Ünvanlı...

Hər dövrün öz hokmü, keçilməyən şərtləri var

 İnsan Allahın yaratdığı ən ali varlıqdır. O, bütün yaradılmışlar arasında şərəfli olmaq qabiliyyətilə bərabər, həm də, mürəkkəb xarakterə malikdir. İrsi xüsusiyyətlərilə yanaşı, həyatda qazandıqları da çoxdur. Dost olacaq, seviləcək, hörmət bəslənəcək insanda axtarılan bir çox əsas xüsusiyyətlər var. Fədakarlıq, həssaslıq, incə düşüncə tərzi, mərhəmət, ağıl, diqqət, dürüstlük, vəfa və ya sədaqət kimi xüsusiyyətlərin hər birinin qarşı tərəfdə yaratdığı fərqli təsirləri vardır. Əlbəttə, hər bir insan dost olacağı şəxsin sadaladığım bu gözəl xüsusiyyətlərin hər birinə mükəmməl şəkildə sahib olmasını istəyir. Bəzən, bu xüsusiyyətlərin hər hansı birinin əksikliyinə o qədər əhəmiyyət verilməyə də bilər.

Şəxsin gözəl xüsusiyyətlərindən biri də, digər istiqamətlərdə olan əksikliklərini örtərək, aradan qaldırmağa çalışmasıdır. Müəyyən müddətdən sonra bu yöndəki əksikliklərin düzələcəyinə ümid edərək, bəzi çatışmazlıqları görməzlikdən gəlmək lazımdır. Ümumiyyətlə, insan, dost olacağı şəxsdə axtardığı bu xüsusiyyətlərdən lazım gəldikdə imtina edə bilər. Çünki dost olduğun insanın mənfi xüsusiyyətlərinə ciddi yanaşsan, dost tapa bilməyəcəksən. İdeal insan, ideal dost olmaq üçün özün də ideal olmalısan. Axı sən özün də ideal deyilsən!

Həyatda hər şey nisbi olduğuna görə, dostluq və etibar kimi xüsusiyyətləri də bu qəbildən saymaq olar.

Ancaq insanda bəzi xüsusiyyətlər də var ki, dost seçəcəyin insanda olması mütləqdir, heç vaxt imtina edilməyəcək və çatışmazlığı gözardı edilməyəcək dərəcədə vacibdir. Bir insan, demək olar ki, bütün sahələrdə mükəmməl xüsusiyyətlərə sahib olsa da, vacib bir xüsusiyyətin əksik olması, o insanla dərin dostluq bağlarının qurulmasına ciddi əngəl törədə bilər. Bu vacib xüsusiyyətlər inam və etibardır.

Allahın Qurani-Kərimdə Cənnətə qəbul edilən möminlərin ilk olaraq eşidəcəkləri sözün "Oraya sağ-salamat və xatircəmliklə daxil olun!" şəklində olacağı vəd edilib. Bu da insanların arzularından birinin, özünü təhlükəsiz hiss edəcək, inandıqları kəslərin əhatəsində olacaqlarına işarədir.

Məhz elə buna görədir ki, insan dünya həyatında da, ciddi şəkildə inam axtarışındadır.

Yaşayacaqları evi, iş yerlərini, məktəbi və s. seçərkən onlar üçün ən əsas şərt təhlükəsizliyin olmasıdır. Bütün həyatlarını bu istiqamətdə yönləndrərkən, əlbəttə ki, dostlarını seçərkən də ən diqqətli olduqları məqam yenə inam, etibardır.

Bir kəslə sözün həqiqi mənasında dost olmaq, ona həyatını əksikliklərilə, gözəlliklərilə, nemətlərilə dürüstcə açmaqdır. Həqiqi dostluq heç bir sirr saxlamadan, tədbir alma və ya gizlətmək məcburiyyəti hiss etmədən, içdəki ən dərin duyğulara qədər, heç yerdə əngəl qoymadan, həmin şəxsi sirdaş etməkdir. Dost qarşı tərəfi inandırmağı bacarmalıdır ki, onun yanlışlıqlarını gördükdə  bir- birinə olan sevgisi, hörməti , inamı sarsılmayacaq.

Qarşıda bir gün, xüsusi ilə də hər iki tərəfin mənfəətləri toqquşduqda, bu şəxslərdən biri, heç vaxt qarşı tərəfin sədaqətsizliyindən, vəfasızlığından şübhə və narahatlıq keçirməməlidir.  Hər nə olursa- olsun, illərlə görüşməsələr belə, ölənə qədər bir daha danışmaq imkanları olmasa da, qəlbdə yaşanan səmimi sevgi və dostluqda heç bir dəyişiklik olmamalıdır ( səmimi sevgi olan yerdə ayrılıq olmur, ayrılıq olarsa deməli səmimi sevgi deyilmiş). Əleyhinə müxtəlif danışıqlar aparılsa, mənfi situasiyalar olsa, bunlara qarşılıq açıq sübutlar göstərilsə belə, bunların həmin şəxsə heç bir təsiri olmamalıdır.

Bir- birindən fərqli insanlar arasında belə inamın meydana gəlməsi isə əlbəttə ki, ancaq Allah qorxusu və dərin iman nəticəsində mümkündür ki, bu da hər özünə insan deyən kəsdə olmur!

