, əsasən Çindən idxal olunan elektrotexnika və digər məhsulların qiymətində də xeyli yüksəlmə var. Elektronika sahəsinin mütəxəssisi İlkin Əsədzadənin verdiyi məlumata görə, bütün mağazalarda, o cümlədən «Baku Elektroniks» mağazalarında kompüterlərin və buna münasib avadanlıqların qiymətləri 30-40 faiz artıb. Mütəxəssis bunun səbəbinin koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar olaraq, hazırda Çindən məhsul gətirilməməsilə bağlı olduğunu bildirdi.

Azərbaycandakı bütün ticarət sisteminin oliqarx-məmurların əlində olduğunu, inhisarçılığın bütün sahələri zəbt etdiyini nəzərə alsaq, ölkədə qiymət yüksəlişinin daha bur neçə səbəbi olduğunu söyləyə bilərik.

Ölkə prezidentinin son zamanlar apardığı islahatlara, rüşvətxor məmurların həbs olunmasına və digər hallara baxmayaraq, Azərbaycanda qiymətlərin artması əvvəlki gücü ilə davam edir.

Pandemiya səbəbilə xalqın gəlirlərinin hədsiz azaldığı hazırkı zamanda qiymətlərin süni şəkildə qalxması yolverilməzdir.

Hökumətin, xüsusən İqtisadiyyat Nazirliyinin qiymətlərə nəzarət edən komissiyasının bu məsələ ilə ciddi məşğul olması çox vacibdir. Çünki işbazlar itirdiklərini xalqdan qoparmaq üçün hər cür rəzilliyə əl atır.

 Tahir Abbaslı
[email protected]

0.14467811584473