Azərbaycançılıq ideyası ölkəmizdəki dini və etnik qrupların maraqlarına cavab verir

"Biz birlikdə güclüyük!" ideyası milli birliyin, xalq-dövlət vəhdətinin parlaq təcəssümüdür

Keçən əsrin sonunda dünya düzənində baş verən siyasi proseslər, o cümlədən dünya hegemonluğu iddiasında olan sovet rejiminin çökməsi, postsovet məkanında ciddi dəyişikliklərin baş verməsi ilə nəticələndi. Məhz bu proseslər nəticəsində  Azərbaycan respublikası da yenidən özünün dövlət müstəqilliyini əldə etdi. Bu müstəqilliyi qorumaq, ölkədə milli birlik, həmrəylik yaratmaq, hüquqi dövlət və vətəndaş cəmiyyətini formalaşdırmaq,  iqtisadiyyatı bərqərar etmək kimi ciddi vəzifələr də, artıq yeni yaranan hakimiyyətin üzərinə düşürdü. Lakin təəssüflər olsun ki, o dövrdə Milli Azadlıq Hərəkatı dalğası və xalqın dəstəyi ilə hakimiyyətə gələn qüvvələr bu mühüm vəzifələrin öhdəsindən gələ bilmədilər. Dövlət xaosa və qarşıdurmalara sürükləndi.

Mustəqilliyin ilk illərində hakimiyyətdə olan bu qüvvələrin naşılığı və dövləti idarəetmə sistemindəki səriştəsizliyi nəticəsində respublikamız ağır sosial-iqtisadi və ictimai-siyasi böhranla üz-üzə qaldı, ərazilərimizin bir hissəsi erməni separatçıları tərəfindən işğal olundu.

Belə ağır bir vəziyyətdə görkəmli dövlət xadimi, xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışı təmin olundu. Hakimiyyətdə olan qüvvələr də, xalqın bu tələbi qarşısında geri çəkildilər.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev dövlətin bütün sahələrində olduğu kimi, milli həmrəyliyin təmin edilməsi, ölkədə vətəndaş sülhünün bərqərar olması, milli-etnik və mənəvi-ideoloji sahədə ciddi işlərin görülməsinin vacibliyini fəaliyyətinin əsas istiqaməti kimi ortaya qoydu:" Biz indi  birgə fəaliyyət göstərməli, həmrəylik - vətəndaş həmrəyliyi, milli həmrəylik nümayiş etdirməliyik. Mən bu həmrəyliyin yaranması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

 Azərbaycan Respublikası, Azərbaycanın dövlətçiliyi üçün milli həmrəylik, milli birlik, vətəndaş birliyi hava, su kimi lazımdır",deyən umummilli liderin bu konsepsiyası tam olaraq həyata keçirilməyə başladı.

Ümummilli liderin apardığı bu müdrik siyasət nəticəsində ölkəmiz az bir zaman kəsiyində üzləşdiyi çətinliklərdən xilas ola bildi.  Bu siyasət həm də xalqımızda Azərbaycanın dövlət müstəqilliyinin sarsılmaz olduğuna inamını artırdı.

Prezident Heydər Əliyevin xalqımızın qarşısında ən mühüm tarixi xidmətlərindən biri də, ölkəmizdə vətəndaş sülhünü və həmrəyliyini təmin edən, azərbaycançılıq məfkurəsinə əsaslanan milli ideologiyanı formalaşdırması və bu ideyanın ictimai fikirdə özünə yer tutması üçün ciddi addımların atılması oldu.

