Ölkədə tərbiyə problemi yaşanır

Problemlər daha da dərinləşir

 İnsan tərbiyəsi haqqında bu günə qədər çox yazılıb, çox danışılıb. Məqsəd cəmiyyətə yararlı, tərbiyəli insanlar yetişdirməkdir. Özlüyündə yaxşı tərbiyə gözəllikdir və kimdə olmasından asılı olmayaraq, önəmlidir. Hətta elmsiz, cahil insan da fərqli tərbiyəli davranışına görə seçilməlidir. İstənilən peşənin sahibi hər şeydən əvvəl, müəyyən səviyyəyə malik olmalıdır. Kiçik yaşlardan qazanılan həmin səviyyə olmadan insanın şəxsiyyət kimi formalaşması, daha dəqiq desək, yaxşı adam olması mümkün deyil.

Düşüncənin insan tərbiyəsindəki rolu böyükdür. Bu da insanı tərbiyə edən və həyatda ona istiqamət verən əsas amillərdən biridir. İnsan çox az hallarda sərbəst düşüncəyə malik olur. Əlbəttə, burada söhbət doğru düşüncədən gedir. Bunun kiçik yaşlardan qazanılan tərbiyə ilə əlaqəli olduğunu desək, yəqin ki, yanılmarıq. Həyatda yalnız sərbəst və doğru düşünən insan cəmiyyət üçün xeyirli ola bilər. Düşüncəsiz insanlar isə cəmiyyətə həmişə yükdür.

Hazırda ölkədə geniş yayılmış rüşvətxorluq, korrupsiya, ikiüzlülük, oğurluq, yalan kimi gileyləndiyimiz halları yaradan da, məhz normal düşüncəyə malik olmayan insanların əməlinin məhsuludur. Bütün bunlarda tərbiyənin insan və cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğu aydın görünür. Çünki qeyd etdiyimiz mənfi hallar vaxtında verilməyən normal tərbiyənin, istiqamətin, ətrafdakı çirkin mühitin təsirindən doğan nəticədir.

İnsan tərbiyəsində ətraf mühitin, idarəetmənin və cəmiyyətin təsirini inkar etmək olmaz. İnsanın uşaq vaxtından gördüklərini, müşahidə etdiklərini daha yaxşı mənimsəməsini həyat və elm çoxdan sübut edib. Hazırda gənclər, yeniyetmələr onlara sözlə verilən tərbiyədən daha çox, ailədə, məktəbdə, küçədə, işdə təmasda olduğu mühitin təsiri ilə tərbiyə olunurlar. İnsan daim ətrafda hökm sürən mühitdə yetişir.

Gəlin, Azərbaycanda insanın tərbiyəsində əsas rol oynayan ailədə, məktəbdə, idarəetmədə və cəmiyyətdə mövcud olan hazırkı mühiti nəzərdən keçirək.

Ailələrin əksəriyyətində, bu və digər çatışmazlıq üzündən, valideynlərin münasibətləri bərbad vəziyyətdədir. Ölkədə boşanma halları dəhşətli həddə çatıb. Orta və ali məktəblərdə müəllim-tələbə münasibətində, ölkənin idarə olunmasının bütün pillələrində və digər sahələrdə rüşvətxorluğun, korrupsiyanın, oğurluğun, yalanın, narkomaniyanın geniş yayıldığı mühit ölkədə normal insan tərbiyə etmək üçün yaramır.

Ölkənin idarəçilik sisteminin cəmiyyətdə yaratdığı parçalanma və bölünmə normal insan tərbiyəsinə xidmət etmir. Kasıbla varlının, fəhləylə məmurun övladlarının düşmənlə üzbəüz səngərdə birlikdə, çiyin-çiyinə vətəni müdafiyə etmədiyi, kasıbların övladları təhsil alıb, normal işlə təmin olunmadığı, varlılar, məmur-oliqarxlar, onların harın övladları xalqdan və dövlətdən oğurlanmış milyardlar hesabına tüfeyli, əxlaqsız həyat tərzi keçirdiyi, əhalisinin 40-50 faizi dolanmaq üçün xarici ölkələrə qaçmaq zorunda qaldığı, ən ağır, alçaldıcı işlərdə işləyib, ailəsini saxlamağa məcbur olduğu ölkədə normal tərbiyədən bəhs etmək, əlbəttə ki, çox gülüncdür.

Son zamanlar rüşvət və korrupsiyaya görə, ölkədə məmurlar həbs olunur. Normal düşünmək qabiliyyətinə malik olan hər bir insan bilir ki, bu həbslər hakimiyyətin xalq arasında itmiş nüfuzunu bərpa etməyə xidmət edir. Amma bu həbslərin gözlənilən nəticəni verəcəyini düşünmək əbəs olsa da, yenə «ümid sonda ölür» deyib növbəti olayları gözləyirik. Çünki ölkədə kiçikdən böyüyə on minlərlə rüşvətxor və korrupsioner məmur ordusunun bir neçə nəfərini həbs etməklə, rüşvət və korrupsiya çetesinin talançılığının qarşısının alınacağına inanmaq özünü aldatmaqdan başqa bir şey deyil.

 Şahnaz Salehqızı
[email protected]

0.10967612266541