Azərbaycan dünya multikultralizminə və tolerantlığa öz töhfəsini verməkdədir

Həqiqi islam yer üzünün nicat yolu - dünya xalqlarının qardaşlaşmasının yol xəritəsidir

Azərbaycan cəmiyyətinin dünyada unikal multikulturalizm modelinə sahiblənməsinin bir neçə tarixi səbəbləri var. Buna həm ölkənin iqlimi, həm yerləşdiyi coğrafi amillər, həm də milli xüsusiyyətlər müəyyən təsir göstərib, tarixi təlatümlərin dalğaları altında cilalanaraq mükəmməl bir multikulturalizm modeli formalaşıb. Sözsüz ki, bu dəyərin formalaşmasında barış, qardaşlıq və birlik dini olan İslam dininin də ciddi təsirləri olub. İslam dininin yalnız bir ideyası - bütün bəşəriyyətin Adəm övladı olması iddiası elə musair multikulturalizmin nüvəsini təşkil edir.

Son onilliklərdə İslam dini bir çox Qərb dövlətlərində və ABŞ-da "terrorçu din" kimi təqdim edildi və bunun nəticəsi olaraq da dünyada "islamafobiya" anlayışı meydana çıxdı. İslamdan öz məqsədləri üçün istifadə edən siyasi qüvvələr Qurani-Kərimdəki "cihad" anlayışını özlərirnə çətir edərək dünyada bu dinə qarşı qorxu yaratmağa cəhd göstərdilər. Bu qüvvələr keçən illər ərzində qurduqları yanlış təbliğat sayəsində müəyyən mənada buna nail də ola bildilər. Bu nailiyyətin əsas səbəbi isə bir sıra İslam ölkələrinin siyasi seçim qarşısında qoyularaq qarşı tərəfə təslim edilməsi, öz siyasi karyerası boyunca onların əlinə oynaması idi. Bu proses bütün dünyada kompleks şəkildə həyata keçirilirdi. Bir tərəfdən İslam ölkələrini müəyyən siyasi kombinasiyalarla bir-birindən ayırır, hətta onları qarşı-qarşıya qoymağa belə, nail olurdular. Digər tərəfdən isə müsəlman dünyasında xurafatı və mövhumatı mümkün olduqca daha  geniş formada yaymağa çalışırdılar. Təsəvvür edin ki, mədəniyyətləri və dini inancları  əsasən üst-üstə düşən İran İslam Respublikası ilə Türkiyə arasında hansısa səbəbdən, normal siyasi-diplomatik əlaqələrin yaranması mümkün olmur. Məhz bu səbəbdən də, hər iki ölkənin dini liderləri qeyri-islam dinlərin nümayəndələri ilə anlaşa bilsələr də, son onilliklərdə bu iki ölkənin nə dindarları, nə də siyasi hakimiyyətləri arasında normal münasibətlərin qurulması müşkülə çevrilib. Vaxt axarında bu iki ölkənin siyasi gedişlərini təhlil etsək, bəzi hallarda İran, bəzi hallarda isə Türkiyə hakimiyyətini suçlamaq mümkündür. Amma sözügedən ölkələr arasındakı çoxillik siyasi və mədəni münasibətləri qlobal kontekstdə təhlil etsək, şahidi olarıq ki, onların bir-biriləri ilə dil tapa bilməməsinin əsas səbəbkarı dünyanın super-gücləridir.  Son illərdə digər müsəlman ölkələri arasında münasibətlərin normallaşması, İslam Əməkdaşlıq Təşkilatının yaradılması və aralarında soyuq münasibətlər olan İslam ölkələrinin bir təşkilat altında birləşməsi kövrək də olsa bir həmrəylik mühiti formalaşdırıb. Bu isə dünyada mədəni toplumların qarşılıqlı əlaqələrinə və inteqrasiyasına, başqa sözlə desək, dünya multikultralizminə və tolerantlığa öz töhfəsini verməkdədir. Çünki bu cür ali orqanlarda toplaşan İslam liderləri hansı yabancı siyasi qüvvənin təsiri altında olub-olmamasından asılı olmayaraq, həqiqi İslamın nədən ibarət olduğunu dəqiq bilir və onlar həqiqi din çərçivəsində anlaşır, müzakirələr aparır, mənfi tendensiyaların qarşısının alınması zərurətini inkar edə bilmirlər. Ona görə də son onilliklərdə xurafatdan və mövhumatdan kənar İslamın yayılması ideyası inkişaf etməkdədir. Həqiqi islam isə yalnız müsəlmanların deyil, bütün yer üzünün nicat yolu - dünya xalqlarının qardaşlaşmasının yol xəritəsidir.

