Pandemiya can alır...

Milyarderlər dünyanı yenidən bölməyə tələsir

Ötən ilin sonlarından Çinin Uhan şəhərindən yayılmağa başlayan COVİD-19 pandemiyası ilə əlaqədar dünyada çox maraqlı tendensiyalar müşahidə edilməkdədir. Bu ilin mart ayında bütün dünya ölkələrində karantin rejiminin tətbiqi ilə əlaqədar tələm-tələsik cinayət prosessual məcəllələrinə əlavə və dəyişikliklər edildi. Azərbaycanda qanunvericiliyə bu cür dəyişiklik 17 mart 2020-ci ildə Milli Məclisdə ratifikasiya edildi, 3 gün ərzində isə prezident tərəfindən təsdiqləndi, halbuki prezidentin bu qanunu təsdiqləməsi üçün qanunvericilikdə 22 gün vaxtı var idi. Bu proses təkcə Azərbaycanda deyil, bütün dünyada bu şəkildə - təcili olaraq həyata keçirildi. Bundan bir neçə həftə sonra isə həmin dəyişikliyə əsaslanan gücləndirilmiş karantin rejimi tətbiq edildi. Az sayda Avropa ölkələrinin parlamentariləri bu tələsik qanun dəyişikliyinə etiraz etdi, bu etirazlara dəstək verən olmadı və yerli media da bunu çox  yayğın şəkildə işıqlandırdı. Həmin dövrdə pandemiya indiki kimi həndəsi silsilə ilə deyil, ədədi silsilə ilə yayılırdı. Pandemiya Çindən İrana, oradan İtaliyaya, İspaniyaya, Fransaya və ən nəhayət, ABŞ-a çox maraqlı sıçrayış etdi. Hazırda dünya üzrə gündəlik yoluxma və ölüm halları gücləndirilmiş karantin rejimi tətbiq edilməyə başladığı dövrə nisbətən bir neçə dəfə artıb. Bununla yanaşı, bir sıra ölkələrdə  yoluxma və ölüm hallarının sayını gizlətmələri barədə ciddi şübhələr var. Məsələn, postsovet ölkələrinin böyük əksəriyyətinin, o cümlədən də Rusiya Federasiyasının statistikasının siyasiləşdiyi və qeyri-səhih olduğu hamıya bəllidir. Başqa sözlə desək, siyasi hakimiyyətə hansı rəqəm lazımdırsa, bu olkələrin statistikaları həmin rəqəmləri elan edir. Rusiyada yoluxma hallarının yüksək olmasına rəğmən, dünyada ən az ölüm faizinə malik olmasının da səbəbi, deyəsən elə budur. Düzdür, bəzi ekspertlerin rəyinə görə, Rusiyada yayılan koronavirus "B" mutantı olduğundan bir qədər zəif təsirə malikdir. Lakin bu hələ ki, ciddi laborator tədqiqatlar nəticəsində təsdiqlənməyib, sadəcə olaraq mülahizədir.

Bizim üçün maraqlı olan məqam ondan ibarətdir ki, pandemiyanın nisbətən zəif inkişaf fazasında olduğu dövrdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin təşəbbüsü ilə bütün dünya iqtisadiyyatı donduruldu, amma pandemiyanın daha yüksək templə yayıldığı may ayında isə gücləndirilmiş karantin rejimi bütün ölkələrdə yumşaldılır. Bu yumşalma bütün ölkələrdə, o cümlədən də Azərbaycanda yoluxma və ölüm hallarının rekord qırması ilə müşayiət edilir. Belə bir durumda ortaya sual çıxır, məntiqi harda axtaraq? Belə çıxır ki, COVİD-19 pandemiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi səhv addım idi, dünyanın iki ən böyük birliyi hadisələrin inkişafını bir ay ərzində belə proqnozlaşdıra bilmir. Elə isə bu birliklərə (söhbət ÜST və BMT-dən gedir) dünya ölkələrinin elə bir zəruri ehtiyacı yoxdur. Yeri gəlmişkən, Donald Tramp bir ay əvvəl ÜST-ə 500 milyon dollar üzvlük haqqı keçirməkdən imtina etmişdir, elə isə digər dünya ölkələri nədən bu addımı atmasın?

