“İran beş ilədək beş yeni dövlətə bölünəcək” – Sensasion müsahibə

“İranın parçalanması planı çoxdan var. Bu plan 2025-ci ilə qədər həyata keçirilməlidir. Bu formada alınmasa, bunu müharibə yolu ilə edəcəklər. İran ya sakitcə oyundan çıxmalıdır, ya da dağılmalıdır. İran bu təzyiqlərə davam gətirə bilməyəcək”.

Politoloq Cümşüd Nuriyev belə düşünür.

Paralel.az onun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Suriya Prezidenti Bəşər Əsədi hakimiyyətdən göndərmək üçün Ankara, Moskva və Tehran arasında müzakirələrin getdiyi bildirildi. İran tərəfi bunu təkzib etsə də, iddianın geniş müzakirə mövzusuna çevrilməsi suallar yaratdı. Sizcə, belə bir müzakirə mümkündürmü?

- Əslində mümkündür. Çünki Rusiya-Türkiyə anlaşmasında ABŞ-ın rolunu nəzərə alsaq, demək, razılaşdırılıb ki, həm Əsəd hakimiyyətdən getsin, həm də İran oradan çıxsın. Netanyahu növbəti dəfə İsrail baş naziri seçilən kimi həm İran, həm də İordan çayının sağ sahili məsələni ortaya qoydu, yəni, İsrail artıq birləşməlidir. Bu o deməkdir ki, bölgədə həm Rusiya, həm də ABŞ-la gizli razılaşma var. Məlumdur ki, İsrailin ABŞ-la yanaşı, Rusiyada da böyük lobbisi var. Onlar çalışırlar ki, bu yolla İranı zərərsizləşdirsinlər. Hesab edirəm ki, bu plan artıq baş tutub.

Digər yandan, ABŞ 4 döyüş gəmisini Fars körfəzinə - İran yaxınlığına göndərib. ABŞ-a bu müharibə ona görə lazımdır ki, Trampın ciddi problemləri var, qarşıdan seçki gəlir. İrana da ona görə lazımdır ki, daxili problemləri var, bundan yayınmaq lazımdır. Yəni, müharibə başlasa, daxildə bu problemlərə görə yaranmış gərginlik aradan qalxa bilər. Hazırda İran çalışır ki, daxili problemlərini yeni müstəviyə keçirsin. Bu “yeni müstəvi” də, ancaq müharibə məsələsi ola bilər. Nə qədər ki, müharibə məsələsi gündəmdədir, İran daxildən qarışmayacaq. Məlumdur ki, İran daxilində həm pandemiya, həm sanksiyalar, həm də sosial-iqtisadi problemlərə görə ciddi narazılıqlar var. Habelə, pandemiya göstərdi ki, İranın səhiyyə sistemi də bərbad vəziyyətdədir. Yəni, daha çox publikaya hesablanmış bir səhiyyə sistemi formalaşdırılıb. Belə bir vəziyyətdə, ehtimal etmək olar ki, İran da müharibədə maraqlıdır.

1979-cu ildə İranda islam inqilabı qalib gəldikdən sonra 8 il İraqla müharibə apardılar ki, əhali daxilindəki gərginlik azalsın, nə qədər gənc vardısa, hamısını müharibəyə göndərdilər. Narazı olan insanların hamısını bu müharibədə qırdırdılar. Bununla bir növ problemi həll etdilər. Başqa sözlə, İranın Suriyadakı mövqeyinin zəiflədilməsi razılaşdırılmış ssenaridir. Hadisələrin gedişi də onu göstərdi ki, birdən-birə həm Rusiyanın, həm də Türkiyənin mövqeyi dəyişdi. Əsəd gedirsə və ortada anlaşma varsa, nə fərqi var ki, onun yerinə gələn Rusiyanın adamı, yoxsa razılaşdırılmış şəxs olacaq.

Bu anlaşmada İsrailin də maraqları var. İsrail Qolan Təpələrini əlində saxlamaq istəyir. Digər yandan, Suriyadakı ən bahalı tarixi abidələri Rusiya və ABŞ oradan çıxardı. Suriyada müxtəlif tarixi abidələr, qızıl dəfinələri var idi, hamısını çıxarıb satdılar. ABŞ və Rusiya İraqdan sonra Suriyanı da bölüşdürdü. Buna görə də Əsədin hakimiyyətdən göndərilməsi mümkündür.

- Bəs Rusiya rəhbərliyi və Əsəd arasındakı narazılıq nədən qaynaqlanır? Bir neçə gündür rus mediasında bu məsələ ətrafında fikir mübadiləsi aparılır.

