Azərbaycanın multikulturalizm siyasətinin əsasında ölkənin mədəni müxtəlifliklərinin qorunması dayanır

Despotik hökumətlərin yaratdığı süni tolerantlıbın ömrü də həmin hökumətlərin ömrü qədər olur

Dünyanın tolerant dəyərlərə və multikultralizmə sadiq ölkələrində bərqərar olan modelləri nəzəri baxımdan iki hissəyə ayırmaq olar. Bu modellərdən biri biganəliyə, digəri isə anlaşmaya əsaslanır. Hər iki əsas üzərində uğur qazanan kifayət qədər modellər mövcuddur. Birinci modeldə hansısa səbəbdən aboregen (yerli) əhali hamıya qarşı biganədir - fərqində deyil ki, kimlərsə yad mədəniyyətlərin və dinlərin nümayəndələridir. Təcrübi baxımdan belə modellərin iflasa uğraması faktı dünyada qeydə alınmasa da, əksər sosial, mədəni və siyasi elmlərin araşdırıcıları sözügedən modelin hər an dağılma ehtimalının olduğunu istisna etmir. Alimlər bunu onunla izah edirlər ki, bigənə toplumların haçansa özünə qayıdışı baş verərsə, sözsüz ki, onlarda digər toplumlar kimi milli dəyərlərini qorumaq instinktləri güclənəcək və bu güclənmə yad mədəniyyətlərə və ya dinlərə qarşı etirazla müşahidə oluna bilər. Buna bənzər hallar lokal şəkildə olsa da, ötən əsrin 80-90-cı illərində bir sıra Afrika tayfaları arasında yaşanıb. Uzun illər eyni bölgədə yaşayan iki və üç tayfa bir -birinə və Avropa kökənli insanlara qarşı aqressiya nümayiş etdirməyə başlayıb. Düzdür, bu qarşıdurma çox qısa zaman davam edib və dövri mətbuatda çox yayğın işıqlandırılıb, buna görə də beynəlxalq ictimaiyyət bu barədə çox az məlumata malikdir.

Bununla yanaşı, ötən əsrin 90-cı illərində Orta Asiyada eyni dindən, eyni kökdən olan toplumların qarşıdurmasını müşahidə etdik. Əvvəl özbəklərlə Mesxeti türkləri arasında qanlı savaş başladı. Halbuki, bir-biri ilə qohum olan iki millət 30-40 il birlikdə qarşılıqlı anlaşma şəraitində yaşayandan sonra  aralarında qarşıdurma, münaqişə başladı. Nəticədə, bütün Mesxeti türkləri Özbəkistandan didərgin salındı. Yeri gəlmişkən, qeyd edək ki, həmin Mesxeti türklərinin bir hissəsi də Azərbaycana pənah gətirdi və onlar indi də ölkəmizdə yaşamaqdadırlar.

Bu yerdə bir haşiyə çıxaq ki, Vikipediyada yerləşdirilən informasiyaya əsasən, Axısqa türklərinin və ya Mesxeti türklərinin deportasiyası - Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya məcburi şəkildə köçürülməsi ilə başlayıb. Deportasiya zamanı 212 kənddə yaşayan 92.307-94.955 arası Axısqa türkü öz yurd-yuvalarından məcburi şəkildə çıxarılaraq Orta Asiyaya köçürülüb. Onlar mal-qara üçün nəzərdə tutulan vaqonlara yerləşdirilərək, əsasən Özbəkistan SSR-ə göndəriliblər. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiyaya məruz qalıblar. Kürdlər və həmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000 nəfərə yaxın şəxs deportasiya edilib. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilib, orada məcburi əməyə cəlb olunublar. Deportasiya və sürgünün ağır şərtlərinə dözüm gətirə bilməyən 50.000 insan bu acınacaqlı şəraitdə həyata gözlərini əbədi yumublar.

Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunub. Əməliyyatın yerinə yetirilməsi üçün 34.000.000 rubl ayrılıb. Bu, 1930-cu illərdən 1950-ci illərə qədər sovet etnik azlıqlarının bir neçə milyon üzvünə təsir göstərib, SSRİ hökumətinin məcburi yerləşdirmə proqramının və əhali köçürmələrinin bir hissəsi olaraq həyata keçirilib. Deportasiya prosesi tamamlandıqdan sonra SSRİ hökuməti, əsasən xristian ermənilərdən ibarət olan 32.000 nəfəri Mesxetiya ərazisinə yerləşdirib.

Hazırda Özbəkistanda artıq Mesxeti türkü qalmayıb, yuxarıda qeyd etdiyimiz kimi, 90-cı illərin əvvəllərində özbəklər tərəfindən onların hamısı ölkədən qovulub. Məhz sovet hökumətinin cəza aparatının qorxusu altında, biganəlik üzərində qurulan süni tolerantlıq, SSRİ-nin dağılması və qorxu hissinin aradan qalxması ilə anındaca darmadağın oldu. Dünyanın müxtəlif guşələrində bu cür despotik hökumətlərin yaratdığı müvəqqəti "tolerantlıq"ın ömrü də, elə həmin hökumətlərin ömrü qədər olur.