Bu həm də, Azərbaycan vətəndaşlarını vahid amal və məqsəd ətrafında birləşdirən azərbaycançılıq ideyasını milli ideologiya səviyyəsinə qaldırdı və cəmiyyətin bütövləşməsini, vətəndaş həmrəyliyini və ümumxalq birliyini təmin edən mühüm faktora çevrildi. Bununla da ölkəmizdə azərbaycançılıq ideyasına əsaslanan müxtəlif ictimai-siyasi qüvvələr, dini-etnik konfessiyalar, mədəniyyətlər arasında konstruktiv əməkdaşlığın və həmrəyliyin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasətin həyata keçirilməsinə başlandı. Burada onu da qeyd etmək vacibdir ki,  Azərbaycançılıq ideyası ölkəmizdəki bütün dini və etnik qrupların maraqlarına cavab verir, onların qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edir, milli həmrəylik prinsiplərinə əsaslanır və Azərbaycan xalqı bunu birmənalı qəbul edir. Çünki bu ideya həm də milli və dini münasibətləri demokratik prinsiplər çərçivəsində, konstitusion normalar əsasında tənzimləyərək, vicdan azadlığının təmin olunmasını özündə ehtiva edirdi. Ümummilli Liderin ortaya qoyduğu azərbaycançılıq məfkurəsi ölkəmizdəki xalqların, dini konfessiyaların nümayəndələrinin vətəndaş həmrəyliyi şəraitində yaşamasında, onların mənəvi dəyərlərinin qorunmasında, Azərbaycan dövlətinin ətrafında səfərbər olmasında da mühüm rol oynadı. Məhz bundan sonra ölkəmizdə məskunlaşan bütün xalqların və millətlərin, dini konfessiyaların nümayəndələri dostluq və humanizm prinsipinə əsaslanaraq vətəndaş həmrəyliyinin möhkəmlənməsində yaxından iştirak etməyə başladı.

Ölkə vətəndaşlarının bu fəallığına diqqət çəkən Heydər Əliyev çıxışlarının birində deyir: "Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir. Əks təqdirdə, onların heç biri həyata keçirilə bilməzdi. Əgər bu dəstək olmasaydı, həmrəylik olmasaydı, bizim təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bunların heç birini edə bilməzdik. Azərbaycanın müasir tarixi, bizimlə eyni taleyi yaşayan digər ölkələrin tarixi onu göstərir ki, harada iqtidar tərəfindən irəli sürülən təşəbbüslər xalq tərəfindən dəstəklənirsə, orada həm həmrəylik var, həm sabitlik, həm də inkişaf var".

Ölkəmizdə milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması ilə bağlı Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha yüksək səviyyəyə qaldırılıb. Bu da danılmaz faktdır ki, Azərbaycan dünyada fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan, insanların milli birlik şəraitində yaşadığı dövlət kimi tanınır və qəbul olunur. Hər bir Azərbaycan vətəndaşı da dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Prezident İlham Əliyevin multikulturalizm və tolerantlıq istiqamətində həyata keçirdiyi siyasəti dəstəkləyir və bu siyasətə həmrəy olduqlarını nümayiş etdirir. Ölkəmizin müstəqilliyi və suverenliyinin möhkəmlənməsi, insanların layiqli həyat şəraitində yaşamasının təmin edilməsi sahəsində Azərbaycan Prezidentinin milliyyətindən asılı olmayaraq hər kəsin hüquqlarının qorunması, müxtəlif xalqların mədəniyyətlərinin və adət-ənənələrinin inkişafına şərait yaradılması vətəndaş həmrəyliyini möhkəmləndirən əsas amillərdən biridir. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev deyir: "Cəmiyyətimizdə milli birlik, sosial həmrəylik güclənir. Vətəndaşlarımızın nikbin əhvali-ruhiyyəsi, sabaha inam hissi artır. Əhalinin ən müxtəlif təbəqələri, sosial qrupları arasında əməkdaşlıq və həmrəylik möhkəmlənir".

Prezident İlham Əliyevin bu fikirləri son illər həyata keçirdiyi siyasi xəttdə də özünü göstərir.

Ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin bariz təzahürü koronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin apardığı siyasətin xalqımız tərəfindən dəstəklənməsində bir daha özünü göstərdi. Bütün dünyanı təhdid edən bu bəlanın qarşısını almaq istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar milli dəyərlərin vəhdətinə, yüksək vətənpərvərlik hisslərinə söykənərək qarşıya qoyulan məqsədlərə nail olunmasında mühüm rol oynadı. Xalqımızın dövlətin həyata keçirdiyi siyasətə dəstəyi onun ümummilli mənafeyi, ictimai tələbləri, insanları narahat edən və düşündürən məsələləri özündə dolğun şəkildə əks etdirməsi ilə bağlıdır. Hazırda  koronavirusla bağlı ölkəmizin həssas dövr yaşadığını nəzərə alsaq, hakimiyyətlə xalqın birliyinin yoluxucu xəstəliyə qarşı mübarizədə xüsusi əhəmiyyət daşıdığını və bunun ciddi əsasları olduğunu deyə bilərik. Bu gün Prezident İlham Əliyevin apardığı siyasətin əsas prinsiplərindən biri də, məhz vətəndaş həmrəyliyinin təmin olunmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin öz çıxışlarında problemin ciddiliyini əhalinin nəzərinə çatdıraraq, "Biz birlikdə güclüyük!" ideyasını irəli sürməsi də, milli birliyin, xalq-dövlət vəhdətinin parlaq təcəssümüdür. Bu, bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin liderliyini səciyyələndirən ən əsas amillər onun milli birliyi möhkəmləndirmək istiqamətində həyata keçiridyi qətiyyətli siyasət, iradə və məqsədyönlülük, hər bir fərdin, sosial qrupun və bütövlükdə cəmiyyətin maraqlarını nəzərə almasıdır. Bütün bu uğurların əldə edilməsində Azərbaycan Prezidentinin yüksək idarəçilik qabiliyyəti və mükəmməl iş təcrübəsi, vətəndaş həmrəyliyinə sadiqliyi də mühüm rol oynayır.

Ölkəmizdə siyasi barışığın, vətəndaş sülhünün təmin olunması, müxtəlif ictimai-siyasi qüvvələr arasında etimad mühitinin formalaşdırılması sahəsində Prezident İlham Əliyevin atdığı addımlar, həm də onun uzaqgörən və ədalətli lider olduğunu göstərir.  Prezident İlham Əliyevin dövlətin idarə olunmasında, cəmiyyətin ictimai-siyasi həyatında vətəndaşların yaxından iştirakını təmin etməsi, konstruktiv, sağlam mövqe tutan ictimai-siyasi qüvvələrlə dialoqun aparılması kimi məsələlərə böyük əhəmiyyət verməsi də, onun müdrik siyasətçi olduğunu sübut edir.

Məlumdur ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da çoxşaxəli fəaliyyəti ilə vətəndaş həmrəyliyinin və milli birliyin möhkəmlənməsi istiqamətində böyük işlər görür, layihələr həyata keçirir.  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm və təhsil, səhiyyə, mədəniyyət, sosial məsələlər, idman, ətraf mühitin qorunması, informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində həyata keçirilən layihələri xalqımız da böyük rəğbətlə qarşılayır. Fondun Azərbaycanda, eləcə də dünyanın bir çox yerlərində həyata keçirdiyi xeyriyyəçilik və humanitar fəaliyyət beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin ictimai həyatda özünə mühüm yer tutması istiqamətində gördüyü işlər də Fondun fəaliyyətində əsas yer tutur.

Bütün qeyd etdiklərimiz onu deməyə əsas verir ki, vətəndaş sülhünün və həmrəyliyinin möhkəmləndirilməsi, multikulturalizmin və tolerantlığın bərqərar olması Ümummilli Lider Heydər Əliyevin apardığı siyasətin əsas məqsədlərindən biri olub və bu sahədə görülən işlər ölkəmizin demokratik yolla inkişafına ciddi təsir göstərib. Bu baxımdan, Ümummilli liderin bu sahədə əldə etdiyi tarixi nailiyyətlər Azərbaycanın gələcək inkişafının təməlini yaradıb desək, yanılmarıq. Çünki Heydər Əliyevin təməlini qoyduğu bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli həmrəylik ölkəmizin ictimai həyatının atributuna, multikulturalizm və tolerantlıq isə xalqımızın həyat tərzinə çevrilib. Prezident İlham Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, həm də onun multikulturalizmin və tolerantlığın qorunaraq inkişaf etdirilməsi  istiqamətində apardığı siyasətdə özünü açıq göstərir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.19874978065491