Həbslər ölkəyə nə vəd edir?

Rüşvətin kökünü kəsmək mümkün olacaqmı?

 Azərbaycanda baş verən həbslərdən bəhs edərkən bu həbslərin lokal xarakter daşıdığını qeyd etməliyik. Yəni ayrı-ayrı bölgələrdə icra hakimiyyətinin başçıları törətdikləri cinayətə görə həbs olunub. Amma bu hal Azərbaycan rayonlarının hamsında kütləvi halda baş verdiyinə görə, tam müsbət nəticə verəcəyini düşünmürəm. Jurnalistlər daim bu barədə fasiləsiz yazırlar, hətta Hesablama Palatasının hesabatlarında da büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı çoxlu faktlar var. Məmurlar bu cinayəti çəkinmədən edirlər. Amma təbii ki, bu cinayətlərin arxasında icra hakimiyyəti başçıları dayanır. Rüşvət, korrupsiya məsələsində yüzlərlə faktlar var. Vətəndaşlar hər dönəmdə bununla bağlı şikayət edirlər, mediaya çıxırlar. Rayonlarda birbaşa icra hakimiyyətlərinin, onların tapşırığı, onların himayə etdiyi şəxslərin rüşvət alması ilə bağlı, həm sahibkarlardan, həm başqa şəxslərdən pay ummaları ilə bağlı kifayət qədər hallar var. Bunlar çox geniş yayılmış faktlardır. Son həbslərdə olan başqa nüanslara toxunmuram. Eyni zamanda bu həbsləri korrupsiyaya qarşı mübarizə sahəsində böyük addım da hesab etmirəm. Ona görə ki, bu cür addımlar ilk növbədə qanunvericilik qaydasında atılmalıdır, hakimiyyətin digər qolları, xüsusən məhkəmə islahatı ön plana salınmalıdır. Yəni islahatların qanunvericilik bazası yaradılmalıdır, ondan sonra vacib proseslər icra olunmalıdır. Ən önəmli məsələ təbii ki, hüquq və məhkəmə islahatlarıdır. Yəni dünya praktikasından məlumdur ki, korrupsiyaya qarşı mübarizə aparan ölkələrdə ilk növbədə məhkəmələrin müstəqilliyi təmin olunur. Eyni zamanda antikorrupsiya məhkəmələri, antikorrupsiya prokurorluqları yaradılmalıdır. Dediyimiz şərtlərlə müqayisədə korrupsiyaya qarşı mübarizədə 5-10 şəxsin həbs olunması heç də böyük və təsirli addım deyil.

Əgər indiki həbslərin fonunda qayıdıb keçmişə nəzər yetirsək, Azərbaycanda hətta nazirlərin də həbs olunduğunu görərik. 2005-ci ildə bir neçə nazirin həbs olunması heç kimin yadından çıxmayıb. Onda da, bu həbslərin korrupsiyaya qarşı mübarizə çərçivəsində aparıldığı deyilirdi. Amma ölkədəki vəziyyətin sonrakı müşahidələri göstərdi ki, bu həbslər siyasi məqsədlərlə həyata keçirilib, hakimiyyətdaxili mübarizənin təzahürüdür. Yəni təkrar olaraq qeyd edirəm ki, bir neçə məmurun həbs olunması ilə ölkədə uzun illər oturuşmuş rüşvət və korrupsiya şəbəkəsinin ortadan qaldırılmasına nail olmaq mümkünsüzdür. Bu cür həbslərin təsiri ilə ölkədə olan on minlərlə rüşvətxor və korrupsioner məmurları yalnız müvəqqəti çəkindirmək olar.

Qeyd edim ki, ölkədə baş verənlərin yozumu maraqlıdır. Sanki hakimiyyət daxilində önə çıxmaq uğurunda mübarizə gedir. Prezident İlham Əliyev idarəetmə formasını dəyişir. Belə deyək, hakimiyyət dəyişir. Bu forma əvvəllər oliqarxiq bir forma idi. Ayrı-ayrı oliqarx, nazir, məmur şəxslər var idi və onların himayəsində olan bölgələr var idi. Həmin bölgələrə icra başçılarını onlar təyin edirdilər. İndi bu formadan imtina olunur və menecerlərə keçirlər. İndi Azərbaycana sanki vahid bir şirkət kimi baxırlar. Burada ailəyə loyallıq, xüsusən də birinci xanıma loyallıq üstünlük təşkil edir. Bütün bunlardan başqa bir qədər də müasir idarəetmə bacarığı tələb olunur. Fərq bundan ibarətdir. Ancaq bu insanlar təyin olunduqdan və üstündən bir necə il keçəndən sonra necə olacaqlar, bunu demək çətindir. Biz zaman-zaman görmüşük ki, bizim hakimiyyət siyasətini tez-tez dəyişir. Təxminən belə bir islahat ritorikası 2009-cu ildə də var idi. O vaxt neftin qiyməti dünya bazarında kəskin düşdü. Eyni zamanda “ərəb baharı”ndan sonra da bu ritorika var idi. ASAN XİDMƏT bundan sonra yarandı. Burada dəyişikliklər mümkün idi. Amma islahat deyəndə sistemli dəyişikliklərdən söhbət gedir. Bax, bu sistemli dəyişikliyin getdiyini biz hələ görmürük. Bizim hökumətin siyasəti, ümumiyyətlə, belədir, bir məsələnin üstünə düşürlər, sonra həmin məsələ yaddan çıxır və başqa məsələni gündəmə gətirirlər. Bu isə yenilik deyil, sadəcə, forma dəyişikliyidir. Çünki əvvəlki variantlar daha keçmir, buna görə yeni formalar düşünürlər. Hökumət də yeni formalar düşünür, əvvəl etdiklərini yeni forma kimi  təqdim edir ki, bu, yenilik kimi, islahat kimi qəbul olunsun, lakin əslində mahiyyət budur ki, bunlar köklü islahatlar deyil.

Amma hazırda rüşvətxor və korrupsioner məmurlara qarşı başlanılmış mübarizə olduqca vacib tədbirdir. Həbslər ölkədə açıq formada gedən mənfi prosesləri kifayət qədər zəiflədib. Əvvəllər heç nədən çəkinmədən rüşvət çarxını işlədən məmurlar hazırda həmin çarxı gizlədiblər. İndi ölkədə rüşvətin bütün formaları tutulmaq qorxusundan dayanıb. Lakin inanmaq mümkün deyil ki, bu proses yenidən qızışmayacaq.

Bütün hallarda rüşvətxorluğun və korrupsiyanın qarşısını almaq üçün ciddi tədbirlər görülməsi kampaniya xarakteri daşımamalıdır. Bu proses daimi xarakter almalıdır. Hər bir məmur qaranlıq işlərlə məşğul olacağı zaman yaxanalacağına, qanun qarşısında cavab verəcəyinə bilməlidir. Əgər belə olmasa, o zaman indiyədək aparılan həbslərin, əlavə görülən tədbirlərin heç bir əhəmiyyəti olmayacaq. Xalqın sifarişi və istəyi budur: başlanmış yola davam!...

 Mahir Abbaszadə

0.33844089508057