Azərbaycanda isə tolerantlıq, dözümlülük və multikulturalizm dəyərləri əsrlərlə inkişaf mərhələsi keçib, yüzilliklərin təlatümü ilə cilalanaraq bu günümüzə qədər gəlib çıxıb. Ölkəmizdəki multikulturalizm modeli qarşılıqlı anlaşmaya əsaslanan bir platforma üzərində formalaşıb. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dövlətinin multikulturalizm siyasətinin əsasında ölkənin etnik, dini, dil və mədəni müxtəlifliklərinin qorunması dayanır. Multikulturalizm siyasəti dövlətin inteqrasiya siyasətini də möhkəmləndirir. Ərazisi cəmi 86,6 min kvadrat kilometr olan bu məmləkətdə 20-dən çox millət, 50-dən çox etnik qrup yaşayır. Dövlət olaraq, yalnız mənfur qonşumuz olan Ermənistandan başqa heç bir ölkə hökuməti ilə həlledilməz problemə malik deyilik. Ermənistanla isə problem konkret ondan ibarətdir ki, bu dövlət Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinə qədərini işğal edib və hələ də ərazilərimiz işğal altında, həmin ərazilərdə yaşayan əhalisi isə məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb.  Buna baxmayaraq, ölkəmizdə on minlərlə erməni yaşayır. Halbuki, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Hazırda ölkəmizdə Ermənistandan qovularaq qaçqın həyatı yaşayan bir milyondan çox soydaşımız var. Tarixi ədalətsizlik göz önündədir - bütün millətlərə, mədəniyyətlərə və dinlərə qucaq açan Azərbaycan xalqı ermənilər tərəfindən aqressiyaya, təcavüzə və işğala məruz qalıb.

Bütün bunlara rəğmən, respublikamızda multikulturalizmin inkişaf etdirilməsi və bütün dünyaya yayılması dövlətin prioritet siyasi hədəflərindən birinə çevrilib. Dövlətin multikulturalizm siyasətini əsasən Mədəniyyət Nazirliyi, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi həyata keçirir. Siyasətin əsas ağırlığı isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) üzərinə düşür. BBMM həm də multikulturalizmin Azərbaycan modelini dünyaya yaymaqla məşğuldur. BBMM dövlətin multikulturalizm siyasətinin həyata keçirilməsində əhəmiyyətli yerə və rola malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı ilə yaradılan Multikulturalizm Mərkəzi artıq 6 ildir ki, uğurla fəaliyyət göstərir. Qurumun internet səhfəsində vurğulanır ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın tarixən sahib olduğu multikultural dəyərlərin, mədəniyyətlərarası və xalqlararası dostluğun müasir mərhələdə təbliğ edilməsidir: "Müasir dövrdə Multikulturalizm Mərkəzi Azərbaycanın ictimai-siyasi, mədəni həyatında və multikulturalizm siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasəti nəticəsində Azərbaycan həqiqətlərinin dünyaya yayılması, eləcə də ölkəmizin imicinin daha da yaxşılaşdırılması baxımından BBMM önəmli bazaya çevrilib. Bu istiqamətdə Mərkəz bir sıra uğurlu layihələr həyata keçirir. Bu layihələr içərisində "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin yerli və xarici universitetlərdə tədrisi,  yay və qış  beynəlxalq multikulturalizm məktəbləri, "Terror multikulturalizmə qarşı", "Qafqaz Albaniyası" və digərlərini xüsusi qeyd etmək olar. Bu gün 9 xarici  ölkədə BBMM-in filialı fəaliyyət göstərir. Respublikamızın bütün universitetlərində, eləcə də dünyanın 22 nüfuzlu ali məktəbində (Almaniya, Rusiya, İndoneziya, Türkiyə, Yaponiya, İtaliya, Braziliya, Portuqaliya, Hindistan, Gürcüstan, Ukrayna və s.) Azərbaycan multikulturalizm modeli tədris edilir. Beynəlxalq yay və qış multikulturalizm məktəbi iştirakçılarının yaratdığı "Azərbaycanın gənc dostları" klubu xarici ölkələrdə Azərbaycanın maraqlarını müdafiə edir. Hər il onlarla uğurlu elmi nəşr təqdim edən Multikulturalizm Mərkəzi, həm də yerli və xarici tədqiqatçılar üçün araşdırma mərkəzi rolunu oynayır. BBMM-in nəşrləri sırasında "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" (Azərbaycan,rus, ingilis, fransız,ispan, italyan dillərində), "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" (Azərbaycan,rus, ingilis dillərində) kitabları, eləcə də "Azərbaycan multikulturalizmi" (Azərbaycan, ingilis dillərində) və "Multikulturalizmə giriş" dərslikləri xüsusilə diqqətə layiqdir. Onu da əlavə edək ki, BBMM-in ildə 4 dəfə nəşr olunan "Multikulturalizm" jurnalı və ayda iki dəfə Mədəniyyət telekanalı ilə birgə təqdim etdiyi "Multikulturalizm" adlı verilişi də fəaliyyət göstərir. Bu yaxınlarda isə mərkəzin "International Journal of Multiculturalism" (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı yeni beynəlxalq elmi jurnalı ingilis dilində nəşrə başlayıb".

Dövlət başçısının da vurğuladığı kimi, bu gün Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır. Bu, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri və ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də bu siyasətə öz töhfəsini verir. Mərkəz artıq dünya ictimaiyyəti tərəfindən təqdir edilən, multikulturalizmin bu funksiyasını daşıyan, aparıcı bir qurum statusunu qazana bilib.

Sözügedən dövlət qrumları ilə yanaşı, Azərbaycan dövlətinin multikulturalizm siyasətinə vətəndaş cəmiyyəti institutları - media, qeyri-hökumət təşkilatları, dini icmalar və mədəniyyət mərkəzləri dəstək verir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.10515689849854