- Rusiyada heç vaxt partnyorlarla bağlı problem olmayıb, həmişə öz maraqlarına uyğun hərəkət edib. Əsədi hakimiyyətdə saxlamaqla öz gücünü göstərdi. Doqquz il ərzində dünyaya göstərdi ki, Rusiya Rusiyadır. Amma indi Əsəd ona lazım deyil, yeni oyunçu lazımdır. İndi bu oyunçuya münasibətdə həm ABŞ-ın razılığı olmalıdır, həm də İsrailin. Çünki buradakı bütün problemlərin başında İran durur. İranın orada olması nə Rusiyaya, nə də ABŞ-a sərf edir. Oyunun qaydalarını bu iki dövlət müəyyənləşdirir. Demək, İran oyundan çıxarılmalıdır. Türkiyəyə də sərf edir ki, Yaxın Şərqdə tək oyunçu olsun. Rusiyanın isə öz maraqları var.

Hesab edirəm ki, bu məsələ koronavirusdan sonra təsadüfən gündəmə gəlməyib, demək ki, əvvəlcədən razılaşdırılıb. Yeni dünya düzəni formalaşır və bu düzəndə də İranın yeri olmamalıdır. Bu ABŞ-a da sərf etmir, Rusiyaya da.

- İranın bölgədən çıxarılması nə ilə nəticələnəcək, bundan sonra öz daxilinə çəkilməsi İslam Respublikasının parçalanmasına yol aça bilərmi?

- ABŞ-ın İranın parçalanması ilə bağlı 1997-ci ildən planı var. Amerika İranı 5 yerə parçalamaq istəyir. Həmin parçalanmalardan biri Azərbaycanla bağlıdır ki, bu da Şimali və Cənubi Azərbaycanların birləşdirilməsini nəzərdə tutur. Azərbaycanın birləşməsindən sonra parçalanmış İranın yerində Vəziristan, Müqəddəs Şiə və Kürdüstan adlı dövlətlərin yaradılması planlaşdırılır. Kürd dövlətinin qurulması Türkiyə ilə sərhədlərdə nəzərdə tutulub. Yerdə qalan kiçik bir ərazidə isə İran qalır. İranın əhalisi indi 80 milyondur. Bu parçalanmadan sonra İran cəmi 24-30 milyonluq kiçik fars dövləti olmalıdır. Sırf fars dövləti...

Başqa sözlə, İranın parçalanması planı çoxdan var. Bu plan 2025-ci ilə qədər həyata keçirilməlidir. Bu formada alınmasa, bunu müharibə yolu ilə edəcəklər. İran ya sakitcə oyundan çıxmalıdır, ya da dağılmalıdır. İran bu təzyiqlərə davam gətirə bilməyəcək. Rusiya, ABŞ və Türkiyənin sonrakı təzyiqləri çox güclü olacaq.

- Bəs ABŞ Prezidenti Donald Trampın Fələstin-İsrail münaqişəsinə dair “Böyük Sülh Planı” özündə nəyi ehtiva edir – həm bu qarşıdurma, həm də bölgənin gələcəyi baxımından?

- Bu, Trampın yox, yəhudilərin – İsrailin planıdır. ABŞ-ın dərin dövlətinin başında duranlar yəhudilərdir. Pandemiyadan sonra yeni soyadlar ortaya çıxıb: Şeybi, Burxar və s. Bu yeni soyadlar İsrailin və dərin dövlətin daha ciddi işlərlə məşğul olduğunu gündəmə gətirir. Bu planı da onlar hazırlayıblar. Yəhudi lobbisi və dərin dövləti isə bu planı həyata keçirmək üçün Trampı hakimiyyətdə saxlamaq istəyirlər. Bilirlər ki, Demokratlar hakimiyyətə gəlsə, bu plan baş tutmayacaq. Çünki Demokratlar adlarına uyğun olaraq, bu kimi məsələlər arxa plana atacaqlar.

“Böyük Sülh Planı”, Yaxın və Orta Şərqi parçalamaqdan başqa bir şey deyil. Yeni dünya düzəninə uyğun olaraq, onlara lazım olan sistemin qurulmasını istəyirlər.

Ortada Səudiyyə Ərəbistanını da parçalamaq planı var, orada da, “Müqəddəs Sünni Dövləti”, habelə “Şiə Dövləti” yaratmaq istəyirlər. Məkə və Mədinəni Səudiyyənin əlindən çıxarıb, “Şiə Dövləti”nə vermək niyyətindədirlər. Yəni, Səudiyyə Ərəbistanının da problemləri var. Çünki yeni kral olacaq Salman özünü müstəqil aparmaq istəyir. Yəni, İsrailin onun barəsində də planı var. Başqa sözlə, “Böyük Sülh Planı” özündə ərəb dövlətləri arasında yeni düzən qurmağı ehtiva edir. Yeni düzən quracaqlar və ərəb dövlətləri də, buna uyğun hərəkət etmək məcburiyyətində qalacaq.

0.10264921188354