Deputatdan bəzi məmurlara xəbərdarlıq: “Sərt cəza tədbirləri görüləcək” 

 

 

Milli Məclisin deputatı Vüqar İsgəndərovun paralel.az-a müsahibəsi:

- Vüqar müəllim, biz parlament jurnalistləri deputatların səlahiyyətləri, statusları barədə az-çox bilgiyə malikik. Bizim sezə bilmədiyimiz hansısa məqamlar varmı ki, onlar deputat məsuliyyətini birə beş artırır?

- Ümumiyyətlə, deputat seçilən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür. Yəni, parlamentdə təmsil olunmaq hüququ qazanan şəxs həm seçildiyi dairənin seçicilərinin hüquqlarının müdafiəsi, onların problemlərinin həlli istiqamətində fəallıq göstərməli, həm də ölkənin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində üzərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışmalıdır. Deputat daim axtarışda olmalıdır. Təbii ki, hər bir deputat ölkə qanunları ilə yanaşı, beynəlxalq qanunvericiliyə də yaxından bələd olmalıdır. Hesab edirəm ki, bir millət vəkili ölkə daxilində seçicilərinin təmsilçisi olduğu kimi, beynəlxalq təşkilatlarda da dövlətinin nümayəndəsi kimi müsbət mənada fərqlənmək üçün daim üzərində işləməlidir. Mən bunu təsadüfən demədim. Çünki millət vəkillərimizdən bəziləri müxtəlif beynəlxalq qurumlarda dövlətimizin nümayəndə heyətinin, bəziləri isə Azərbaycanla müxtəlif ölkələr arasında yaradılan parlamentlərarası dostluq qruplarının üzvü kimi də fəaliyyət göstərirlər. Onlar yeri gələndə həm də diplomat kimi fəallıq göstərməli olurlar.

- Xaricdə ölkəmizin təmsilçiliyindən söz düşmüşkən, Azərbaycan-Argentina parlamentlərarası dostluq qrupunun rəhbərisiniz. Argentina ilə münasibətlərin gələcək inkişafı baxımından hansı addımların atılmasını planlaşdırırsınız?

- Əvvəlcə, mənə göstərilən bu yüksək etimada görə parlamentin rəhbərliyinə minnətdaram. Görməli olduğumuz işlərə gəlincə, məlum olduğu kimi Argentina Latın Amerikasının inkişaf etmiş böyük ölkələrindən biridir. Mənə Argentinadakı səfirimizi şəxsən tanımağım çox xoşdur. Karantin rejimi olduğu üçün bəzi görüş və tədbirlər təxirə salınıb. Amma ilk imkan olan kimi Argentinanın ölkəmizdəki səfirliyini ziyarət edərək, cənab səfirlə yaxından tanış olacağıq. Ümumiyyətlə, iki ölkənin əlaqələrinin daha da inkişafı istiqamətində parlamentlərarası dostluq qrupunun üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün həm Azərbaycanın Argentinadakı, həm də Argentinanın Azərbaycandakı səfirləri ilə sıx və səmərəli əməkdaşlıq edəcəyik.

- 113 saylı Şəki Şəhər Seçki Dairəsindən deputat seçilmisiniz. Bu seçki dairəsinin əhatə etdiyi ərazinin xarakterik problemlərini araşdırmısınız?

- Şəki kimi qədim şəhəri parlamentdə təmsil etmək həm şərəfli, həm də məsuliyyətli işdir. Konkret sualınıza gəlincə deyim ki, uzun müddət Şəkidə vəzifədə işləmiş biri kimi o bölgənin xarakterik problemlərini yaxşı bilirəm. Mən insanlarla daim ünsiyyətdə olmuşam, öz şəhərimin vurğunu kimi tarixini, mədəni irsini və s. öyrənməyə çalışmışam. İndi də həm birbaşa, həm də köməkçim və könüllülər vasitəsi ilə problemləri operativ öyrənib, analiz edərək həll olunmasına çalışıram.

- Deputat seçildikdən sonra seçicilərinizlə görüşləriniz olub?

- Ümumiyyətlə, fəaliyyətim boyunca hesabatlı olmuşam və bundan sonra da belə olacaq. İlk gündən demişəm ki, millət vəkili kimi bütün vədlərə əməl edəcək, həmişə seçicinin yanında olacağam. Millət vəkili kimi gördüyüm işlərlə bağlı hər üç aydan bir “Vuqarisgenderov.com” saytında hesabatla çıxış edəcəyəm. Hazırda hər bir seçicinin birbaşa mənimlə əlaqə saxlamaq imkanı var. Millət vəkili kimi fəaliyyət göstərdiyim qısa müddət ərzində seçicilərimlə daim maraqlanmışam. Bilirsiniz ki, pandemiya ilə əlaqədar insanların kütləvi şəkildə iştirakı ilə hər hansı tədbirin, o cümlədən seçicilərlə toplu halında görüşlərin keçirilməsi mümkünsüzdür. Lakin mən bu müddət ərzində rayondakı köməkçim vasitəsilə hər gün seçicilərimlə əlaqə saxlamışam, onlara lazım olan dəstəyin göstərilməsinə çalışmışam. Eyni zamanda, hər hansı məsələ ilə bağlı elektron poçtuma daxil olan müraciətlərə görə, müvafiq addımlar atmışıq və bu istiqamətdə fəaliyyətimiz davam edir. Müraciətlərin hamısına diqqətlə yanaşıram, imkan daxilində köməklik göstərirəm, həlli bizdən asılı olmayan məsələlər barəsində də aidiyyəti orqanlara müraciət edirik. Şəki şəhərinin rəhbərliyi sağ olsun, bu və digər seçici problemi ilə bağlı müracətlərimizə dərhal reaksiya verilir və məsələlərin həllinə yardım göstərilir. Onu da deyim ki, karantin rejimi dövründə təmsil olunduğum dairədə yaşayan aztəminatlı ailələrə, yüzdən çox seçiciyə yardımlar etmişik.

