Azərbaycanda dini və milli-etnik ayrı-seçkilik mövcud deyil

BBMM multikulturalizm sahəsində dünyanın tanınmış araşdırma mərkəzlərindən biri kimi fəaliyyət göstərir

Multikulturalizmin Azərbaycan modelinin istər ölkəmizdə, istər keçmiş postsovet məkanında, istərsə də dünyanın digər bir çox ölkələrində təbliği və təşviqi istiqamətində çox mühüm işlər görən qurumlardan biri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir (BBMM). Mərkəzin yarandığı gündən həyata keçirdiyi məqsədyönlü layihələr, bu gün ölkəmizdə mövcud olan multikultural və tolerant mühitin bütün dünyada tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.   

Belə tədbirlərdən biri də Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan "Mənim üçün Azərbaycan multikulturalizmi nə deməkdir?" mövzusunda videoişlərin Ümumukrayna müsabiqəsinin keçirilməsidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən təşkil olunan bu müsabiqə artıq sona çatıb və qaliblərin adları elan olunub.

M.P.Draqomanov adına Milli Pedaqoji Universitetini təmsil edən Yuliya Qavrilko müsabiqənin ən yüksək mükafatına layiq görülüb. İkinci yerə T.Q.Şevçenko adına Kiyev Milli Universitetinin tələbəsi Sofiya Nazarova sahib çıxıb. Üçüncü yeri isə Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin təmsilçisi David Qogiya və Kiyev Mədəniyyət Universitetinin tələbəsi Emil Musayev bölüşüb. Müsabiqənin qaliblərinə fəxri fərmanlar və müxtəlif hədiyyələr təqdim olunub.

Müsabiqə barədə danışan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icrası direktoru Rəvan Həsənov qeyd edib ki, multikulturalizm Heydər Əliyev irsinin ayrılmaz hissəsidir və Azərbaycan multikulturalizm və tolerantlıq siyasətinə daim sadiq qalıb: "İdentiklik, nifrət və dözümsüzlüklə bağlı münaqişələrlə dolu olan dünyada ölkəmiz  multikulturalizmin mayakı kimi tanınıb. Azərbaycan sübut edib ki, xalqlar mühüm və dəyişməz mədəni plüralizm alqoritminin köməyi ilə əməkdaşlıqda nailiyyət əldə edirlər. Bu, narahat dünyada münaqişəsiz həyata köklənən Azərbaycanın uğurlarını təmin edən amillərdən biridir. Cəmiyyət belə sağlam yanaşmanı nəinki dəyərləndirir, həm də dəstəkləyir. Çünki qarşılıqlı anlaşma, səmimilik və dialoq daim sabitliyin açarı olub və olacaq. Azərbaycanın milli siyasətinin patriarxı Heydər Əliyev bunu yüksək qiymətləndirib, özünün enerjisi və müdrikliyi ilə dəstəkləyib".

BBMM-nin Ukrana təmsilçisi, müsabiqənin kuratoru Marina Qonçaruk isə bildirib ki, tələbələr müsabiqənin şərtlərinə əməl etmək üçün böyük fəallıqla çalışdılar və öz məqsədlərinə çatdılar. Bunun əsas səbəblərindən biri də həmin tələbələrin təhsil aldıqları universitetlərdə Azərbaycan multikulturalizminə dair müsabiqənin keçirilməsi ilə bağlı geniş məlumatlandırma kampaniyasının təşkil olunmasıdır: "Ukraynanın müxtəlif guşələrindən olan gənclərin Azərbaycan haqqında geniş biliklərə malik olması bizi çox sevindirdi. Onlar da öz nöbələrində Azərbaycan multikulturalizmi konsepsiyası barədə daha çox məlumat əldə etmək istədiklərini nümayiş etdirdilər. Bu, həm də ölkələrimiz arasında dostluq əlaqələrinin, qarşılıqlı əməkdaşlıq perspektivlərinin çox böyük potensialının olduğunu sübut edir".

