Karantindən sonra...

Başlamaq və ona alışmaq...

 Karantin rejiminin daha sərt olduğu günlərdə insanlar əhəmiyyət vermədikləri məsələlərə daha çox maraq nümayiş etdirdilər. Bu, bəlkə də sosial izolyasiyadan dolayı, təbii bir məqam kimi qarşılanmalıydı. Yəni insan hər zaman daha çox qadağan olunan məsələlərə doğru can atır. O mənada, karantin dövründə bütöv həyati məsələlərdən təcrid olunan insan, olan-olmaz, hər şeyə maraq göstərdi.

Hazırda karantin rejimi mərhələli şəkildə aradan qaldırılır, müəyyən məsələ istisna olmaqla, demək olar ki, karantin rejimindən çıxmaqdayıq.Yəni artıq həmin dönəm yavaş-yavaş start götürməkdədir, əlbəttə, birmənalı şəkildə nə vaxt mümkün olsa, o vaxt da həmin məkanları ziyarət etmək hamının nəsibi olar, insallah...

Karantində olanda çoxları postkarantin dövrünün tədbirlər planını tuturdu, necə deyərlər, gedəcəyi yerlərin, baş çəkəcəyi insanların, məkanların, bir sözlə, edəcəyi işlərin xəyalını qururdu.Hamı üçün, bütün dünya əhalisinə çətin olan günlərdə, aylarda hər kəs özünəməxsus gələcək hərəkət trayektoriyasını müəyyənləşdirir, o dönəm üçün əlçatmaz olanların arzusunu tuturdu. Bir nəfər hətta dayanmadan deyirdi ki, qoy karantin aradan qaldırılsın, indiyədək vaxt tapmadığım, addımımı qoymadığım kinoteatrlara, teatrlara gedəcək, ürəyimdə qalan incəsənət eşqinin haqqını ödəyəcəyəm...

Belə çıxırdı ki, insan qəlbində, ürəyində daim incəsənət aşiqi olub; gerçəkdə tam əks sənətin sahibi olsa da. Bu baxımdan, onun incəsənət sevgisinin daha böyük qiymətə layiq olduğunu deməyi də xüsusi qeyd edirik. Onun karantindən sonra baş çəkəcəyi məkanların sırasında sözügedən təmayüllülərin daha çox olacağını elə indidən demək olar. Zatən, sözügedən sahəyə, həmin məkanlara peşə və sənətindən, yaşından və sosial statusundan asılı olmayaraq, hamı baş çəkməli, necə deyərlər, müasir insanın bir ayağı daim oralarda olmalıdır.

Lakin olurmu? Ciddi karantin günlərində əli hər yerdən üzülən insanların çoxu vaxtında qiymətini bilmədiyi nəsnələrə yenidən baxmalı oldu. Elə mədəniyyət ocaqlarına, teatr və kinoteatrlara qədəm basmağa, o məkanları ziyarət etməyə də dəqiq qərar verdi. Hərçənd, sonradan qərarlarından rəncidə olub ondan vaz keçməsələr...

Bugünün, elə dünənin, yaxın və uzaq keçmişin qiymətə layiq olanlarından biri də mədəniyyət, incəsənət ocaqlarıdır. Ki, o yerlərdə daim, mütəmadi olan insan başqalarından seçilər, mərhəmətli, humanist, insani dəyərlərə sayğı duyan şəxsiyyət kimi yetişər.

Bu dəyərlərin, insani keyfiyyətlərin formalaşması da lap kiçik yaşlardan başlanmalıdır. Lazımsız, gərəksiz olsaydı, heç çoxunun bəyənmədiyi sovet dövründə ən ucqar rayon və kəndlərdə də sözügedən mədəniyyət ocaqları inşa edilməzdi. Orada istər yerli, istərsə də paytaxt statuslu sənət ocaqlarının nümayəndələri tamaşa göstərməz, kino nümayiş etdirməzdi. Bütün rayonlara qastrollar, müasir dillə desək, ölkə turu keçirilməzdi. Yəqin ki, qeyd etdiklərimi orta və yaşlı nəsil yaxşı xatırlayır. İndikindən fərqli, rayonlara, kəndlərə gələn sənət adamlarının konsertinə, təqdim etdikləri tamaşalara, kinolara getmək üçün insanlar necə böyük çaba, maraq göstərərdilər. Hətta həyat tərzi, sosial statusu elə də yetərli olmayan insanları hərtərəfli, yüksək həyat tərzinə malik olanlarla birləşdirən yeganə məkan da mədəniyyət ocaqları idi.

Bəli, qeyd etdiyim kimi, mədəniyyət, sənət ocaqlarında daim olan insanlarla oralara nadir hallarda baş çəkənlər arasında xarakter baxımından, fərd, şəxsiyyət olaraq ciddi fərq olardı.

Bu, elə indi də belədir. Lakin bu fərqə, həmin məkanlarda olmağın müsbət mənada yaratdığı ovqata baxmayaraq, sənət ocaqlarını daim ziyarət edənlərin sayı nədənsə, həmişə az olub. Halbuki, sözügedən məkanlarda olmaq üçün müasir ailələrdə hansısa ciddi basqı, qadağa müşahidə edilmir. Elə bir fakt da yoxdur ki, kimsə şüurlu şəkildə öz övladını, ailə üzvünü, nəhayət, özünü belə mədəniyyət, incəsənət, bir sözlə, sənət adına olan məkanlara yaraşdırmasın...

Lakin bütün qeyd edilənlərə baxmayaraq, cəmiyyətin sözügedən təmayüllü məkanlara bütövlükdə, böyük sayda nədən yaxın düşməməsi daim sual yaradır. Ən çoxu, ildə bir-iki dəfə mədəniyyət ocaqlarına getməklə heç kimin kisəsi boş qalmaz. Lakin bunun müqabilində, qazandığı çox olar, həddən çox...

...Məşhur Brodvey teatrı da payızadək istirahətdədir. Nyu-York brodveylərinin martdan bağlanan qapıları sentyabrın əvvəlinədək eynilə qalacaq. Sözsüz ki, bundan təəssüflənənlər var, həmişə olduğu kimi. Lakin bu intizar vaxtı da nə vaxtsa bitəcək, uzağı payızadək...

Payıza qədər gözləmək çətin deyil. Çətini sözügedən məkanlara sarı addım atmağı bacarmaq, ona başlamaq, oralara alışmaqdır. Məsələn, istənilən alışqanlıq kimi.

İnsan övladı da zatən, alışqan, vərdişlərə açıqdır. O zaman, karantinin “pis yuxu” sayaq havaya söylənəcəyi, torpağa “gömü-ləcəyi” vaxta da az qalıb. Karantindəki arzuların postkarantində gerçəkləşməsinə dəyər. Özü də çox, lap çox...

 Nigar Orucova 

0.10806798934937