- Parlamentin iclaslarında aktivsiniz, çıxışlar edirsiniz. Eyni zamanda, iclasdankənar birbaşa Milli Məclis rəhbərliyi ilə ünsiyyət qurmaq imkanınız olur. Mətbuatda dərc olunmayan elə bir məsələ olubmu ki, parlament rəhbərliyi qarşısında qaldırasınız?

- Təbii ki, parlamentin işində aktiv iştirak edirəm, üzvü olduğum iki komitədə tez-tez iclaslarımız olur. Komitə iclaslarında çıxış etmişəm, təkliflər vermişəm. Plenar iclaslarda da həmçinin... Qeyd edim ki, yeni sədarət çox demokratik, ünsiyyət və müzakirəyə açıq insanlardır. Bu da çox sevindirici haldır.

- Vüqar müəllim, həm də hüquqşünassınız. Azərbaycanda hüquq sahəsində hansı təkmilləşmələrə ehtiyac duyursunuz?

- Bildiyiniz kimi, Prezident İlham Əliyevin ötən il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmana uyğun olaraq, ölkəmizdə məhkəmə-hüquq sistemində də əsaslı islahatlar həyata keçirilir. Xatırladım ki, bu fərmanda vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının daha da artırılması, sahibkarlıq fəaliyyəti subyektlərinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və mübahisələrin məhkəmədənkənar həlli mexanizmlərinin təşviqi, hakimlərin sayının artırılması və s. məsələlər əsas hədəf kimi götürülüb. Yəni, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çoxsahəli islahatlar məhkəmə-hüquq sistemini də əhatə edir. Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bu məqama diqqət çəkdi. Dedi ki, biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və Azərbaycanın gələcək dayanıqlı inkişafını şərtləndiririk.

Prezident “Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq” dedi. Yəni, göründüyü kimi Azərbaycanda hüquq sahəsində təkmilləşmələr və islahatların aparılması davamlı xarakter daşıyır.

- Son zamanlar Azərbaycanda məmurların korrupsiya əməliyyatları ilə bağlı həbsi barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən islahatlar çərçivəsində prokurorluq orqanlarının qarşısında qoyduğu mühüm vəzifələrdən birini xatırlatdı. Dövlət başçısı bildirdi ki, indiki şəraitdə ölkəmizdə şəffaflığın artırılması, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi qarşıda duran vəzifələrdəndir. Bu, heç də təsadüfi deyil. Çünki Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin sistemli xarakter daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bütövlükdə bu məsələdə daha səmərəli nəticələr əldə olunmasını şərtləndirib.

Bildiyiniz kimi, son 16 ildə Prezident İlham Əliyevin qətiyyəti sayəsində respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib. Fəaliyyətində korrupsiya və rüşvətxorluq kimi əməllərə yol verənlərin ifşa edilərək qanun qarşısında cavab vermələri üçün addımlar atılıb. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin son vaxtlar həyata keçirdiyi xüsusi əməliyyatlar nəticəsində fəaliyyətində korrupsiya və rüşvətxorluq kimi mənfi hallara yol verən məmurların, o cümlədən bələdiyyələrin rəhbər şəxslərinin qanundankənar əməlləri ifşa edilib. Lakin bu, son deyil. Bundan sonra da bu cür əməllərə yol verənlərə qarşı sərt cəza tədbirləri görüləcək. Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə prokurorluq orqanları daha fəal iş aparmalıdırlar. Hesab edirəm ki, yeni baş prokuror vəzifəsinə məhz Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Kamran Əliyevin təyin edilməsi də dövlətimizin korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmaq əzmini bir daha nümayiş etdirdi.

- Siz həm də idmançısınız. Bu barədə də məlumat verməyinizi istərdik...

- Bəli, peşəkar idmançı da olmuşam. Mən karate-do üzrə 5-ci dan, taekvondo üzrə isə 2-ci dan qara kəmər sahibiyəm. Eyni zamanda, karate üzrə Avropa çempionu, dünya üçüncüsü, beynəlxalq dərəcəli hakiməm. Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adını daşıyıram. 

Prezident gənclərlə görüşündə həmişə deyir ki, idmanla məşğul olun, sağlam olun. Həqiqətən də insanların sağlam həyat tərzi sürməsində bədən tərbiyəsi və idmanın rolu əvəzsizdir. Mən də arzu edirəm ki, ölkəmizdə gənclər həm təhsilə, həm də idmana hər zaman dərindən maraq göstərsinlər.

Aqşin Kərimov

0.10620903968811