Bu gün hələ də dünyanın elə ölkələri var ki, orada İslamı qadınların "kölə" kimi saxlanılması, əri tərəfindən qul edilməsi, çarşaba bürünməsi, əlindən xəta çıxdıqda isə daşqalaq edilməsi və "cihad" adı altında müharibələr aparılmaqda qan tökülməsini bir atribut olaraq tanıyır. Halbuki, İslam Allahın yer üzünə endirdiyi sonuncu və ən mükəmməl dinidir. Çünki bu din yalnız müsəlmanların deyil, bütün bəşəriyyətin yaşam kurallarını özündə ehtiva edir. Sadəcə biz müsəlman olaraq İslamın bir məqamını şişirdib, başqa bir məqamına əhəmiyyət verməməklə onun haqqında yad, yanlış və yayğın təsəvvürlərin yaranmasına səbəb olmuşuq. İslam dininin müqəddəs kitabında ortaya qoyulan qaydalar, ümumiyyətlə bəşəriyyətin yaşam qayda-qanunları ilə bu və ya digər formada dünyanın inkişaf etmiş cəmiyyətlərində hakim mövqe tutur. Məsələn, Qurani-Kərimdə bəyan edilir ki, düşmən səninlə döyüşmürsə, yəni artıq savaş bitibsə, onları həyatlarına təhlükə sovuşana qədər mühafizə edin, amanlıqda olduqlarına əmin olduqdan sonra sərbəst buraxın: "Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır". Məlum olduğu kimi, bu qaydalar müasir humanitar təşkilatların nizamnamələrində də öz əksini tapıb. Bu nizamnamələr uzağı 50-60 il əvvəl yazılıb, beynəlxalq qayda olaraq qəbul edilib. Lakin Qurani-Kərim 14 əsir əvvəl yer üzünə nazil edilib. Bununla yanaşı, İslamın müqəddəs kitabındakı davranış qaydaları çox gözəl təsbit edilib: (Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirləri bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onlara ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin..."

Müsəlmanların müqəddəs kitabında bildirilir ki, bütün səmavi dinlərə biət etmiş insanlar bir-biri ilə sülh və əminamanlıq şəraitində yaşamalıdır: "Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!" ("Həcc" surəsi, ayə 40).

Aydın anlaşılır ki, Allah qeyri-islami dinlərə biət edənlərin inanc və dünyagörüşünə xor baxmamağı əmr edir. Burada müsəlmana kitab əhlinin məbədlərinə hörmətlə davranmağı və bu məbədəri qorumağın əhəmiyyətini göstərir. Bu ilahi hikmət xalqlar, başqa din mənsublarının multikultural ənənələrinin İslam toplumu içində yaşaya bilməsinin mümkünlüyü ilə yanaşı, bu dəyərləri qorumağı insanlıq haqqı olaraq bəyan edir. Bu müasir multikultralizm ideyasının mayasını təşkil edir. Bu isə o deməkdir ki, cəmi bir neçə onillik əvvəl leksikonumuza daxil olan multikultralizm anlayışı

sözün həqiqi mənasında Qurani-Kərimdə müsəlmanlara buyurulan, "heç bir tayfaya və ya sizdən olmayan inanca malik insanlara qarşı düşmən münasibəti bəsləməyin"  Allahın əmri ilə tam uyğunluq təşkil edir. Quranın bir çox ayələrində dinsizlərə və Allaha inanmayanlara qarşı da ədalətli olmaq əmr edilir. Bu əmrlərə uyğun olaraq da müsəlmanlar hər zaman başqalarına qarşı ədalətlə davranmış, onları qorumaq və himayə edilmək tələbləri Allah Rəsulu Hz. Məhəmməd (s) tərəfindən qəbul edilmişdir.

