Rüşvət - zərdabı olmayan zəhərdir

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

Bu zəhərdən salamat qurtaran hələ tapılmayıb

Ölkədə məmurların həbsinə start verilməsi sadə vətəndaşlara çox müsbət təsir göstərir. Xalq içərisində ölkə Prezidentinin reytinqi bu həbslərin fonunda çox yüksəlib. Ölkədə yaşayan insanlar məmura, həkimə, müəllimə, polisə, hakimə verdiyi rüşvətlə korrupsiyanın içində üzür. Bir az da incələsən, insanlar korrupsiyanı böyük, rüşvəti isə kiçik məmurlara ödəniş sayırlar. Bir neçə gün öncə Kəlbəcərə icra başçısı təyin edən Prezident son günlərin sensasiyası sayılacaq bir ifadəni ilk dəfə dilə gətirdi: – “Hər addımı cinayət, hər addım rüşvət”- dedi! Əhali ölkədə baş verənləri rüşvət və korrupsiya ilə mübarizədə ən qaçılmaz və zəruri hal sayır. Maraqlısı odur ki, ölkədə baş verən həbslər dünyada da müsbət qarşılanır. Korrupsiyaya və rüşvətə qarşı mübarizəyə görə də indi dünyada analoqu olmayan ölkəyə çevrilirik.

Əslində, bu hadisələr xeyli suallar doğurur. Doğrudanmı, əhalinin böyük əksəriyyəti milyardlarla manatı cibinə qoyanlar sarıdan narahatlıq keçirir? Əgər narahatlıq varsa, xalq niyə məmurlara qarşı kütləvi mübarizəyə qalxmır? Kiminsə nazir-oliqarxın, məmur-oliqarxın pulunu xəyalən sayıb, köks ötürmək bizim camaatın çoxdankı şakəridir...

Bu məmləkətdə yaşayanlara bir sual ünvanlayaq: rüşvət verməyib, bu ölkədə xoşbəxt yaşayan bircə Allah bəndəsi varmı? Varsa, bilin ki, zəmanəmizin qəhrəmanı da elə o adamdır. Az qala yarım əsrdir ki, hər qapını döyəndə, rüşvət verməyə o qədər öyrəncəli olmuşuq ki, manat-manat ödədiyimiz bizi yandırmır. Yalnız milyona, milyarda çatanda əsəbləşirik.

Məmləkətdə insanlar kiminsə qəzəbinə tuş gəlməmək üçün korrupsiya sözünü heç dilinə də gətirmirdi, amma indi ürəkləniblər. Bizim davamız rüşvətlədir. Haradasa bir nəfərdən təqaüdə görə 300-500 manat alanın həbs olunduğunu, müəllimin tələbəyə qiymət yazanda aldığı yüz manata görə damlandığını eşidəndə əvvəlcə gülüb, sonar da əsəbləşirdik ki, bu nədir, milyonları qatlayıb cibinə qoyan nazirlər, icra başçıları, prokurorlar, rəislər, hakimlər ölkədə rüşvət atını oynadır, balaca rüşvətxorları həbs edirlər?! Bizim lap yuxarıda, əlçatmaz ucalıqda kef-damaq içində yaşayan oliqarxlarımızın başına necə sığal çəkildiyini görürdük, az almağın cəzasının da belə ağır olmasına yanırdıq.

Buna görə də camaatın əksəriyyəti korrupsiyadan, rüşvətdən çox narazıdır. Əslində, rüşvət indi həsrətini çəkdiyimiz keçmişin, korrupsiya isə müstəqil Azərbaycanın ayağına çəkilən bəzəkdir. Bizim özümüzün də yarımız keçmişə, yarımız da indiyə oxşayırıq.

Eşitdiyimə görə, həbs olunan məmurlar deyib ki, rüşvətlə korrupsiya bizi daha “xoşbəxt gələcəyə doğru aparırdı, amma fələk qoymadı.” Bu binəvalar rüşvətin, korrupsiyanın zəhər olduğunu hələ də anlamayıblarmış. Rüşvət və korrupsiya elə dəhşətli zəhərdir ki, onunla “xöşbəxt həyat” quracağını düşünən insanların bütün nəslini, gələcəyini və axirətini məhv edir.

Xatirimdə bir hadisə hələ də qalır. Sovet dönəminin sonunda yol kənarlarında asılmış təbliğat plakatlarında yazırdılar: “ Haramı evinə aparma, halalı da aparar!” Halbuki bu plakatları yazıb yol kənarına asanlar, plakatı asıb qurtarandan sonra həmin plakata görə məmurlardan rüşvət alırdılar və özləri öz şüarlarının əleyhinə gedirdilər, həm də evlərinə haram, zəhər aparırdılar. Belə - belə zəhərləndilər və SSRİ deyilən nəhəng dövlət çürümüş ağac kimi çökdü, qarşısını ala da bilmədilər. Çünki haramın-zəhərin qarşısında heç bir qüvvənin bu günə kimi dayana bildiyini görən olmayıb və bundan sonra da olmayacaq, bilin.…

İndi həbs olunmuş məmurlar haram-zəhər yemək üçün bütün həddləri o qədər aşıblar ki, hətta koronavirus pandemiyasından əziyyət çəkən, bir tikə çörəyə möhtac olan insanlara kömək üçün dövlətin ayırdığı maddi yardımı mənimsəməkdən abır-həya belə etmədilər və acların 190 manat yardımına da göz dikdilər və nəticədə məhbəsə atıldılar!

Yuxarıda rüşvətxor məmurların həbs olunmasının xalqın sevincinə səbəb olmasını qeyd etdim. Onu da qeyd edim ki, xalq sevinməklə bərabər, həm də nigarandır. Xalqın nigarançılığın əsas səbəbi isə hələ də vəzifə kürsüsündə əyləşmiş minlərlə rüşvətxor məmur barəsində hansı tədbirlərin görüləcəyi barədə ortada olan qeyri-müəyyənlikdir. Xalq ölkə Prezidentinin rüşvət və korrupsiyanı ləğv etmək məqsədilə başladığı işi uğurla sona çatdırmasını arzu edir. Xalq arzulayır və istəyir ki, ölkə rüşvətxorluq və korrupsiya bataqlığından birdəfəlik çıxsın və insanlar normal ölkədə yaşadıqlarından məmnun olsunlar.

0.11800312995911