 Dünyada bunun xaricində iki insan arasında həqiqi və sağlam dostluq, etibar anlayışının qurulması imkansızdır. İnsanların bir-birini sevmələri, bəyənmələri, sədaqət göstərmələri və ya inam bəsləmələri, yalnız müəyyən mənfəət ortaqlıqlarından qaynaqlanır. Bu mənfəətlərdəki ən kiçik dəyişiklik isə, sevgi, dostluq, etibar və inam iddialarının da bir anda ortadan qalxmasına səbəb olar.

Əgər iki insan dostluqlarını imana əsaslanan etibar və inam üzərində qurmuşlarsa, belə vəziyyətlə əsla qarşılaşmazlar. İnama əsaslanan həqiqi dostluq, dünya həyatında insanlara bəxş edilən ən böyük nemətdir. İnsanın sanki özü ilə qarşılaşarcasına, bir başqası yanında da eyni rahatlığı, eyni inamı yaşaması çox böyük nemətdir.

Dost olacaq insanda inam və etibar axtarışında olmaq, insanlar üçün vacib amillərdən biridir. Bir çox insan gözəl xüsusiyyətlərə sahib olsa da, digər tərəfdən inam bəsləniləcək kimi bir şəxsiyyət nümayiş etdirmədiyi müddətdə, iman şüurunda olan insan üçün bu şəxs, təmkinli olması lazım olan insandır. Əgər bir insan, özünə qarşı təmkinli olunmamasını, yanında rahat olunmasını, səmimi olunmasını istəyirsə, bunun üçün ən lazımlı ehtiyacın, qarşı tərəfə inam yaratmaq olduğunu bilməlidir.

 (Yoxsa ki, qarşılığında artıqlamasilə aldığı qulluğu, köməyi unudub, verdiyi quru çörəyin hesabın çəkməməlidir.)

Gözəl xüsusiyyətlərini daha da artıraraq, məsələn, çalışqansa, daha da çalışqan, mərhəmətlisə, daha da mərhəmətli və ya incə düşüncəlisə, daha da incə düşüncəli olmağa çalışar.  Bunun üçün əvvəl etməsi lazım olan, "necə edim ki, inam bəslənilən insan ola bilim?"- deyə düşünməli və bunun üçün əlindən gələni əsirgəməməlidir.

İnamlı insan Allahdan qorxub -çəkinməli,  Allahın rizasını dünyanın heç bir mənfəətinə dəyişməməli, Allahın sevgisini qazanmaq üçün hər cür çətinliyə tərəddüd etmədən sinə gərməli, Allahın əmrini həyata keçirərkən əsla zəiflik göstərməməli!

Belə bir əxlaqa sahib olan insan, nəfsini sanki tərk etmişdir. Allah rizası üçün sevdiklərini, dostlarını hər zaman öz nəfsinin önündə tutur.

Özünü təmizə çıxarmağın arxasınca qaçmır, qarşı tərəfi haqlı çıxarır,  xətanı, yanlışı özününküləşdirib, qarşı tərəfi qoruyan bir əxlaq göstərir.

İnam yaratmaq istəyən insan, birinci, mütləq "nəfsini tərk etmiş olmalı"dır. Nəfs sevgisini tərk etmədən, tam olaraq inam bəsləniləcək insan xüsusiyyəti göstərməsi qeyri- mümkündür. Hər zaman nəfsinin əsiri olan insan, heç kəs ilə əsl dost ola bilməz. Çünki "sevdiyi və dost olduğu insanmı, yoxsa öz nəfsimi?"- deyə bir seçim qarşısında qaldıqda, hər zaman qarşı tərəfi qoyub, mütləq özünü seçər. Nəfsini məmnun etməkdən əsla qurtula bilməyəcəkdir.

Həyatında səmimi dostluqlar qurmaq, həqiqi dostluğun gözəlliyini yaşamaq istəyən hər insan, bu haqda dərindən düşünməli, əxlaqını bu istiqamətdə bir daha gözdən keçirməlidir. İnam axtarışının əsas ehtiyac olduğu və bir insanın başqasında, imandan sonra axtaracağı xüsusiyyətlərdən birinin olduğu əsla unudulmamalıdır! Problemi başqa yerdə axtarmaqdansa, əsil ehtiyacın inam olduğunu nəzərə almalıdır insan.

Müqəddəs Quranda deyilən Cənnətə daxil olan möminlərin, oraya  "sağ-salamat və xatircəmliklə daxil olmaları" bildirişini, hansı ki, dünya həyatında da bu üstünlüyün əldə edilməsinin vacib olduğunu anlamaq gərək.

(Sözsüz, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar. (Onlara deyiləcək): "Oraya sağ-salamat və xatircəmliklə daxil olun!" (Hicr surəsi, 45-46).

Dostluğun, inamın və etibarın ailə həyatında çox böyük önəm daşıması təsadüfi deyil. O ailə ömrünü sona kimi uğurla, xöşbəxt yaşayır ki, ailəni təşkil edən cütlük arasında yuxarıda qeyd etdiyim müsbət insani xüsusiyyətlər güclü olsun. Hər bir ailənin möhkəmliyi ilk növbədə cütlük arasında dostluq, inam və etibar bağlarının möhkəmliyindən asılıdır. Gəlin, gənclərimizə tövsiyə edək ki, dostluğu güclü inam və etibar üzərində qursunlar, yoxsa həyatları boşuna gedər, axirətləri Cəhənnəm əzabına düçar olar.

Ünvanına çatması, bəzilərinin nəticə götürməsi ümidilə!

 Ardı var... 

Şahnaz Salehqızı
[email protected]

0.36192798614502