Müsabiqənin qalibləri də belə bir tədbirin təşkilinə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə minnətdarlıqlarını bildiriblər. Qaliblərdən biri olan David Qogiya Ukrayna gəncləri ilə sıx əməkdaşlığa, Azərbaycan multikulturalizmi konsepsiyasının öyrənilməsi və Azərbaycanda beynəlxalq multikulturalizm məktəbləri ilə tanış olmaq fürsəti qazandığına öorə böyük məmnunluq hissi keçirdiyini bildirib: "Mən bir ukraynalı gürcü kimi, tolerant mühitdə yaşadığıma görə çox şadam. Bu mühitdə hamı Azərbaycan multikulturalizmi konsepsiyasını maraqla öyrənir, mədəniyyətlərarası və dinlərarası dialoqdan bəhs edirlər. Mən beynəlxalq münasibətləri öyrənirəm və hesab edirəm ki, belə informasiyalar mənim üçün çox mühümdür. Minnətdaram ki, müsabiqə çərçivəsində Azərbaycan multikulturalziminin mənim üçün nə demək olduğu barədə danışmaq imkanım oldu".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı fəaliyyəti bununla bitmir. Mərkəzin yaxından dəstəyi ilə burada Azərbaycanın və Azərbaycan-Ukrayna əlaqələrinin tarixi haqqında xüsusi toplu nəşr olunub. Bu nəşr tarixçi-alim, Taras Şevçenko adına Kiyev Milli Universitetinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti, tarix elmləri namizədi Oleq Kupçikun tərtibatı ilə işıq üzü görüb.

Nəşr barədə danışan Oleq Kupçik deyib ki, bu, onun Azərbaycana həsr olunan ilk yox, növbəti nəşridir və belə nəşrlər Azərbaycanın Ukraynada populyarlaşmasına və ölkələr arasında əlaqələrin inkişafına xidmət edir: "Mən çox şadam ki, Azərbaycan mövzusu, o cümlədən Azərbaycan multikulturalizmi konsepsiyası tədqiqatçılar və alimlərlə yanaşı, tələbələri də çox maraqlandırır. Buna görə də, bu istiqamətdə tədqiqat fəaliyyətimi davam etdirəcək, həmçinin bu işə yeni alimləri və tələbələri cəlb etməyə çalışacağam".

Tarixçi-alim  qeyd edib ki, nəşrə həm azərbaycanlı (A. Dəmirov, İ. Niftəliyev, X. Qəhrəmanova), həm də ukraynalı tədqiqatçıların (O. Vasılyuk, M. Qonçaruk, A. Dudnik, N. Zub, O. Kupçik, Y. Kupçik, Y. Pilipçuk, N. Teres) araşdırmalarının nəticələri, eyni zamanda Universitetin tarix fakültəsinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının "Şərqşünaslıq" təhsil proqramı üzrə ixtisaslaşan tələbələri K.Krisak, Y.Muqumov, M.Stesenko və D.Verbitskayanın Azərbaycan multikulturalizmi haqqında elmi məqalələri daxil edilib. Onlar topluya Azərbaycan tarixinə, həmçinin Azərbaycan-Ukrayna münasibətlərinin siyasi-iqtisadi və sosial-mədəni aspektlərinə aid çox maraqlı məqalələr təqdim ediblər. Hesab edirik ki, bu topluya daxil edilən materiallar müəllimlər, tələbələr, həmçinin Azərbaycan tarixi və Azərbaycan-Ukrayna münasibətləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün böyük maraq kəsb edəcək.

Yuxarıda qeyd etdik ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) təkcə ölkəmizdə və keçmiş postsovet məkanında deyil, həm də bir çox xarici ölkələrdə Azərbaycan multikulturalizminin təbliği istiqamətindəki fəaliyyətini daha da genişləndirib və möhkəm əlaqələr yarada bilir. Bu əlaqələr Mərkəzin xarici ölkələrdə multikulturalizmin təbliği və tədrisi ilə bağlı həyata keçirdiyi işlərlə yanaşı, həm də bu sahədə aparılan tədqiqatlarda mühüm rol oynayır. Çünki BBMM artıq multikulturalizm sahəsində dünyanın tanınmış araşdırma mərkəzlərindən biri kimi fəaliyyət göstərir və tanınır.

