Uşaq düşərgəsində skelet: İstintaq Şüvəlanda kimin ölümünün gizlədildiyini araşdırır

 

 

Bakının Xəzər rayonunda, keçmiş “Dostluq” uşaq düşərgəsi ərazisində insan qalıqlarının tapılması ilə bağlı aparılan araşdırma zamanı ortaya çıxan təfərrüat istintaqa yeni material verib.

Bu barədə paralel.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. 

Xatırladaq ki, qalıqlar mayın 7-si, axşam saatlarında uşaqlar tərəfindən hazırda məcburi köçkünlərin yaşadığı Şüvəlan qəsəbəsində tapılıb.

İlkin araşdırma zamanı qalıqların 20-30 yaşlarında qadına aid olduğu müəyyən edilib. Faktla əlaqədar dərhal Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ekspertizanın ilkin nəticəsi cəsədin 20 il əvvəl gizli şəkildə dəfn olunduğunu göstərib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi avadanlıqlardan istifadə edərək, ərazidə başqa qəbirlərinin olub-olmaması ilə bağlı araşdırma aparsalar da, heç nə tapmayıblar. Bununla belə nəticəyə gəlinib ki, kimsə bu ölümü qəsdən gizlətməyə çalışıb.

Ekspertlər tərəfindən qeyd edilən daha bir vacib detal istintaqın diqqətini çəkib: qadının ayaqlarından biri ikincisindən daha qısa olub, bu da onun əlil olması deməkdir.

Bununla əlaqədar qadının ömrü boyu əlillik müavinəti alacağı ilə bağlı yeni bir versiya ortaya çıxıb. Onun ölümündən sonra qohumları dövlətdən ödəniş almağa davam etmək üçün bu həqiqəti hökumətdən gizlətməyə qərar veriblər.

Faktla əlaqədar istintaq davam edir və indi hüquq-mühafizə orqanlarının əməkdaşları ən vacib suallara cavab verməlidirlər: kimin ölümü və hansı məqsədlə gizlədilib?

Ramella İbrahimxəlilova

0.11906886100769