Bayırdakı təhlükə...

Ondan necə qorunmalı?

 

 

Koronavirusla mübarizə istiqamətində indiyədək ölkədə müxtəlif qərarlar verilib, tədbirlər həyata keçirilib. Bununla bağlı mövcud karantin rejimi qaydaları hazırda nisbətən yumşaldılsa da, vəziyyət müəyyən həddə, hələ də kritik mənada öz aktuallığını saxlamaqdadır.

Karantindən sonrasını təsəvvür etmək üçün də uzağa getməyə ehtiyac yoxdur, onu hazırkı vəziyyətin timsalında təsəvvür etmək mümkündür. Çünki paytaxt əhalisi karantin rejimi bütövlükdə ləğv edilmiş kimi, hər gün küçədə-bayırdadır.

Əlbəttə, icazəylə iş-güc arxasınca gedənlərdən bəhs etmirik bu məqamda. İstisnaları da ötüb keçən bütöv paytaxt əhalisi virus təhlükəsinə əhəmiyyət vermədən, iş-güc arxasınca getmədən, nədənsə, küçələrdə sərbəst, arxayın, harasa tələsmədən gəzib-dolaşmaqdadr. Halbuki, əlaqədar sahələrin nümayəndələri, tibb mütəxəssisləri koronavirusun yeni dalğasını da istisna etmir, bu barədə xəbərlər verir, məlumatlar səsləndirirlər. Elə dünyadan gələn xəbərlərdə də bu məqam xüsusilə vurğulanır ki, üzümüzə gələn növbəti aylarda koronavirusun yeni dalğalarının olması tam mümkündür.

...Dalğalar həmişə sevinc gətirmir, onun “udduğu”nu təkcə yay mövsümündə görmək də istisna deyilmiş. İstənilən fəsildə “dalğa” adına namizədlə rastlaşmaq, onun qurbanına çevrilmək də mümkünmüş...

Koronavirus da böyük bir təhlükədir, onun qurbanına çevrilməmək üçün tətbiq edilən qayda-qanunlara, sosial təcridə, izolyasiya tədbirlərinə məhəl qoymayanda, yeni dalğalarla çarpışmaq da gərəkdir çətinlik törətməsin.

Çətini asan etmək isə kiminsə qüvvəsi xaricində deyil. Onun üçün azacıq iradə, bir qədər səbirli olmaq, sabah bayırda olmaq üçün bu gün evdə qala bilmək və s. və ilaxır gərəkir.

Zatən mümkünsüzün bəzisini mümkün etmək də insana xas xüsusiyyətdir. O zaman, ehtiyac olmadığı təqdirdə, vacib deyilsə, bayıra çıxmağa can atmaq nəyə və kimə lazımdır?

Lazım olmayan işlərdən biri də evlərdən və mənzillərdən edilən oğurluq, qarət hallarıdır. Özü də hazırkı dönəmdə. İnsanlarıın bir-birinə dayaq, kömək olmağa daha çox ehtiyac duyduğu mövcud vəziyyətdə, onların canına, malına qənim kəsilməyin adı heç də yaxşı səslənmir. Lakin onu da özünə, nəslinə-kökünə, ailəsinə, adına yaraşdıranlar var, çox təəssüf...

Karantin dövründə oğurluq hallarının birmənalı şəkildə dayanmadığını, davam etdiyini gələn xəbərlərdən eşidirik. Elə bugünlərdə istər paytaxtda, istərsə də, bölgələrdə evləri qarət edənlər barədə məlumatlar verilib, onların ev yiyələrinə nə qədər zərər vurduğu ictimailəşdirilib. Əlbəttə, bu məqamda təkcə maddi zərərdən bəhs etmirik. Oğurluq, qarət kimi mənfi hallarla məhz karantin dövründə məşğuliyyətin nə demək olduğunun az qismini yuxarıda qeyd etdim.

Bəli, bu vəziyyətdən, koronavirus pandemiyasından sonranın necə olacağını, bu dönəmdən necə keçməsini hər kəsin öz mənəviyyatına, psixologiyasına buraxaq. Yaşayarıq, görərik. Amma hazırda hamıdan tələb edilənə əməl etmək lazımdır ki, sözün hərfi mənasında yaşaya bilək...

Bir də ki, evindən, mənzilindən oğurluq olmasını istəməyənlər, qarətlə üzləşməyi arzulamayanlar əziyyət çəkib evdə qalmalıdır. Sözsüz ki, bu məqamla oğrulara, qarətçilərə haqq qazandırmıaq fikrində deyilik heç br vəchlə...

“Mülk Allaha məxsusdur” və onun içində də bayırdakı xəta-bəladan, təhlükədən qorunmaq olur. Koronavirusdan da...

 

Nigar Orucova 

0.23485398292542