Multikulturalizm Mərkəzi ilə Avstraliyanın Qriffit Universiteti arasında anlaşma memorandumunun imzalanması da, bu fəaliyyətin nəticəsidir. Bu anlaşmaya görə, əməkdaşlıq münasibətləri universitetdə fəaliyyət göstərən Dinlərarası və Mədəni Dialoq Mərkəzi vasitəsilə həyata keçirilir. Anlaşmada qarşılıqlı elmi fəaliyyət, mədəni mübadilə, birgə elmi tədqiqatların aparılması və təhsil sahəsində əməkdaşlığın digər formaları üzrə birgə layihələrin həyata keçirilməsi də öz əksini tapıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizminin dünyada təbilğ və tanıdılması istiqamətində gördüyü qlobal işlərə baxmayaraq, hələ də bizə qarşı qərəzli mövqedə olan təşkilatlar da yox deyil.

Belə ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCIRF) növbəti illik hesabatını yayıb və ABŞ Dövlət Departamentinin xüsusi nəzarət üçün təklif edilən ölkələr siyahısına Azərbaycanın da adı əlavə olunub. Onu da diqqətinizə çatdıraq ki,  bu komissiya öz fəaliyyətində bir sıra ölkələrə qarşı qərəzli yanaşması ilə tanınır. Son hesabatda dini azadlıqların qorunması sahəsində Azərbaycanın qonşu ölkələrdən daha çox nailiyyətlər əldə etdiyi qeyd olunsa da, eyni zamanda ötən illərdə olduğu kimi, bu dəfə də hesabatın Azərbaycana aid hissəsində bəzi qeyri-obyektiv və həqiqəti əks etdirməyən məqamlar öz əksini tapıb.

Təqdirəlayiq haldır ki, komissiyanın 9 üzvündən biri olan Coni Mur bu qərəzli yanaşma ilə razılaşmayıb, öz xüsusi rəyini açıqlayıb və  onun bu mövqeyi də hesabata daxil edilib.

Komissiya üzvü Coni Mur Azərbaycanın adının bu hesabata daxil edilməsini düzgün hesab etməyib. O, bunu belə əsaslandırıb ki, Azərbaycanda, ümumiyyətlə dini ayrı-seçkilik mövcud deyil. Dünyanın bir çox yerlərindən fərqli olaraq burada islam dininin sünni və şiə məzhəbinə aid insanlar heç bir narahatlıq keçirmədən birlikdə ibadət edirlər. Yevangelist və Rus Pravoslav dininin təmsilçiləri də birlikdə dini ayinləri icra edir. Azərbaycan yəhudi icmasının tam azad və təhlükəsiz şəraitdə yaşadığı çox nadir ölkələrdən biridir. O, həmçinin qeyd edib ki, Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, burada hətta hindu liderləri də böyük sayğı ilə qarşılanıb. O, Azərbaycanın İsraillə ictimai və diplomatik əlaqələrinin olmasını da xüsusi qeyd edib. Coni Mur sonda Ermənistanla Azərbaycan arasında sülhün tezliklə əldə olunmasının zəruriliyini də komissiya üzvlərinin diqqətinə çatdırıb.

Onu da xüsusi qeyd etmək vacibdir ki, C. Murun sözügedən prinsipial və obyektiv mövqeyi USCIRF-in illik hesabatının əlavəsi kimi dərc olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) son illərdə gördüyü ən mühüm işlərdən biri də odur ki,  "International Journal of Multiculturalism" (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı yeni beynəlxalq elmi jurnal artıq işıq üzü görüb. İldə iki dəfə - aprel və oktyabr aylarında ingilis dilində nəşr olunacaq jurnalın saytı (bimc-ijm.com) da fəaliyyətə başlayıb. Bütün beynəlxalq standartlara cavab verən "International Journal of Multiculturalism" jurnalı regionda bu istiqamətdə ilk elmi nəşr hesab olunur. Elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşdırılıb.  Jurnalın ilk nömrəsi BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullanın yazdığı ön sözlə başlayır. Elmi nəşrdə Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun və bu sahədə bir çox digər xarici araşdırmaçı-alimlərin multikulturalizm mövzusunda məqalələri yer alıb.

Yazının hazırlanmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) məlumatlarından istifadə olunub.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.13321185112