Amma məsələyə başqa rakursdan baxanda önümüzdə yuxarıdakı ehtimalları (söhbət ÜST və BMT-nin maymaqlığından gedir) tam təkzib edən bir mənzərə açılır. Çox güman ki, dünyanı çökdürüb yenidən dirçəltmək, onu durdurub yenidən start vermək (obnavleniya "F5") kimlərəsə lazım idi. Belə ki, son 10-25 ildə beynəlxalq transmilli (nəhəng sənayeçilər) korporasiyalar ilə dünyanın maliyyə maqnatları arasında ciddi ölüm-dirim savaşı gedirdi. Lakin sənayeçilər həmişə ötən əsirin 50-ci illərindən başlatdıqları qloballaşma ideyası hesabına bütün raundlarda kiçik üstünlüklərlə də olsa qalib gəlirdi. Qısa arayış verək ki, qloballaşma beynəlxalq əhəmiyyətli müxtəlif siyasi, iqtisadi, mədəni, informasiya təyinatlı amillərin ayrı-ayrı ölkələrin sosial varlığına hərtərəfli artan təsir prosesidir. Qloballaşmanın başlıca nəticəsi  beynəlxalq əmək bölgüsü, kapitalın, insan və istehsal resurslarının planet miqyasında miqrasiyası, qanunvericiliyin, iqtisadi və texnoloji proseslərin standartlaşması və ayrı-ayrı ölkələrin mədəniyyətlərinin yaxınlaşması və birləşməsidir.  Bu ideya əsasən sənayeçilər tərəfindən başladıldı və dünyanın əksər dövlətlərini əhatə etdi. Yəni loru dillə desək, transmilli korporasiyaların əsas məqsədi ilk növbədə dünya ölkələrini iqtisadi bağlarla bir-birinə bağlayıb, bütöv bir dünya bazarına malik olmaq idi. Onlar son 60 ildə buna nail ola bildilər. Dünyanın aparıcı ölkələri və onların üzərində hökmran mövqeyə malik olan Yeni Dünya Düzəni (Dünya Dövləti və ya Dünya Mafiyası) isə maliyyə "dirəkləri" üzərində dayanaraq, banklardan başqa yalnız nou-xau (İdeya bazarı) bazarına nəzarət imkanına malik idi. Sənaye məsulları bazarı isə Çin və "Asiya Pələngləri"nin nəzarətində idi. Bu da maliyyə maqnatlarını çox narahat edirdi. Pandemiya səbəbi ilə bütün dünya çökdürüldü və bütün əlaqələr kəsildi, sərhədlər bağlandı, yəni "qloballaşma" adlanan prosesin bütün bağları qırıldı. Diqqət edin, artıq çökən dünyaya diqtə edilir ki, sərhədlər uzun müddət açılmamalıdır, açılsa, fəlakət baş verəcək! Əslində, bu "ovlanmış pələngin canının çıxmasını gözləməyə" bənzəyir. Bu çökən dünyanı isə yenidən dirçəldilmək üçün trlyonlarla dollar investisiya lazımdır. İnvestisiya imkanları isə qeyd etdiyimiz maliyyə maqnatlarının əlindədir. Onlar da çökən dünya iqtisadiyyatının bir hissəsini "su qiymətinə" əldə etmək, qalan hissəsini isə investisiya yatırmaq yolu ilə öz nəzarətinə almaq niyyətindədir. Müşahidə olunan da odur ki, artıq bu prosesə start verilib. Belə ki, dünyanın bütün transmilli bankları ucuz qiymətə geniş investisiya portfeli təqdim edir. Bu da humanist bir addım kimi geniş reklam olunur. Əslində isə bu, dünyanın maliyyə maqnatlarının sənayeçilər üzərində qələbəsi kimi qəbul olunmalıdır.

Akif Nəsirli

0.34377598762512