Məhz İslamın müqəddəs kitabı olan Qurani-Kərim fəlsəfəsindən çıxış edərək, bu gün Azərbaycan dindarları ölkədə tarixən bərqərar olan multikulturalizm mühitinin möhkəmlənməsinə və inkişaf etdirilməsinə öz töhfələrini verməkdə davam edirlər. Azərbaycandakı unikal multikultral və tolerant mühit, bu gün bəşəriyyətə böyük dözümlülük töhfələri verməkdədir. Bu baxımdan bir neçə gün əvvəl İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə göndərdiyi təşəkkür məktubu xüsusi diqqət çəkir.

QMİ-nin rəsmi internet səhfəsində qeyd edilir ki, qurum sədrinin ABŞ Prezidentinə koronavirus pandemiyası dövründə İran üzərinə qoyulan sanksiyaların dayandırılması ilə bağlı məktubuna dair fikirlərin yer aldığı müraciətdə deyilir: "Cənabımızın əxlaq və mənəvi dəyərləri üstün tutaraq Donald Trampa ünvanladığınız məktuba görə Sizə hər zamandan daha çox təşəkkür etməyi özümə borc bilirəm. Bu gün Sizin kimi din rəhbərlərinin beynəlxalq sülhün güclənməsində, İslam əhkamı və əxlaqına, həmçinin, dinlərin, xüsusilə İslam dininin ruhuna əsasən şeytani və şər qüvvələr qarşısında durmaqda danılmaz rolu heç kəsdən gizli deyil".

İslam multikultralizminə söykənən Azərbaycan dini camiəsinin ən böyük uğurlarından biri də mütəmadi olaraq Dünya Dini Liderlərinin qurultaylarının təşkili və bu qurultaylarda dünyanın dini-mədəni-mənəvi problemlərinin müzakirəyə çıxarılmasını təmin etməsidir. Ötən həftə faşizm üzərində qələbənin 75 illiyi münasibəti ilə qurultay katibliyinin video konfransında bəyanat qəbul edilib. Bəyanatda bildirilir ki, biz, insan müqəddəratının Allah tərəfindən müəyyən olduğuna, insan hüquqlarının və ləyaqətinin danılmaz olduğuna qəti inamla birləşən dünya və ənənəvi dinlərin nümayəndələri, bir daha sülh, harmoniya, qarşılıqlı hörmət, əməkdaşlıq və insan qardaşlığı ideyalarına sadiq olduğumuzu təsdiqləyirik: "Biz dünya dövlətlərinə və cəmiyyətlərə bəşəriyyətin ümumi rifahı naminə II Dünya Müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş faşizm və nasizm üzərində Qələbənin 75-ci ildönümünün, Anım və Sülh Gününün qeyd olunması ilə bağlı nəcib təşəbbüsünə görə dərin minnətdarlığımızı bildiririk".

Beləliklə, Quran hikmətinə sığınan Azərbaycan dindarları, başda Şeyxülislam Allahşükür Paşazadə olmaqla, həm ölkəmizdə, həm də beynəlxalq aləmdə sülh və barışın - multikultralizmin inkişaf etdirilməsinə öz töhfələrini verməkdə davam edirlər. Qafqaz Müsalmanları İdarəsi həm də ən müxtəlif formatlarda keçirilən dini və humanitar forumların təşkilatçısı, aparıcı iştrakçısı kimi aktiv fəaliyyəti ilə seçilir və bu istiqamətdə bir çox uğurlara imza atıb.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.093059778213501