"Rəmzi əməkhaqqı" mərəzi

"Çak-çuk" bol olarsa, maaş nə lazım?

 Yəqin hamı şahiddir ki, Azərbaycanda "quru maaş" anlayışı məşhurdu. Kim bir-birindən hal-əhval tutursa, dərhal işi və maaşı barədə soruşur. Cavab gələndən sonra ki, filan qədər maaş alıram, ardınca "çak-çuk var?" - sualı gəlir. Burada bir haşiyə çıxım ki, artıq inkişaf etmiş, mədəni cəmiyyətlərdə adamdan söhbət əsnasında maaşı və gəlirləri barədə soruşmaq sadəcə olaraq qəbahət sayılır, nə yazıqlar ki, hələ bizim cəmiyyət o mərhələyə çatmayıb. Yeri gəlmişkən, bu təkcə mədəni səviyyə ilə bağlı deyil, həm də əhalinin ciddi gəlir problemləri var. Ona görə də dost-tanış bir-birindən hal-əhval tutanda cəmiyyətin ən yaralı yeri olan gəlirlərdən söhbət açır.

Qayıdaq mətləbə, cəmiyyətdə belə bir fikir otruşub ki, "quru maaşa" işləməklə ailə dolandırmaq mümkün deyil. Bu fikrin otruşmasına da əsaslı səbəblər var. Belə ki, əsasən dövlət idarələrində və dövlət şirkətlərində aşağı ranqlı məmurlara, iqtisadi fəaliyyətin əsas yükü çiyinlərində oturan aparıcı mütəxəssislərə rəmzi maaş verirlər. Maaş elə məbləğdə olur ki, onu verən qurum da bilir ki, bu maaşla ailə dolandırmaq nədi, heç həmin mütəxəssis şəxsi xərclərini belə qarşılaya bilməz. Məsələn, "Azərişıq" ASC, "Azərsu" ASC, "Azəriqaz" İB və s. kimi dövlət şirkətləri ailə başçısı olan aparıcı mütəxəssislərə 400-500 manat əmək haqı verir. Bu məbləğ həmin adamların sürdüyü maşının heç aylıq yanacaq xərclərini belə, qarşılaya bilməz, hələ biz avtomobilin amortizasiya xərclərindən söhbət açmırıq. Sösüz ki, bu mütəxəssislər də nə o xərcləri, nə də ailəsinin dolanışıq xərclərini başqa sahə hesabına ödəmir. Burada onların karına yuxarıda qeyd etdiyimiz "çak-çuk" gəlir. Yəni həmin mütəxəssislər dövlət büdcəsindən ayrılan və ya əhalidən yığılan vəsaitlərin bu və ya digər formada mənimsənilməsi hesabına öz yaşam xərclərini ödəmək məcburiyyətində qalırlar. Bu isə dövlət büdcəsinə həm baha başa gəlir, həm də heç o mütəxəssislərin də ürəyincə deyil ki, ailələrini haram gəlirlə dolandırsınlar. Həmin mütəxəssislər 400-500 manat əmək haqqı almaqlarına rəğmən, hansı yolla olursa-olsun ailəsinin və özünün dolanışığını təmin etmək üçün işlədiyi yerdən 2-3 min manat vəsait əldə edə bilir. Sözügedən şirkətlərdə işləyən hər bir əməkdaş da pulu çıxarmağı yollarını əzbər bilirlər.

Bu halda bir tərəfdən işin ağırlığını çiynində daşıyan mütəxəssisin əməyi rəsmən qeyri-adekvat, yəni ədalətsiz qiymətləndirilir - onun əməyinə düşən vəsaitin 20-30 faizini ödəməklə guya dövlət vəsaitinə qənaət edirlər, digər tərəfdən bu əməkdaş ailəsini dolandırmaq üçün ya işini dəyişməli, yada həmin işdə qeyri-rəsmi qazanc yerləri düzəltməli, kobud desək, oğurluq etməlidir. Başqa yol olmadığından, işsizliyin də ölkədə tuğyan etdiyini nəzərə alaraq, onlar ikinci variantı - iş yerində qeyri-rəsmi qazanc yerləri düzəltməyi üstün tuturlar.

Düşünürük ki, belə halların dövlət müəssisələrində baş verməsi daha pisdir, daha qəbahətdir. Çünki bu hal, həm də ölkədə "kölgə iqtisadiyyatı"na müəyyən töhfə verir. Artıq dövlətin nümunə göstərməsinin, öz şirkət, idarə və birliklərində belə hallara son verilməsinin zamanı çoxdan çatıb. Digər tərəfdən, sözügedən mütəxəssislər və əməkdaşlar dövlətdən oğurlamağın yollarını öyrənibsə, nə qədər oğurlamaq artıq onun vicdanı ilə nəfsinin mücadiləsindən asılı olan məsələdir. Ailəsini dolandırmaq üçün ona iki min lazım olsa da, imkan olan yerdə yüz min də oğurlayacaq ki, bu da dövlətə baha başa gəlir. Ona görə də dövlət müəssisələrində əməkdaşa ədalətli əmək haqqının verilməsinə başladıqdan sonra oğurluqların, qeyri-rəsmi gəlirlərin bütün mənbələrini aradan qaldırmaq gərəkir. Ölkədə orta aylıq əməkhaqqı 730 manatdırsa, aparıcı mütəxəssis nə üçün 400-500 manat əməkhaqqı almalıdır - sadə mütəxəssis orta aylıq əmək haqqı qədər, aparıcılar isə onun 3-4 misli qədər məvacib almalıdır. Bu yerdə bir məqamı da vurğulamaq yerinə düşərdi ki, işə qəbul məsələsində də nizam-intizam möhkəmləndirilməli, burada yeganə kriteriya mütəxəssisin qabiliyyəti olmalıdır. Qabiliyyətli mütəxəssisə isə onun işinə layiq əmək haqqı ödənilməlidir.

Bu istiqamətdə bir problem də işçi ilə idarəedicilərin əmək haqqı arasında fərqlər diqqət çəkir. Hər hansı bir dövlət şirkətinin regional idarəsinin rəhbəri 3-4 min manat, rayon şöbələri üçün 1,5-2 min manat, aparıcı mütəxəssis üçün isə 400 manat əmək haqqı nəzərdə tutulur. Göründüyü kimi aparıcı mütəxəssis regional rəhbərdən 7,5-10 dəfə, rayon şöbəsinin rəhbərindən 4-5 dəfə az maaş alır ki, bu da gözgörəsi ədalətsizlikdir.

Sonda bir məsələni də qeyd edim ki, Avropanın inkişaf etmiş ölkələrində tarixən bu cür mənfi ənənələri əvvəlcə dövlət şirkətlərində aradan qaldırıblar, sonra isə bunu özəl şirkətlərdən tələb etməyə başlayıblar. Təcrübə baxımdan ibrət götürüləsi ənənədir, Azərbaycanda da ilk növbədə rəmzi maaşlarla vidalaşmaq lazımdır, sonra isə bunu özəl şirkətlərdən tələb etmək məsələsi gündəmə gələcək. İnsanlar əməkhaqqı hesabına yaşamaq vərdişlərinə yiyələnməlidir, bunun üçün isə onlar real əmək haqqı almaq imkanlarına malik olmalıdırlar.

 Akif Nəsirli

0.10906505584717